İslam aylarının əməlləri: Zilhiccə ayının əlamətdar günləri — Zilhiccə ayının fəzilətləri

Print Friendly, PDF & Email

Zilhiccə ayının təqvimi:
1 zilhiccə: Ulul-əzm peyğəmbərlərdən olan büt sındıran və Kəbə evini tikən İbrahim peyğəmbərin (ə) mövlud günüdür.[1] Həmçinin Şeyx Tusinin qeyd etdiyinə görə bu gün Əmirəl-möminin Əli (ə) ilə Xanım Fatimə-Zəhranın (s.ə) izdivac günüdür.[2]
7 zilhiccə: İmam Məhəmməd Baqirin (ə) vəfat günüdür (h.q. 114-cü il).[3]
8 zilhiccə: Bu gün “Tərviyə” günü adlanır. Tərviyə sözünün mənası “sirab etmək, su ehtiyatı yığmaq” deməkdir. Əvvəllər Ərəfat çöllüyündə su olmadığından hacılar zil-hiccə ayının 9-cu günü Ərəfatda qalmaq üçün zil-hiccə ayının 8-ci günü Məkkədən ora su daşıyardılar.[4]
9 zilhiccə: Bu gün Ərəfə günüdür və olduqca fəzilətli bir gündür. Hacılar bu gündə Ərəfə çöllüyündə Allahı yad etməklə məşğul olurlar. Həmçinin bu gündə həzrət Muslim ibn Əqil Kufə şəhərində şəhid edilmişdi (h.q. 60-cı il).[5]
10 zilhiccə: Böyük bayram olan Qurban bayramı günüdür.
14 zilhiccə: 64-ci hicri qəməri ilinin belə bir günündə Yəzid ibn Müaviyə (lən) cəhənnəmə vasil oldu. “Əxbarud duvəl” kitabında Yəzidin zatul-cənb (diafraqmanın şişməsi nəticəsində təngnəfəslik və çoxlu öskürəyin yaranması) xəstəliyindən Huran şəhərində öldü. Cənazəsini Dəməşqə gətirdilər və Babu Səğir deyilən yerdə basdırdılar, hal-hazırda ora zibillikdir. Yaşı otuz yeddiyə yetişmişdi. Xəlifəlik dövrü üç il doqquz ay çəkdi.
15 zilhiccə: Hicri-qəməri 212-ci ildə belə bir gündə İmam Əli ən-Nəqi (ə) dünyaya gəlmişdir.[6]
18 zilhiccə: İslamın mühüm bayramlarından biri olan Ğədir-Xum bayramı – İmamət bayramıdır. Bu gün İslamın əziz Peyğəmbəri (s) Allahın əmri ilə Həzrət Əlini (ə) öz canişini və ümmətə rəhbər təyin etdi. Bu hadisə hicrətin 10-cu ili Məkkə yaxınlığında yerləşən Xum məntəqəsindəki “ğədir” (su gölməçəsi) kənarında baş vermişdir. Ona görə də bu bayram “Ğədir-Xum” adlanır. Mərhum Əllamə Əmini dəyərli “əl-Ğədir” adlı on bir cildlik kitabında əhli-sünnə qaynaqlarından Ğədir-Xum hadisəsi barədə saysız rəvayətlər qeyd etmişdir və bu rəvayətlərlə tanış olan insaflı bir kəs üçün heç bir şəkk-şübhə yeri qalmaz.
24 zilhiccə: Mübahilə günüdür. Bu gündə Həzrət Rəsulallah (s) Nəcran məsihiləri ilə mübahilə etməyə hazırlaşmışdı. Mübahilə baş tutmazdan qabaq Nəcran məsihiləri peşman olub  bu fikirdən daşındılar. Bu hadisə hicrətin 10-cu ili baş vermişdir.[7] (Bu əhvalatı “Mübahilə günün əməlləri”ndə bəyan edəcəyik). Həmçinin bu gündə Əmirəl-möminin Əli (ə) rükuda ikən öz üzüyünü dilənçiyə verdi[8] və “Həqiqətən də sizin vəliniz Allah və Onun Rəsulu…”[9] ayəsi bu barədə nazil oldu.
25 zilhiccə:Bu gündə “Həl əta” surəsi nazil olmuşdur.[10] Həzrət Əli (ə), Xanım Fatimə (s.ə) və övladları Həsən və Hüseyn, Xanım Fizzə Cənnət cavanlarının ağaları Həsən və Hüseynin sağalmaları üçün nəzir etdikləri orucu tutduqları birinci gün öz iftar yeməklərini miskinə, ikinci gün yetimə və üçüncü gün əsirə verib su ilə iftar etdilər. Bu surə onların mədhində nazil oldu.

Zilhiccə ayının fəziləti:
Zilhiccə ayı hicri-qəməri təqviminin sonuncu ayıdır. Bu ay bəkərətli bir aydır və böyük din alimləri bu ayın ibadətinə, xüsusilə də ayın ilk on gününün ibadətinə xüsusi əhəmiyyət veriblər.[11] İlk onluq da Quranda gəldiyi kimi, “Əyyamun məlumat” adlanır. Bəzi hədislərdə vurğulanır ki, Quranda sözügedən “on gecə” (Fəcr surəsində) – belə ki, bu gecələrə and içilir – zilhiccə ayının ilk on gününün gecəsidir[12] və ona and içilməsi onun əzəmətinə görədir.
Allah-Təala “Həcc”surəsinin 28-ci ayəsində həcc fərizəsini bəyan edərkən “əyyəmun məlumat”dan söz açır və vurğulayır ki, möminlər bu günlərdə Allahı yad etməklə məşğul olmalıdırlar. Məşhur bir təfsirdə, həmçinin rəvayətlərdə qeyd olunur ki, “əyyəmun məlumat” zil-hiccə ayının ilk on günüdür.[13] Buna görə də həm bu on günün gündüzləri, həm də gecələri fəzilətlidir. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurur ki, bu günlərdə (zil-hiccə ayının ilk on günü) yerinə yetirilən ibadət və xeyir əməl digər günlərdəkindən fəzilətlidir.[14]
Bu ayda İslamın iki mühüm və böyük bayramı – Qurban və Qədir-Xum bayramlarının olması, Ərəfə günü İmam Hüseynin (ə) Ərəfatda etdiyi dua bu aya xüsusi bir əzəmət vermişdir. Əziz möminlərə, xüsusilə də gənclərə tövsiyəmiz budur ki, bu ayın fəzilətindən qafil olmasınlar və öz mənəviyyatlarını zənginləşdirməyə, özlərini islah etməyə çalışsınlar, inşaallah mühüm mənəvi dərəcələrə nail olarlar.

Mənbə:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, s.671. (Mərhum Seyid İbn Tavus nəql edir ki, o həzrətin mövlud günü zil-qədənin 25-dir. “İqbal” s.310.)
[2] Öncəki qaynaq.
[3] Əllamə Məclisi — Biharul-ənvar, c.46, s.217.
[4] Əllamə Məclisi — Biharul-ənvar, c.96, s.254, hədis: 18.
[5] Muntəhəl-amal, İmam Hüseynin (ə) həyatı, dördüncü fəsil (həzrət Muslimin şəhadəti).
[6] Muntəhəl-amal, İmam Əli ən-Nəqinin (ə) həyatı: Biharul-ənvar, c.50, s.115, hədis: 4.
[7] Muntəhəl-amal, Həzrət Peyğəmbərin (s) həyatı, hicrətin 10-cu ilinin hadisələri.
[8] Şeyx Tusi — Misbahul-mutəhəccid, s.758.
[9] Maidə surəsi, ayə: 55.
[10] Şeyx Tusi — Misbahul-mutəhəccid, s.767.
[11] Zadul-məad, s.240.
[12] Qumminin təfsiri, c.2, s.419.
[13] Şeyx Tusi — Misbahul-mutəhəccid, s.671.
[14] Seyid ibn Tavus — İqbal, s.317.

Читайте также: