TAM Şaban ayı — Şaban ayının əlamətdar günləri
Şaban ayının fəziləti barədə bunu qeyd etmək yetər ki, bu ay «Peyğəmbər ayı» adlanmışdır. Üstəlik, Seyyiduş-şuhəda İmam Hüseynin (ə) və bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) mübarək mövludları bu aya təsadüf etdiyindən bu aya xüsusi şərafət bəxş etmişdir.
Həzrət Rəsulallah (s) Şaban ayının hilalını gördükdə göstəriş verərdi ki, bir carçı Mədinənin bütün küçələrində belə car çəksin: «Ey camaat, bu ay mənim ayımdır. Allah rəhmət etsin o kəsə ki, mənim ayım üçün mənə kömək edir, yəni oruc tutur.»[1]
Mərhum Muhəddis Qummi İmam Həsən Əskərinin (ə) təfsirindən Şaban ayının 1-ci gününün fəziləti barədə bir hədisi qeyd etmişdir. Əslində, bu fəzilət bütün Şaban ayına aiddir. Ali məzmuna malik bu hədis geniş olduğu üçün Muhəddis Qummi onu xülasələşdirib yazmış, biz də kitabın həcminə riayət etmək üçün onu bir daha xülasələşdirib qeyd edirik:
Əmirəl-möminin Əli (ə) Şaban ayının 1-ci günü məsciddə əyləşib qəzavü-qədər barədə əsassız sözlər danışıb ucadan mübahisə edən bir dəstəni müşahidə edir və onlara buyurur: «Bu söhbətlərdən əl çəkin! Bu gün Şaban ayının 1-ci günüdür. Bu ay ona görə «Şaban» adlanıb ki, xeyir işlərin şöbə və şaxələrinin mərkəzidir: namaz, oruc, zəkat, əmr bil-məruf və nəhy ənil-munkər, ata-anaya və qonşulara yaxşılıq, ehtiyaclılara ehsan, küsülüləri barışdırmaq və bu kimi başqa xeyir işlər.»
Sonra İmam Əli (ə) Həzrət Rəsulallahın (s) bir hədisini bəyan etdi. Bu hədisin xülasəsi belədir:
Həzrət Rəsulallah (s) buyurmuşdur: «Şaban ayının 1-ci günü olduqda Allah əmr edir ki, cənnətin qapıları açılsın. Tuba[2] ağacına əmr edər ki, öz şaxələrini dünya camaatına yaxınlaşdırsın və Allah tərəfindən olan bir carçı car çəkər ki, Tuba ağacının şaxələri sizin əlinizin altındadır. Onlardan tutun ki, sizi Cənnətə tərəf aparar. Zəqqum ağacının şaxələrindən uzaq durun və onlardan tutmayın ki, sizi Cəhənnəmə tərəf sürükləyər.»
Həzrət Rəsulallah (s) daha sonra buyurdu: «Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kim bu gün xeyir işlərdən birini yerinə yetirsə, Tuba ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cənnətə tərəf aparar. Hər kim bu gün şər işlərdən birini yerinə yetirsə, Zəqqum ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cəhənnəmə tərəf sürüklüyər.»
Sonra o Həzrət (s) Tuba ağacının şaxələrindən tutmağın bir neçə nümunəsini sadalayaraq buyurdu: «Hər kim bu gün (vacib namazlardan əlavə) müstəhəb namaz qılsa, yaxud oruc tutsa, yaxud ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını düzəldib barışdırsa, Tuba ağacının şaxələrinin birindən tutmuşdur. Həmçinin, əgər bir kəs camaata olan borcunu ödəsə, bir yetimi himayəsinə götürsə, dayaz düşüncəli bir şəxsin camaatın abır və heysiyyətinə xələl gətirməsinin qarşısını alsa, Quran oxusa, Allahın nemətlərinə şükür etsə, bir xəstəyə baş çəksə, ata-anaya yaxşılıq etsə, bir möminin dəfnində iştirak etsə, ümumiyyətlə, hər hansı bir xeyir iş görsə, Tuba ağacının şaxələrinin birindən tutmuşdur.»
Daha sonra Həzrət Rəsulallah (s) buyurdu: «And olsun məni peyğəmbərliyə seçən kəsə ki, hər kəs bu ay şər və günah qapılarından birinə tərəf getsə, Zəqqum ağacının şaxələrinin birindən tutmuşdur: hər kim vacib namaza qarşı səhlənkarlıq etsə, öz çətinliyini açıqlayıb kömək istəyən ehtiyaclı şəxsə imkanı ola-ola kömək göstərməsə və ona əl tutmasa, ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını vurub onların arasında ixtilaf yaratsa, camaata olan borcunu inkar etsə, yetimlərin qayğısını çəkməkdən boyun qaçırsa, fəsad məclislərinin xanəndələrinin yanına getsə, öz zülmlərini və günahlarını dilə gətirib onlarla fəxr etsə, xəstə qonşusuna baş çəkməsə, ata və anasını özündən narazı salsa… Bütün bunların hamısı Zəqqum ağacının şaxələrindən tutmaqdır.»[3]
Bu hədis xoşbəxtlik və bədbəxtlik yollarını bir mənəvi misal şəklində bəyan edir.
Şaban ayının fəzilətləri barədə və bu ayda edilən ibadət və itaətlərin savabları barədə çoxlu hədislər mövcüddür. Yalnız bəzilərin qeyd etməklə kifayətlənirik .
Peyğəmbər bu ayı oruc tutardı və mübarək Ramazan ayına birləşdirərək buyurardı: «Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar». İmam Sadiqdən (ə) belə rəvayət olunur ki, Şaban ayı olcaq İmam Zeynulabidin (ə) səhabələrini ətrafına toplayıb buyurardı: «Ey mənim səhabələrim heç bilirsiz bu hansı aydır!? Bu Şaban ayıdır. Peyğəmbər buyurardı: «Şaban mənim ayımdır. Öz peyğəmbərinizin məhəbbətinə və Allaha yaxınlaşmaq üçün bu ayı oruc tutun! O Allaha and olsun ki, Əli ibn Hüseynin canı onun əlindədir, atam Hüseyn ibn Əlinin belə buyurduğunu eşitdim: «Əmirəlmöminindən eşitdim ki, hər kəs peyğəmbərin məhəbbətinə və Allaha yaxınlaşmağa xatir bu ayı oruc tuta, Allah onu özünə yaxın edər. Qiyamət günü öz kəramətindən ona lütf edər və cənnəti ona vacib edər. Şeyx Kəf`əmi Səfvan Cəmmaldan nəqlən yazır ki, İmam Sadiq (ə) ona belə buyurdu: «Öz ətrafında olan şəxsləri Şaban ayının orucuna məcbur edin!» Dedim: «Canım sənə fəda olsun, bunda nə fəzilət var ki, belə?» Buyurdu: «Bəli, fəziləti çoxdur. Peyğəmbər Şaban ayının Ayını görəndə carçıya Mədinədə belə nida etməyi əmr edərdi: «Ey Mədinə əhli, mən Allahın sizə göndərilən elçisiyəm. Agah olun ki, Şaban mənim ayımdır. Allah rəhmət eləsin mənə bu ayda kömək edənlərə, yəni bu ayı oruc tutanlara». İmam Sadiq(ə) Əmirəlmöminin belə buyurduğunu deyir: «Mən Şaban ayının orucunu peyğəmbərin carçısını eşidəndən bəri tərk etməmişəm və ölənə qədər də onu tərk etməyəcəyəm». Sonra buyurur: «Bu iki ayın Şaban və Ramazan aylarının orucu Allah tərəfindən məğfirət və tövbədir». İsmail ibn Əbdülxaliq belə rəvayət edir ki, İmam Sadiqin (ə) yanında idim Şaban ayının orucunun söhbəti açıldı. Həzrət buyurdu: «Şaban ayının orucunun fəziləti…, hətta haram qana bulanmış şəxs bu ayı oruc tutsa, ona xeyirli olar və günahları bağışlanar.
Şaban ayının təqvimi:
3 şaban: İmam Hüseynin (ə) səadətli doğum günüdür. Şeyx Tusi «Misbahul-mutəhəccid»də qeyd edir ki, İmam Həsən Əskərinin (ə) buyurduğu hədisə istinadən, İmam Hüseynin (ə) mübarək doğum günü h.q təqviminin 3-cü ili Şaban ayının 3-ü cümə axşamı gününə (pəncşənbə günü) təsadüf etmişdir.[4]
4 şaban: Bir rəvayətə görə Həzrət Əbəlfəzl Abbasın (ə) h.q təqviminin 26-cı ilində Şaban ayının bu günü dünyaya göz açmışdır.[5]
5 şaban: Bir rəvayətə görə İmam Zeynulabidin Əli ibn Hüseynin (ə) h.q təqviminin 38-ci ildə Şaban ayının 5-də doğulmuşdur.[6]
15 şaban: Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) səadətli mövlud günüdür. O həzrət hicri-qəməri 255-ci ildə Samirra şəhərində dünyaya gəlmişdir.[7]
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 825
[2] «Tuba» ağacı Cənnətdə bitən bir ağacdır.
Onun kökü Həzrət Rəsulallahın (s) evində
və şaxələri möminlərin evindədir.
Cənnət əhli hər nəyi arzulasa,
bu şaxələr onun üçün hazır edər.
(Əllamə Məclisi — Biharul-ənvar, c 8, səh 117-118.)
«Zəqqum» ağacı isə, Quranda buyurulduğu kimi
(Saffat surəsi, ayə: 62-66), kökü Cəhənnəmdə
olan bir ağacdır. Allah onu zalımlar üçün qərar vermişdir.
[3] İmam Həsən Əskərinin (ə) təfsiri, səh 635-dən başlayaraq
(Bəqərə surəsinin 282-ci ayəsinin təfsirində).
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 826
[5] Həzrət Əbəlfəzl Abbasın həyatı, səh 22
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 46, səh 14.
Alimlərin bir qrupu o həzrətin doğum gününün
cəmadiul əvvəl ayının 15-də, bir qrupu isə
cəmadius-sani ayının 15-də olduğunu qeyd etmişlər.
Ətraflı məlumat üçün müraciət edə bilərsiz:
Biharul-ənvar, c 46, səh 12-15
[7] Əllamə Məclisi — Biharul-ənvar, c 51, səh 4, 19, 23, 28
