Şeyx Hacı Nuridən nəql olunan əhvalat

Print Friendly, PDF & Email

Şeyx Abbas Qumi öz «Məfatihul-cinan» kitabında qeyd edir: «Nəcmus-saqib» kitabının müəllimi Şeyx Hacı Nuri nəql edir ki, Rəşt sakini olan saleh bəndə Seyid Əhməd ibn Seyid Haşim ibn Seyid Həsən Musəvi Rəşti (əyyədəllahu) təqribən 17 il bundan öncə müqəddəs Nəcəf şəhərinə təşrif gətirmişdi. O, ilahi alim və fazil şəxs olan şeyx Əli Rəşti ilə mənim mənzilimə gəldilər. Onlar ayağa qalxıb, getmək istədikdə şeyx Əli Rəşti eşitdirdi ki, o Seyidin başına maraqlı bir hadisə gəlmişdir və sonra münasib bir vaxtda onu mənim üçün nəql edər. Bir neçə gündən sonra şeyx, yenə də mənim görüşümə gəldi. O, Seyidin Nəcəf şəhərindən getdiyini söylədikdən sonra onun bir sıra saleh əməllərini və başına gələn o əhvalatı mənim üçün danışdı. Şeyxi dinlədikdən sonra bu əhvalatı seyidin öz dilindən eşitmədiyim üçün çox təəssüfləndim. Əlbəttə, bunu demək istəmirəm ki, şeyx, bu əhvalatı nəql etdiyi vaxt nəyi isə azaldıb-çoxaltmışdır və onun məqamı belə sui-zənnlərdən daha ucadır. Keçən ildən bu əhvalat yadımda idi və bu ilin Cəmadiyəl-uxra ayında Nəcəfdən Kazimeynə geri döndükdə, orada o seyidlə rastlaşdım. O, Samirra şəhərindən Kazimeynə gəlmiş və oradan da öz vətəninə dönməyə hazırlaşırdı. Mən, ondan başına gələn əhvalatlar barəsində, o cümlədən o əhvalatı soruşdum. O, öz əhvalatını eynilə şeyxin nəql etdiyi kimi, mənə danışdı. Bu əhvalat aşağıdakı kimidir:
Mən, 1208-ci ildə Beytullahil-həramı (Kəbəni) ziyarət etmək üçün həcc səfərinə yola düşdüm və Rəşt şəhərinin gömrüyündən keçərək Təbriz getdim. Təbrizdə məşhur tacir hacı Səfərəlinin evində qonaq qaldım. Həccə gedən bir karvan tapmadığım üçün orada bir qədər yubandım. Günlərin birində hacı Cəbbar Cüludar Sedəhi İsfəhani, Trabzona mal aparmaq fikrinə düşdü və mən də ondan bir qədər mal kirayələyib, onunla birlikdə yola düşdüm. Birinci mənzilə yetişdikdə hacı Səfərəlinin adını eşidib, üç nəfər də mənə qoşuldu. Onlardan biri, alimlərin tanınmış həccə aparanı hacı Molla Baqir Təbrizi, o birisi təbrizli tacir hacı seyid Hüseyn və üçüncüsü isə onların xidmətçisi hacı Əli Nami idi. Xülasə, biz birlikdə yola düşüb, Ərzənətür-ruma yetişdik və oradan da Trabzona tərəf hərəkət etdik. Bu iki şəhər arasındakı mənzillərdən birində hacı Cəbbar Cüludar bizim yanımıza gəlib, dedi: “Qarşıdakı mənzilimizin yolu bir qədər qorxulu yoldur, odur ki, tez hazırlaşın ki, karvandan geri qalmayasınız.” Çünki əvvəki mənzillərdə adətən biz, karvandan geridə hərəkət edirdik. Odur ki, biz də günəşin batmasına iki saat yarım və ya üç saat qalmış, yüklərimizi yığıb, karvanla birlikdə yola düşdük. Təqribən yarım fərsəx və ya dörddə bir fərsəx yol getmişdik ki, hava qaraldı və qar yağmağa başladı. Yol yoldaşlarım başlarını bürüyüb, sürətlə hərəkət etməyə başladılar. Mən nə qədər çalışdımsa, onlara yetişə bilmədim və onlar gözdən itdilər. Mən tənha qaldım və atdan enib, yolun kənarında əyləşdim. Həddən artıq qəmgin idim, çünki mənim üstümdə təqribən altı yüz tümən pul qalmışdı. Bir qədər götür-qoy edib, bu qərara gəldim ki, sübh açılanadək elə buradaca qalım və sonra hərəkət etdiyimiz mənzilə geri dönərək, bir neçə cangüdən tutub, özümü qafiləyə yetirim. Bu fikirləri zehnimdən keçirirdim ki, birdən qarşımda bir bağ gördüm. Bağda bir bağban əlindəki bel ilə ağaclara vurub, onların üstündəki qarları yerə tökürdü. O, mənə yaxınlaşıb, soruşdu: “Sən kimsən?” Mən cavab verdim: “Dostlarım gediblər və mən də yolu tanımadığım üçün, azıb, qalmışam.” O, fars dilində dedi: “Yolu tapmaq istəyirsənsə, nafilə namazı qıl.” Mən, gecə nafilələrini qılmağa başladım. Namazları qılıb, qurtardıqdan sonra o, yenə də mənim yanıma gəlib, dedi: “Hələ getməmisən?!” Mən dedim: “And olsun Allaha ki, yolu tanımıram.” O buyurdu: “ “Camiə” ziyarətnaməsini oxu.” Mən, dəfələrlə imamları ziyarət etdiyimə baxmayaraq, “Camiə” ziyarətnaməsini əzbərdən bilmirdim, elə indi də əzbər bilmirəm. Lakin bu vaxt ayağa qalxıb, “Camiə” ziyarətnaməsini kamil surətdə əzbərdən oxumağa başladım. Ziyarətnaməni oxuduqdan sonra o, yenə də mənə yaxınlaşıb, dedi: “Hələ getməmisən? Buradasan?” Qeyri-ixtiyari ağlamağa başladım və dedim: “Bəli, buradayam. Yolu tanımıram.” O, mənə buyurdu: “Aşura ziyarətnaməsini oxu.” Mən, həmçinin “Aşura” ziyarətnaməsini də əzbər bilmirdim və hal-hazırda da əzbər bilmirəm. Bununla belə ayağa qalxıb, “Aşura” ziyarətnaməsini əzbərdən oxumağa başladım. Mən, bu ziyarətnaməni və “Əlqəmə” duasını oxuyub, qurtardıqdan sonra o, bir daha mənə yaxınlaşıb, dedi: “ Yenə də getməmisən?” Mən cavab verdim: “Sübhə qədər burada qalmaq istəyirəm.” O buyurdu: “Mən, indi səni öz karvanına çatdıraram.” O, əlindəki beli çiyninə qoyub, bir uzunqulağa mindi və mənə buyurdu: “Gəl sən də mənim kimi uzunqulağa min.” Mən də uzunqulağa mindim və atımın cilovunu nə qədər dartdımsa hərəkət etmədi. O, mənə dedi: “Atın cilovunu mənə ver.” Mən də atın cilovunu ona verdim. O, beli, sol çiyninə qoyub, sağ əli ilə atın cilovundan tutdu və birlikdə yola düşdük. Mənim atım səssiz-səmirsiz ona itaət etdi. O, əlini mənim dizimin üstünə qoyub, buyurdu: “Nə üçün siz, nafilə namazlarını qılmırsınız? Nafilə! Nafilə! Nafilə!” O, bu sözü üç dəfə təkrar etdi. Sonra sözünə davam etdirib, buyurdu: “Nə üçün siz, “Aşura” (ziyarətnaməsini) oxumursunuz? Aşura! Aşura! Aşura!” Bu sözü də o, üç dəfə təkrar etdi. Daha sonra buyurdu: “Nə üçün siz, “Camiə” ziyarətnaməsini oxumursunuz? Camiə! Camiə! Camiə!” Biz, yolu fırlana-fırlana gedirdik. Birdən o, mənə tərəf dönüb, buyurdu: “Bax, onlar sənin dostlarındır!” Doğrudan da onlar, bir su nəhrinin kənarında enib, sübh namazını qılmaq üçün dəstəmaz alırdılar. Mən, uzunqalaqdan enib, öz atıma minmək istədim, lakin minə bilmədim. Odur o, uzunqalaqdan enib, əlindəki beli, yerdəki qara sancdı və ata minmək üçün mənə kömək etdi. Sonra atın başını dostlarım olan tərəfə yönəltdi. Bu vaxt zehnimdən keçdi ki, görəsən bu şəxs kimdir ki, fars dilini bilir. Bir halda ki, bu tərəflərin camaatı, türk dilli və ya məsihi məzhəbində olan tayfalar idilər. Həmçinin zehnimdən keçdi ki, o, necə məni bu tezliklə öz dostlarıma çatdıra bilmişdir? Geriyə dönüb, baxdım, lakin heç kimi görmədim. Ondan heç bir əsər-əlamət tapa bilmədim. Sonra dostlarıma yaxınlaşıb, onlarla birlikdə yoluma davam etdim.”

Читайте также: