TAM Rəcəb ayının on üçüncü gecəsi — Rəcəb ayı, 13-cü gecə
İmam Sadiq (ə) buyurub: «Allah bu ümmətə 3 dəyərli ay əta etmişdir ki, bunu əvvəlki ümmətlərə əta etməmişdir. Bu aylar rəcəb, şaban və ramazan aylarıdır. Allah bu ümmətə 3 gecə də əta etmişdir ki, bunu əvvəlki ümmətlərə əta etməmişdir. Bu gecələr ayın 13-cü, 14-cü və 15-ci gecələridir. Allah bu ümmətə 3 (fəzilətli və ali məzmunlu) surə əta etmişdir ki, bunu əvvəlki ümmətlərə əta etməmişdir. Bu surələr «Yasin», «Mulk» və «Tövhid» surələridir. Bu səbəbdən də hər kim bu 3 fəziləti bir yerə cəm etsə, bu ümmətə verilən ən yaxşı ətaları bir yerə cəm etmişdir». İmamdan (ə) soruşdular: «Bunlar bir yerə necə cəm edilir?» İmam Sadiq (ə) buyurdu: «Bu 3 ayın «ləyaliye beyz»ində («aydın gecələr» adlanan sözügedən üç gecədə) bu qaydada namaz qıl: 13-cü gecədə 2 rəkət namaz qıl və hər rəkətdə «Həmd» surəsindən sonra bu 3 surəni («Yasin», «Mulk» və «Tövhid» surələrini) oxu. 14-cü gecədə 4 rəkət namaz (iki rəkət-iki rəkət) qıl və hər rəkətdə «Həmd» surəsindən sonra bu 3 surəni oxu. 15-ci gecədə 6 rəkət namaz (iki rəkət-iki rəkət) qıl və hər rəkətdə «Həmd» surəsindən sonra bu 3 surəni oxu».
İmam Sadiq (ə) bu namazların savabı barədə buyurdu: «Kim bunu etsə, bu 3 ayın savabını əldə edər (bütün bu ayı dərk etmiş olar ) və Allah onun bütün günahlarını – şirkdən başqa – bağışlayar».[1]
Mənbə:
[1] Seyid ibn Tavus – İqbal, səh 655
