Ziyarətnamə: Səhlə məscidi və Səhlə məcsidinin fəzilətləri

Print Friendly, PDF & Email

Böyük Kufə məscidindən sonra növbə «Səhlə» məscidinə çatır. Bu məscid bir sıra hədislərdə «Suheyl», bir sıra hədislərdə «Şəra», bir sıra hədislərdə isə «Bəni Zəfər» adlanmışdır.[1] Bu məscid İmam Zaman (ə.f) aşiqlərinin o həzrətlə görüş məkanıdır. Hədislərdə bu məscidin saysız fəzilətlərindən söz açılmışdır, o cümlədən:
1) Bu yer İdris peyğəmbərin (ə), İbrahim peyğəmbərin (ə) və bir çox peyğəmbərlərin, vəsilərin, saleh bəndələrin evi olmuşdur.[2]
2) Bəzi hədislərdə (bu məscidin fəzilətindən danışılarkən) «fihil mirac»[3] ifadəsi işlənmişdir. Ola bilsin ki, bu ifadə möminlərin bu məsciddə mənəvi meraca yüksəldiklərinə işarə edir. Yaxud da Həzrət Rəsulallahın (s) merac gecəsi Kufə məscidinə endikdən sonra (bəzi hədislərdə qeyd olunur ki, Həzrət Rəsulallah (s) həmin gecə Kufə məscidinə enib orada 2 rəkət namaz qıldı)[4] Səhlə məscidinə gedib oradan səmaya qalxmasına işarədir.
3) Hər kim bu məsciddə Allahdan öz diləyini diləsə, qəbul olar… O, dünya çətinliklərindən və düşmənlərinin hiyləsindən amanda qalar.[5]
4) Allahın göndərdiyi bütün peyğəmbərlər bu məsciddə namaz qılmışlar.[6]
5) Şeyx Tusi «Təhzib» kitabında İmam Sadiqin (ə) belə buyurduğunu qeyd edir: «Qəm-qüssə çəkən və çətinliyi olan hər kəs əgər bu məscidə gedib məğrib və işa namazlarının arasında  iki rəkət namaz qılarsa, Allah onun çətinliyini həll edər».[7]
6) İmam Sadiq (ə) Əbu Bəsirə buyurdu: «Bu məscid o günbəzlərdəndir ki, Allah orada dua etməyi və dilək diləməyi sevir. Elə bir gündüz və gecə yoxdur ki, mələklər bu məscidi ziyarət edib orada Allaha ibadət etməsinlər…»[8]
7) İmam Sadiqin (ə) buyurduğu bir hədisə istinadən (ibadət etmək üçün) bu məsciddə hazır olmaq Həzrət Rəsulallahın (s) xeyməsində hazır olmaq kimidir. Bütün mömin kişi və qadınlar bu məsciddə olmağı arzulayarlar.[9]
8) Şeyx Abbas Qumi öz Məfatihul-Cinan kitabında qeyd edir: Bilmək lazımdır ki, fəzilət baxımındın «Kufə» məscidindən sonra «Səhlə» məscididir ki, həzrət İdris (ə), həzrət İbrahim (ə) və həzrət Xızrın (ə) evi, sakin olduqları yerdir. İmam Sadiq (ə) Əbu Bəsirə belə buyurdu: «Ey Əba Muhəmməd! Mən sanki Sahibəzzaman Məhdi (ə.f) əhli-əyalı ilə birlikdə «Səhlə» məscidinə enib, orada sakin olduqlarını və yaşadıqlarını görürəm. Allah taalanın göndərdiyi hər bir peyğəmbər orada namaz qılmışlar. Hər kəs o məsciddə namaz qılsa, sanki həzrət Peyğəmbəri-Əkrəmin (s) xeyməsində namaz qılmışdır. Elə bir mömin kişi və qadın yoxdur ki, qəlbi ona meyilli olmasın. O məsciddə hər bir peyğəmbərin şəkli çəkilmiş bir daş vardır. Hər kəs orada xalis və saf niyyətlə namaz qılıb, dua etsə, dərhal hacəti qəbul olunar, qorxduğu şeydən aman istəyənə aman verilər.» Dedim: «Bu məscidin fəzilətləri elə bu qədərdimi?» Buyurdu: «Sənə bundan da çox deyimmi?» Dedim: «Bəli!» Buyurdu: «Bu məscid o məkanlardan sayılır ki, Allah taala Onu bu məsciddə çağırıldığını çox sevir. Hər gecə-gündüz mələklər onu ziyarət etmək üçün enib, Allaha ibadət edirlər.» Sonra o həzrət əlavə edərək buyurdu: «Əgər mən yaxın olsaydım, bütün namazlarımı orada qılardım.» Ey Əba Muhəmməd! Mənim bu məscidin fəziləti ilə bağlı demədiklərim dediklərimdən olduqca çoxdur.» Dedim: «Sənə qurban olum! Həzrət Qaim Məhdi (ə.f) həmişə bu məsciddə olacaqmı?» Buyurdu: «Bəli!»

Mənbələr:
[1] «Suheyl» adı Kamiluz-ziyarat kitabının 8-ci bölümü 10-11-ci hədislərdə,
«Bəni Zəfər» adı Usuli-kafi kitabının 3-cü cildi 489-cu səh. 1-ci hədisdə,
«Şəra» adı isə «Qurbul-əsnad» kitabının 74-cü səh.-də gəlmişdir.
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 29, hədis 10, 11,
Fəqih, c 1, səh 232, hədis 697
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh  437, hədis 8,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, səh 30, hədis 10
[4] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 28, hədis 6
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 434, hədis 1
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 434, hədis 3
[7] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 437, hədis 9, səh 440, hədis 20,
Şeyx Tusi — Təhzibul-əhkam, c 6, səh 38, hədis 21,
Abdullah ibn Cəfər Himyəri — Qurbul-əsnad, səh 74.
Heç bir qeyd vurğulanmadan «məğrib və işa
namazlarının arasında» belə bir müjdə verilmişdir.
[8] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 436, hədis 7,
Muhəmməd ibn Məşədi — Məzar-Kəbir, səh 135
[9] Əllamə Məclisi — Biharul-ənvar , c 97, səh 435, hədis 3

 

 

 

Читайте также: