Ziyarətnamə: Ziyarətin ədəb qaydaları — 2-ci hissə

Print Friendly, PDF & Email

Bu məqalənin əvvəli 1-ci hissədə
14)
 Zərihi və qəbiri öpmək. Şeyx Şəhid yazır: «Əgər ziyarət edən Allaha onu bu müqəddəs məkana nail etdiyinə görə, şükür etmək məqsədilə səcdə etsə, daha yaxşı olar».
15) Hərəmə sağ ayaqla daxil olmaq və hərəmdən çıxarkən sol ayaqla çıxmaq.
16) Zərihə (qəbirə) yaxınlaşıb, özünü ona yapışdırmaq. Zərihdən yapışmamağı və uzaqda durmağı ədəb qaydalarından güman etmək tam yanlış bir düşüncədir. Çünki hədislərdə göstərilir ki, zərihdən yapışın və onu öpün. [9]
17) Zəvvarlar o şəhərin yoxsullarına köməklik etsinlər. Bu əməl ziyarətin savabını artırır.
Ziyarət zamanı hüzuri-qəlbi qoruyun, günahlarınız üçün bağışlanma diləyin, əməllərinizi və danışıqlarınızı düzəltmək, yaxşıya doğru dəyişmək əzmində olun.
18) Ziyarət zamanı üzü qəbrə tutmaq, arxa qibləyə tərəf durmaq. Zahirən, bu ədəb (və ziyarət) qaydası yalnız məsumlara aiddir. Ziyarətdən sonra sağ üzü zərihə qoyub, ağlaya-ağlaya dua et. Daha sonra sol üzü qoy, Allahı qəbir sahibinin haqqına and verərək, onu özünün şəfaətçi qərar verdiyini istə, bir sözlə çoxlu dua et. Ondan sonra qəbrin baş tərəfində üzü qibləyə dur və dua et.
19) Ziyarət vaxtı zəiflik, bel və ayaq ağrısı kimi, bir üzr olmazsa, ayaq üstə durmaq.
20) Qəbri gördükdə, ziyarətdən öncə təkbir «Əllahu Əkbər» demək. Rəvayətdə buyurulur ki, hər kim imamın hüzurunda təkbir və «Lə ilahə illəllahu vəhdəhu la şərikə ləh!» – desə, onun üçün Allahın böyük Rizvanı (behişt) yazılar.[10]
21) Məsum imamlardan nəql olunan düzgün ziyarətləri oxumaq və bəzi avam və nadanların özlərindən buyurduqları ziyarətləri tərk etmək. Şeyx Kuleyni, Əbdürrəhim Qəsirin belə dediyini nəql etmişdir: «Bir gün imam Sadiqin (ə) hüzuruna gedib dedim: «Sənə qurban olum! Özümdən bir dua demişəm.» İmam buyurdu: «Onu oxuma. Hər vaxt bir hacətin olsa, həzrət Peyğəmbəri-Əkrəm (s)-ə pənah aparıb, iki rəkət namaz qıl və o həzrətə hədiyyə et.»
22) Ziyarət namazı qılmaq. Ziyarət namazı ən azı 2 rəkətdir. Şeyx Şəhid yazır: «Peyğəmbəri Əkrəmi (s) ziyarət etsən, namazı o həzrətin pak hərəmində qıl. Əgər imamlardan birini ziyarət etsən, ziyarət namazını qəbrin baş tərəfində qıl. Əlbəttə, namazı hərəmin məscidində də qılmaq olar.» Əllamə Məclisi yazır: «Mənim nəzərimə görə, ziyarət və digər namazları qəbrin baş və ayaq tərəflərində qılmaq daha yaxşıdır.» Əllamə Bəhrül-Ülum da özünün «Durrə» adlı kitabında belə yazır:
Kərbəla və Kəbə hədisindən Kərbəlanın yüksək məqamı aydın olur. Bir çox rəvayətlərdə göstərilən şahidlərə əsasən, ondan başqa ziyarətgahlar da onun kimidir. Onların qəbrinə yaxınlaşdıqda, ədəb qaydalarını gözlə və qəbrin baş tərəfində namaz qıl. Qəbrin arxa tərəfində də namaz qıl ki, həmin yerdə qılınan namaz düzgündür. Hədislərdə həmin yerdə namaz qılmaq açıq-aşkar qeyd edilir. Bu qəbirlərin digər qəbirlərdən üstünlüyü dağın başında parlayan çırağı xatırlayır. Odur ki, onların kənarında namaz qılmaq və qəbirdən yapışıb hacət diləmək müstəhəbdir.
23) (Əgər ziyarət etdiyin məsum üçün xüsusi ziyarət namazı nəql olunmayıbsa,) ziyarət namazının 1-ci rəkətində «Yasin», 2-ci rəkətində isə «Ər-Rəhman» surələrini və namazdan sonra nəql olunan duaları oxuyun və yaxud Allahdan din və dünyanızla əlaqədar yadınıza düşən hacətlərinizi diləyin, duaları ümumi şəkildə edin, çünki belə dualar tez qəbul olunar.
24) Şeyx Şəhid yazır: «Hər kim hərəmə daxil olub, camaat namazının bərpa olunduğunu görsə, ziyarətdən əvvəl namaz qılsın. Həmçinin, ziyarət əsnasında namazın vaxtı çatsa, ziyarəti tərk edib, namaza başlasın, əks təqdirdə, əvvəlcə ziyarət müstəhəbdir. Çünki ziyarətçinin son məqsədi məhz ziyarətdir. Hərəmin nəzarətçisinə camaatı namaza əmr etmək haramdır.
25) Şeyx Şəhid zərihin yanında Quran tilavət edib, onu zərih sahibinə hədiyyə etməyi ziyarətin qayda-qanunlarından hesab etmişdir. Ziyarət edən şəxs belə edərsə, onun savabı özünə qayıdar.
26) Şəhərdən çıxmaq istədikdə, imamla nəql olunan vida dualarını oxumaqla vidalaşmaq.
27) Tövbə etmək, Allahdan günahlarının bağışlanmasını diləmək, eləcə də ziyarətdən sonra əvvəlki çirkin əməl və rəftarını tərk etmək.
28) İmkan daxilində hərəmin xidmətçilərinə yardım və infaq etmək. Layiq budur ki, hərəmin xidmətçiləri xeyirxah, dindar və mürüvvətli, ziyarətçilərin kobud hərəkətlərinə qarşı dözümlü olsun, qəzəblərini söndürsün, onlara qarşı sərt davranmasın, möhtacların istəklərini yerinə yetirsin, qəriblərə yol göstərsinlər. Bir sözlə, hərəmin xadimləri doğruluqla məşğul olsunlar, zəvvarlara xidmət göstərsinlər və s.
29) İmam (ə)-ın dəfn olunduğu şəhərdəki yoxsullara, fəqirlərə, xüsusilə, qərib və yoxsul olan seyidlərə, elm əhlinə, həmişə Allahın şüarlarını yayanlara kömək etmək.
30) Şeyx Şəhid yazır: «Ziyarətin qaydalarından biri də ziyarətin ləzzətini dərk etdiyi vaxtda, hərəmdən çıxmağa tələsməkdir ki, yenidən hərəmə qayıtmaq şövqü onun vücudunda daha da artsın.» Həmçinin yazır: «Qadınlar ziyarət zamanı öz yerlərini kişilərdən ayırsınlar və təklikdə ziyarət etsinlər. Onların gecə vaxtı ziyarətə getmələri, eləcə də bər-bəzəkli, cəlbedici libaslar geyinməməkləri daha yaxşıdır. Ziyarətə gizli getsinlər ki, kimsə onları görməsin və tanımasın. Əlbəttə, kişilərlə də birlikdə ziyarət edə bilərlər, lakin bu, məkruhdur.
Şeyx Abbas Qumi deyir: «Bu kəlamlardan başa düşülür ki, qadınların ziyarət məqsədilə bərbəzəkli, nəfis və qiymətli libaslarla evlərindən çıxaraq, naməhrəmlərin diqqətini özünə cəlb və onları narahat etmələri, zərihi ziyarət edərkən özlərini onlara yapışdırmaları, yaxud kişilərin önündə durub ziyarətlə məşğul olmaqla camaatın, ibadət edənlərin, zəvvarların, razü-niyaz edənlərin fikirlərini yayındırmaları daha məzəmmətli işlərdəndir. Həqiqətdə, qadınların ziyarət zamanı belə işlərlə məşğul olmaları şəriətdə pislənmişdir və onların ziyarəti ibadət sayılmaz. İmam Sadiqdən(ə) nəql olunur ki, həzrət Əmirəl-möminin Əli(ə) İraq camaatına belə buyurdu:  «Mənə xəbər yetişib ki, sizin qadınlarınız yolda kişilərlə (naməhrəmlərlə) görüşürlər, heç xəcalət çəkmirsiniz?! Allah həya etməyən şəxslərə lənət eləsin.»
«Fəqih» kitabında Əsbəğ ibn Nəbatə Əmirəlmöminin Əlinin(ə) belə buyurduğunu nəql edir:- «Axiruz-zamanda və Qiyamət yaxınlaşdıqda, ən ris zəmanədə açıq-saçıq gəzən, lüt-üryan bəzənmiş, dindən xaric olmuş, fitnədə üzən, şəhvətə meylli, ləzzətə tələsən, haramları halal edən və cəhənnəm atəşində həmişəlik yanan qadınlar peyda olacaq.»
31) İzdiham çox olduğu vaxtlarda müxtəsər ziyarətlə kifayətlənmək və başqalarına da ziyarət üçün şərait yaratmaq lazımdır. Bilmək lazımdır ki, ziyarətdə kəmiyyət deyil, keyfiyyət şərtdir. Bəzən sadə bir salam, böyük bir ziyarəti oxumaq və geniş bir ziyarəti əvəz edir. Bəzi hədislərdə izdihamlı vaxtlarda tez geri dönmək əmr olunur.
32) Nalayiq, yaramaz, bihudə və boş-boş sözləri, həmişə və hər yerdə pislənən, qəlbə qəsavət gətirən, ruzinin qarşısını alan dünyəvi söhbətləri tərk etmək. Bu, zəvvara yaraşan əməl deyil. Belə söhbətlər əvəzinə Quran oxuyun və savabını ziyarət etdiyiniz Allah övliyasının ruhuna hədiyyə edin. Bilin ki, bu əməl ilə ona ehtiram göstərmiş olursunuz, əməlinizin bərəkəti də özünüzə qayıdır. Həmçinin Allahı zikr edə bilərsiniz. Mütəal Allah Qurani-Kərimdə buyurur:

 Nur surəsi, 36-cı ayə
Ərəbcəفِى بُيُوتٍ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَ الْئَاصَالِ
TərcüməO evlər ki, daim uca tutulur, orada Allahın adı çəkilir, səhər və axşam Allah orada təsbih olunur.
Transkripsiya

33) «Hədiyyətuz-zairin» kitabında nəql olunduğu kimi, ziyarət vaxtı səsi ucaltmaq olmaz. Belə ki, Hucurat surəsinin 2-ci ayəsində buyurulur:
 Hucurat surəsi, 2-ci ayə
Ərəbcəيَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِىِّ
TərcüməEy iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın.
Transkripsiya
Bu əmr Həzrət Rəsulallah (s) dünya həyatında ikən verilsə də, o həzrət dünyadan köçdükdən sonra da qüvvədədir. Çünki – qeyd olunduğu kimi — Allah övliyaları sağdırlar və Allah yanında onlara ruzi verilir. Həmçinin qeyd olundu ki, Həzrət Rəsulallahın (s) Əhli-beytini ziyarət etmək o həzəti ziyarət etmək qədər savablı işdir və sözügedən əmr Əhlibeyt İmamlarına (ə) da şamildir.
34) Bu müqəddəs məkanları çirkləndirməkdən çəkinin, İslamın mühüm göstərişlərindən olan təmizliyə son dərəcə riayət edin.
35) Hərəmə daxil olduqda vacib namazın vaxtı daxil olarsa, onu təxirə salmayın və əvvəlcə vacib namazı qılın. Xüsusilə də, əgər camaat namazı təşkil olunarsa, namazı camaatla qılın. Həmçinin əgər ziyarət əsnasında vacib namazın vaxtı yetişərsə, ziyarəti yarımçıq qoyub vacib namazı qılın. Hərəmin xüddamı üzərinə düşən vəzifələrdən də biri budur ki, camaatı bu vacib əmələ çağırsınlar.
36) Hərəmə daxil olduqda ayaqqabını çıxarmaq lazımdır, çünki müqəddəs bir məkana ayaq qoyursan:
 Taha surəsi, 12-ci ayə
Ərəbcəفَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوَىٰ
TərcüməNəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!
Transkripsiya

Mənbələr:
[9] Əllamə Məclisi “Biharul-ənvar”ın 97-ci cildi 126-cı səh.-də 3-cü hədisdən
sonra nəql edir ki, bəzi hədislərdə belə qeyd edilib: قَبِّل جَوَانِب القَبر.
[10] Bəsairud-dərəcat, s.312.

Читайте также: