TAM Rəcəb ayı — Rəcəb ayının əlamətdar günləri
Rəcəb, Şaban və Ramazan ayları çox fəzilətli aylardır. Hədislərdən belə əldə olunur ki, Rəcəb ayı bu üç ay içərisində xüsusi üstünlüyə malikdir. Belə ki, Rəcəb ayı «Allah ayı», Şaban ayı «Peyğəmbər ayı», Ramazan ayı isə «Ümmətin ayı» adlanmışdır.[1]
Rəcəb ayı «haram aylar»dan biridir və bu ayda İslam düşmənlərinə qarşı müharibəyə başlamaq və ya müharibəni davam etdirmək haramdır (əlbəttə, müdafiə xarakterli müharibə istisnadır).[2] Bu aylarda (haram aylarda) cinayətlərin diyəsi daha ağır olur.[3]
Həzrət Peyğəmbər (s) Rəcəb ayını «şəhrul-əsəbb» adlandırmışdır, çünki bu ayda Allahın rəhməti ümmətin üzərinə yağır.[4]
Bu aya Həzrət Peyğəmbərin (s) besəti, Əmirəl-möminin Əlinin (ə) mövludu, İmam Musa ibn Cəfərin (ə) şəhadəti və bir sıra başqa mühüm tarixi hadisələr təsadüf etmişdir. Bu səbəbdən də Rəcəb ayı xatirələrlə dolu bir aydır.
Rəcəb ayında – hətta ayın bir gününü — oruc tutmağın böyük savabları barədə nəql olunmuş saysız hədislərdən aydın olur ki, bu ay ibadət və özünüislah ayıdır. Bu hədislərdən bir neçəsini diqqətinizə çatdırırıq:
1) Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Sadiqin (ə) səhabələrindən biri Rəcəb ayının axırlarında o həzrətin yanına gəldi. İmam Sadiq (ə) onu gördükdə buyurdu: «Bu ay oruc tutdunmu?» Həmin şəxs: «Xeyr» – deyə ərz etdi. İmam (ə) buyurdu: «Sən elə böyük bir savabı əldən vermisən ki, onu ancaq Allah bilir. Allah bu ayı başqa aylardan üstün etdi və onun hörmətini saxlamağı böyük hesab etdi. Bu ayda tutulan oruclar üçün böyük savablar qərar verdi.» Həmin səhabə ərz etdi: «Əgər ayın qalan günlərini oruc tutsam, bu savabların bir qismini əldə edə bilərəmmi?» İmam (ə): «Bəli» — deyə buyurdu. Sonra İmam Sadiq (ə) Rəcəb ayının axırıncı gününü, yaxud axırıncı iki və ya üç gününü oruc tutan şəxsə verilən savabları bəyan etdi: o cümlədən, can verərkən insanda yaranan əzablı hallardan, qəbir əzabından və Siratda büdrəməkdən xilas olmaq, Qiyamətin çətinliklərindən və cəhənnəm odundan nicat tapmaq.[5]
2) Başqa bir hədisdə buyurulur: «Rəcəb Cənnətdə olan çaylardan birinin adıdır. Bu çayın suyu süddən ağ və baldan şirindir. Hər kim Rəcəb ayında bir gün oruc tutsa, həmin çayın suyundan içəcəkdir.»[6]
3) Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurur: «Hər kim bu ayda bir gün oruc tutsa, Allahın böyük razılığını qazanar, Allahın qəzəbi ondan uzaq olar və cəhənnəmin qapıları onun üzünə bağlanar.»[7]
4) Rəcəb ayında, həmçinin digər «haram aylar»da ardıcıl olaraq üç gün — cümə axşamı günü, cümə günü və şənbə günü oruc tutan şəxsə böyük savab verilər.[8]
Həzrət Rəsulallah (s) başqa bir hədisdə belə buyurur: «Hər kim bu ayda oruc tuta bilməsə, hər gün yüz dəfə bu zikrləri desin, ta həmin günün orucunun savabını əldə etsin[9]»: Yuxarıda qeyd olunan hədislərdən və ümumiyyətlə, bu barədə hədis qaynaqlarında nəql olunan hədislərdən aydın başa düşülür ki, Rəcəb ayı özünüislah ayı olub Allaha tərəf hərəkətin yeni bir dönəminin başlanmasıdır: Rəcəb ayında başlanan və mübarək ramazan ayına qovuşan özünüislah cəhdi. Xoş o kəslərin halına ki, bu üç ayın – Rəcəb, Şaban və Ramazan aylarının qədir-qiymətini bilib onlardan layiqincə bəhrələnə bilirlər.
Rəcəb ayının təqvimi:
1 rəcəb: Bəzi rəvayətlərə görə bu gün İmam Məhəmməd Baqirin (ə) təvəllüd günüdür (hicri-qəməri 57-ci il).[10]
2 rəcəb: Bir sıra rəvayətlərə görə bu gün İmam Əli ən-Nəqinin (ə) təvəllüd günüdür (hicri-qəməri 212-ci il).[11]
3 rəcəb: Hicri-qəməri 254-cü ildə belə bir gündə İmam Əli ən-Nəqi (ə) şəhadətə çatmışdır.[12]
10 rəcəb: Bəzi rəvayətlərə görə bu gün İmam Məhəmməd Təqinin (ə) təvəllüd günüdür.[13]
13 rəcəb: Bu gün Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) mövlud günüdür. Məşhur rəvayətə görə o, Həzrət Rəsulallahın (s) besətindən 12 il öncə Kəbə evinin daxilində dünyaya göz açmışdır.[14]
15 rəcəb: Bəzi rəvayətlərə görə hicri-qəməri 63-cü ildə belə bir gündə Xanım Zeynəb-Kubra (s.ə) vəfat etmişdir.[15]
18 rəcəb: Bu gün Həzrət Rəsulallahın (s) övladı cənab İbrahimin vəfat günüdür.[16]
25 rəcəb: Hicri-qəməri 183-cü ildə bu gündə İmam Musa ibn Cəfər (ə) şəhadətə çatmışdır.[17]
26 rəcəb: Bir rəvayətə görə bu gün Həzrət Əbu Talibin (ə) vəfat günüdür.[18]
27 rəcəb: Əziz Peyğəmbərimizə (s) peyğəmbərlik verilən gündür (besət günü).[19]
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 634
[2] Mustədrəkul-vəsail, c 11, səh 48, hədis 2,
Şeyx MəhəmmədHəsən Nəcəfi — Cəvahirul-kəlam, c 21, səh 32
[3] Şeyx Kuleyni — Usuli-kafi, c 7, səh 281, hədis 6
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 797
[5] Şeyx Səduq — Əmali, səh 15, hədis 7,
Əllamə Məclisi — Biharul-ənvar, c 94, səh 32, hədis 6
[6] Seyid ibn Tavus — İqbal, səh 635
[7] Seyid ibn Tavus — İqbal, səh 634
[8] Şeyx Mufid — Muqənnə`ə, səh 375
[9] Seyid ibn Tavus — İqbal, səh 637
[10] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 801
[11] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 805,
Əllamə Məclisi — Biharul-ənvar, c 50, səh 117, hədis 9
[12] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 805
[13] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 805
[14] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 805,
Əllamə Məclisi — Zadul-məad, səh 19
[15] Əllamə Şeyx Cəfər ən-Nəqdi — Zeynəbul-Kubra, səh 122
[16] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 812
[17] Əllamə Məclisi — Biharul-ənvar, c 48, səh 1, hədis 1 və səh 8
[18] Əllamə Məclisi — Biharul-ənvar, c 48, səh 1, hədis 1 və səh 8
[19] Əllamə Məclisi — Biharul-ənvar, c 48, səh 813
