TAM İmam Rza (ə) barədə bir neçə mətləb
Şeyx Abbas Qumi deyir: -”Burada bir neçə mətləbi də sizin nəzərinizə çatdırmağı lazım bilirəm”.
Birinci mətləb: İmam Əliyyən Nəqidən (ə) olan mötəbər bir hədisdə nəql olunur ki, əgər Allahdan istəyi olan hər kəs cəddim həzrət imam Rzanın (ə) Tus şəhərindəki qəbrini qüsl alaraq ziyarət etsə və qəbrin baş tərəfində 2 rəkət namaz qılıb, qunutda öz hacətini Allahdan diləsə, şübhəsiz ki, onun hacəti rəva olar. Əlbəttə ki, bu istək, günah bir işin həyata keçməsi və ya qohumlarla əlaqənin qırılması ilə nəticələnən bir istək olmamalıdır. Həqiqətən də o həzrətin dəfn edildiyi məkan, cənnət torpağındandır və onu ziyarət edən hər bir mömin bəndəni Allah Taala cəhənnəm odundan azad edib, cənnətə daxil edər.
İkincisi mətləb: Əllamə Məclisi, Şeyx Bəhayinin atası möhtərəm şeyx Hüseyn ibn Əbdüssəmədin əlyazması üzrə nəql edir ki, şeyx Əbut-Təyyib Hüseyn ibn Əhməd Fəqih Razi demişdir: -”Hər kim imam Rzanı (ə) və ya başqa məsum imamları ziyarət edib, onların ziyarətgahında “Cəfər Təyyar” namazını qılsa, bu namazın hər rəkətinə 1000 həcc və 1000 ümrə ziyarətinin savabı, habelə, Allah yolunda 1000 qul azad edən şəxsin və həqiqi peyğəmbərin arxasında 1000 cihadda iştirak edən döyüşçünün savabı yazılar. Bu şəxsin atdığı hər bir addıma 100 həcc və 100 ümrə ziyarətlərinin savabı və Allah yolunda 100 qul azad edən şəxsin savabı yazılar, habelə, onun 100 günahının üstündən əfv qələmi çəkilib, əvəzinə 100 savab yazılar.”
Üçüncü mətləb: Mühəvvəl Sicistani nəql edir ki, Məmun (l), imam Rzanı (ə) Mədinədən Xorasana çağırtdırdıqda, o həzrət, peyğəmbərin qəbri ilə vidalaşmaq üçün məscidə daxil oldu. O həzrət, bir neçə dəfə peyğəmbərin (s) qəbri ilə vidalaşdı. Belə ki, o, məsciddən xaric olduqdan sonra yenidən geri dönür və hönkürtü ilə ağlayırdı. Mən, o həzrətə yaxınlaşıb, salam verdim və o da salamın cavabını verdi. Mən, ona uğurlu səfər arzuladım. O həzrət buyurdu: “Məni ziyarət edin, çünki məni cəddimdən ayıracaqlar və mən, qürbətdə vəfat edib, Harunun (l) kənarında dəfn olunacağam.”
Şeyx Yusif ibn Hatəm Şami “Dürrün-nəzim” adlı kitabında deyir: “İmam Rzanın (ə) səhabələri nəql edirlər ki, o həzrət belə buyurubdur: “Mən, Mədinədən Xorasana doğru hərəkət etmək istədiyim vaxt əhli-əyalımı başıma toplayıb, mənim üçün ağlamağı onlara əmr etdim. Sonra onların arasında on iki dinar pulu bölüşdürüb, onlara dedim: “Mən bir daha ailəmin yanına geri dönə bilməyəcəyəm.” Sonra Əbu Cəfər Cavadın (ə) əlindən tutub, onu peyğəmbərin (s) məscidinə apardım və onun əlini əlimə alıb, qəbrin üzərinə qoydum və onu o mübarək qəbrə söykəyib, Allahdan dilədim ki, peyğəmbərə (s) xatir onu qorusun. Sonra bütün xidmətçilərimə ona itaət edib, onun əmrindən çıxmamalarını əmr etdim və onlara onun mənim canişinim olacağını başa saldım.”
Seyid Əbdülkərim ibn Tavus nəql edir ki, Məmun (l), həzrət imam Rzanı (ə) Mədinədən Xorasana çağırtdırdı. O həzrət, Mədinədən Bəsrəyə, Kufə yolu ilə deyil, başqa yolla hərəkət etdi və Bəsrədən də Kufə yolu ilə Bağdada, oradan da Qum şəhərinə doğru hərəkət etdi. Qum əhalisi o həzrətin pişvazına çıxdılar. Onlardan hər biri o həzrəti öz evində qonaq saxlamaq istədikləri üçün bir-biriləri ilə çəkişməyə başladılar və bunu müşahidə edən imam (ə) buyurdu: “Bu işdə mənim dəvəm bizə yol göstərəcəkdir və o harada yerə yatsa, mən, o evdə qonaq qalacağam.”
Xülasə, o həzrətin dəvəsi bir evin qapısı ağzında yerə yatdı və o evin sahibi də həmin gecə yuxusunda görmüşdü ki, imam Rza (ə) onun evinə qonaq gəlibdir. Bu hadisədən sonra hamı o məkana müqəddəs bir yer kimi yanaşdılar və indiki dövürdə orada mədrəsə tikilmişdir.
Şeyx Səduq özü İshaq ibn Rahəvəyhdən belə nəql edir: “İmam Rza (ə) Nişapur şəhərindən yola düşmək istədikdə hədis raviləri o həzrətin ətrafına toplaşıb, ərz etdilər: “Yəbnə Rəsulullah (ə), siz artıq bizdən ayrılırsınız. Bizim üçün bir hədis deyərdiniz ki, sizdən sonra həmişə ondan faydalanaq.” O həzrət başını kəcavədən çıxardıb, buyurdu: “Atam Musa ibn Cəfər (ə), öz atası Cəfər ibn Məhəmməddən (ə), o da atası Məhəmməd ibn Əlidən (ə), o da atası Əli ibn Hüseyndən (ə), o da atası Hüseyn ibn Əlidən (ə), o da atası əmiril-möminin Əli ibn Əbi Talibdən (ə), o da həzrət Rəsulullahdan (s) , o da cənab Cəbrayıldan eşitmişdir ki, Allah Taala belə buyurub: “Lə ilahə illəllahu hisni, fəmən dəxələ hisni əminə min əzabi.” (Yəni, “Lə ilahə illəllah” mənim qalamdır. Hər kəs mənim qalama daxil olsa, mənim əzabımdan amanda olar.) O həzrət bu hədisi deyib, hərəkət etdi və onun əyləşdiyi dəvə yola düşdükdə, bizi çağırıb, dedi: “Bi şurutiha, və ənə min şurutiha.” (yəni, müəyyən şərtlərlədir və mən, bu şərtlərdən biriyəm.)
Əbussəlt rəvayət edir ki, imam Rza (ə) Məmunun göndərdiyi dəstənin müşayəti ilə Dehsorxdan keçdiyi vaxt, ətrafındakı səhabələri ona dedilər: “Yəbnə Rəsulullah, zöhr çağıdır, namaz qılmaq istəmir¬siniz?” O həzrət miniyindən yerə enib, su istədi. Onlar dedilər: “Suyumuz qurtarıbdır.” Bu vaxt o həzrət, mübarək əli ilə yeri qazdı və yerdən su çıxmağa başladı. İmam (ə) və onunla olanların hamısı bu su ilə dəstəmaz aldılır və indiyədək də o bulaqdan su qaynayıb, çıxır. Həmçinin o həzrət, Sənabaddan keçdiyi vaxt oradakı dağa söykənib, bu duanı etdi: “İlahi, bu dağı faydalı bir dağa çevir və bu dağdan yonulmuş, hazırlanan əşyalara bərəkət ver!” Xatırlamaq istəyirəm ki, oranın əhalisi bu dağın daşlarından böyük qazanlar yonurdular. O həzrət göstəriş verir ki, onun üçün bu dağın daşından qazan yonsunlar və yeməyini də yalnız bu qazanlarda hazırlasınlar. Bu hadisədən sonra camaat qab-qacaqlarını o dağın daşından yondular və bu səbəblə də ruziləri bərəkətli oldu.
Dördüncü mətləb: “Mətləüş-şəms” kitabının müəllifi nəql edir ki, min altıncı (1006) ilin Zilhiccə ayının iyirmi beşi birinci şah Abbas müqədəs Məşhəd şəhərinə daxil oldu. O, mütəhhər hərəmdə qızıl zərihdən başqa bütün qızıl əşyaların Əbdülmömin xan Özbəki tərəfindən qarət edildiyini müşahidə edir. Şah Abbas Zilhiccə ayının iyirmi səkkizi Məşhəd şəhərindən Hərata gedir və oranı geri alıb, nəzm-intizamı bərqərar etdikdən sonra yenidən Məşhədə geri dönür. O, bir ay müddətində Məşhəddə qalıb, müqəddəs hərəmi təmir etdirdi və oranın xadimlərinə ehtiram bəsləyərək, onlara bəxşişlər verdi. Sonra o, İraqa geri döndü. Min səkkizinci ilin sonlarında şah Abbas bir daha Məşhədə səfər edib, qışı orada keçirdi. O, müqəddəs hərəmin xadimbaşı mənsəbini öz öhdəsinə götürdü. Bir gecə hərəmin şamlarını qayçı ilə kəsib, düzəltdiyi vaxt bu mənzərəni müşahidə edən şeyx Bəhayi (ələyhir rəhməh ) bu rübayini oxuyur:
«Yəni, ərşe-əlanın (göyün) mələkləri hər zaman, bu müqəddəs hərəmin şamlarının başına pərvanə kimi fırlanırlar. Ey xadim, qayçını ehtiyatla işlət, qorxuram ki, Cəbrayıl Əminullahın qanad izlərini aradan apararsan.»
1009 ildə isə Şah Abbas etdiyi nəzri əda etmək üçün payi-piyada Məşhədə ziyarətə gedir və bu uzaq yolu iyirmi səkkiz gün ərzində qət edir. “Tarixe aləm ara” kitabının müəllifi bu barədə aşağıdakı beytləri söyləmişdir: O, Məşhədə gəlib, imam Rzanın (ə) hərəmini genişləndirdi. O cümlədən, imamın mütəhhər qəbri yerləşən səhninə açılan “Əli şir” eyvanını – bu eyvan hərəmin bir küncündə yerləşdiyi üçün oranın xarici görkəmini eybəcərləşdirirdi – hərəmin ortasında yerləşdirdi və bu eyvanla üzbəüz hərəmin o biri tərəfində də başqa bir eyvan tikdirdi. Həmçinin şəhərin qərbindən şərqinə qədər bir yol saldırdı ki, hərəmin hər bir tərəfdən bu yola çıxış var idi. O, şəhərə su kanalları çəkdirdi və hərəmin ortasında böyük bir su hovuzu tikdirdi və su kanalı bu hovuzdan keçərək, yolun şərq tərəfinə axırdı. O, Mirza Məhəmmədrza Sədrul-kuttab, Əlirza Abbasi və Məhəmmədrza imaminin dəsti-xətti ilə kətibələr yazdıraraq, tikdirdiyi binaların üstündən asdırdı. Şah Abbas imam Rzanın (ə) günbəzini qızıl ilə örtdürdü, belə ki, hərəmin kətibəsində də onun bu əməli qeyd olunubdur. Bu barədə kətibədə aşağıdakı sözlər həkk olunmuşdur:
(Yəni (qısa şəkildə), Bismillahir rəhmanir rəhim. İlahinin ən böyük mərhəmətindəndir ki, ərəb və qeyri ərəbin şahı sultanı və imam nəslindən olan Əbu Müzəffər Şah Abbas İsfahandan həzrətin hərəminə gəlmişdir və özünün ən təmiz malından bu hərəmin günbəzini tikdirmişdir. 1010-ci h.q ildə başlamış, 1016-ci ildə qurtarmışdır.)
Beşinci mətləb: Şeyx Təbərsi “Əlamul-huda” adlı kitabında imam Rzazın (ə) bir sıra möcüzələrini sadaladıqdan sonra deyir: “İmam Rza (ə) şəhid olandan indiyədək onun müqəddəs hərəmində həm o həzrətin aşiqləri, həm də düşmənləri yenə də bu möcüzələrin və kəramətlərin şahidi olmaqdadırlar. Bu möcüzələri saymaqla qurtarmaq mümkün deyildir. Bu hərəmdə anadangəlmə kor və bərəs xəstələri şəfa tapmış, çox insanların duaları, istək və hacətləri müstəcab olmuş və saysız-hesabsız çətinliklər həll olmuşdur. Bizim əksəriyyətimiz bu möcüzələrin şahidiyik və buna tam yəqinimiz vardır.”
Möhtərəm şeyx Hürr Amili “İsbatul-huda” adlı kitabında Şeyx Təbərsinin bu cümlələrini nəql etdikdən sonra buyurub: “Qarşınızdakı bu kitabın müəllifi Məhəmməd ibnl Həsən Hürr isə deyirəm ki, mən şəxsən özüm Şeyx Təbərsi kimi, o həzrətin möcüzələrinin şahidi olmuşam və mən də, onun kimi yəqinə yetişmişəm. Mən, iyirmi altı ildir ki, Məşhəd sakiniyəm və bu müddət ərzində görüb, eşitdiyim möcüzələr təvatür (hədsiz həddə nəql olunaraq yəqinə yetişmişdir) həddindən keçibdir. İndiyədək yadıma gəlmir ki, mənim bu hərəmdə etdiyim bir dua müstəcab olmasın. Əlhəmdu lillah. O həzrətin möcüzələrinin hamısını sadalamaq kitabın həcmindən xaric olduğu üçün, mən, bu müxtəsər bəyanla kifayətlənirəm.”
Şeyx Abbas Qumi isə belə deyir: “Hər bir zamanda bu müqəddəs hərəmdə o qədər möcüzələr müşahidə olunur ki, artıq keçmiş dövürlərdə baş verən möcüzələri nəql etməyə ehtiyac duyulmur.
