Ziyarətnamə: İmam Rzanın (ə) ziyarəti və bu ziyarətin fəzilətləri

Print Friendly, PDF & Email

İmam Rzanın (ə) ziyarəti
İmam Rzanı (ə) ziyarət etməyin çox böyük fəzilətləri vardır. Biz burada həmin fəzilətləri bəyan edən hədislərin yalnız bir neçəsini qeyd edə biləcəyik. Amma ilk öncə Xorasana səfəri boyunca o həzrətdən görünən kəramətlərin bir neçəsini nəzərinizə çatdırmağı məqsədəuyğun hesab edirik.
İbn Tavus nəql edir: Məmun İmam Rzanı (ə) Mədinədən Xorasana çağırtdırdıqda o həzrət Mədinədən Bəsrəyə tərəf hərəkət etdi. Kufəyə daxil olmadan Kufə yolu ilə Bağdada, oradan da Quma daxil oldu. Qum əhalisi o həzrətin pişvazına çıxdılar. Hər kəs istəyirdi ki, İmam (ə) onun evində qonaq qalsın. Buna görə Qum əhalisi arasında çəkişmə yarandı. İmam Rza (ə) buyurdu: “Bu işə mənim dəvəm məmur edilib, yəni o harada yerə yatsa, mən orada qonaq qalacağam.” İmamın (ə) dəvəsi hərəkət edib bir nəfərin qapısı ağzında yerə yatdı. Həmin şəxs isə o gecə yuxuda görmüşdü ki, İmam Rza (ə) sabah onun qonağı olacaqdır. Beləliklə, İmam Rza (ə) o evə daxil oldu. Az bir müddət sonra həmin məkan dəyərli bir məkana çevrildi. Hal-hazırda isə Qumun dini elmlər hövzələrindən biri burada yerləşir (Rəzəviyyə mədrəsəsi).[1]
Şeyx Səduq öz sənədi ilə İshaq ibn Rahviyədən nəql edir ki, o dedi: İmam Rza (ə) Nişapura daxil oldu və oradan hərəkət etmək istədikdə hədis raviləri o həzrətin yanına gəlib ərz etdilər: “Ey Rəsulallahın övladı, bizim yanımızdan gedirsən, amma bizim faydalana biləcəyimiz bir hədis buyurmursan?” İmam Rza (ə) başını kəcavədən çıxarıb buyurdu: “Mən atam Musa ibn Cəfərdən (ə) eşitdim ki, buyurdu; Mən atam Cəfər ibn Məhəmməddən (ə) eşitdim ki, buyurdu; Mən atam Məhəmməd ibn Əlidən (ə) eşitdim ki, buyurdu; Mən atam Əli ibn Hüseyndən (ə) eşitdim ki, buyurdu; Mən atam Hüseyn ibn Əlidən (ə) eşitdim ki, buyurdu; Mən atam Əmirəl-möminin Əli ibn Əbu Talibdən (ə) eşitdim ki, buyurdu; Mən Rəsulallahdan (s) eşitdim ki, buyurdu; Mən Cəbraildən eşitdim ki, buyurdu; Mən İzzətli və Cəlalətli Allahdan eşitdim ki, buyurdu: “Lə ilahə illəllah” Mənim möhkəm qalamdır. Hər kim bu qalaya daxil olarsa, Mənim əzabımdan amanda qalacaqdır.” İmam Rza (ə) bu hədisi bəyan etdikdən sonra hərəkət etdi. Dəvə yol gedə-gedə o həzrət başını bir daha kəcavədən çıxarıb buyurdu: “Bunun şərtləri vardır. O şərtlərdən biri də mənəm.”[2]
Əba Səlt nəql edir ki, İmam Rza (ə) Məşhəd ətrafında yerləşən “Qırmızı kənd”ə çatdıqda o həzərtə ərz etdilər: “Ey Rəsulallahın (s) övladı, zöhr olub, namaz qılırsınızmı?” O həzrət dəvədən endi və su istədi. Əzr etdilər ki, su yoxdur. İmam (ə) əli ilə yeri qazdı və yerdən su qaynamağa başladı. O qədər su çıxdı ki, İmamın (ə) özü və yol yoldaşlarının hamısı dəstəmaz aldılar. Həmin su çeşməsi indi də qalmaqdadır.
O həzrət Sənabada daxil olduqda daş qazanlar yonulan bir dağa söykəndi və əzr etdi: “Ey Allahım, bu dağa və bu dağdan yonulan qabların içərisinə qayulanlara xeyir-bərəkət ver.” Sonra göstəriş verdi ki, onun üçün bu dağdan qazanlar yonsunlar və onun yeməklərini yalnız bu qazanlarda bişirsinlər. O vaxtdan etibarən camaat öz qazan və qablarını bu dağdan yonur, bərəkət tapırlar.[3]

İmam Rza (ə) ziyarət etməyin fəziləti:

O həzrətin ziyarətinin fəzilətini sadalamaqla qurtarmaq olmaz. Biz, “Töhfətüz-zair” kitabından bu barədə bir neçə hədisi sizin nəzərinizə çatdırırıq.
1) Allahın elçisi (s) buyurubdur: “Tezliklə Xorasan torpağında mənim canımın bir hissəsi dəfn ediləcəkdir və Allah Taala onu ziyarət edən hər bir möminə cənnəti vacib edib, cəhənnəm atəşini ona haram qılar.” [4]
Başqa bir mötəbər hədisdə isə o həzrət belə buyurmuşdur: “Mənim vücudumun parası Xorasan torpağında dəfn ediləcək. Allah Taala onu ziyarət edən hər bir hacətli şəxsin hacətini rəva edər və hər bir günahkarın günahlarını əfv edər.” [5]
2) Mötəbər sənədli hədislərin birində həzrət Musa ibn Cəfər (ə) buyurubdur: “Hər kim mənim övladım Əlini (ə) ziyarət etsə, Allah Taala ona 70 qəbul olunmuş həcc ziyarətinin savabını yazar.” Ravi təəccüblə soruşur: “70 qəbul olunmuş həcc ziyarətinin savabı?!” O həzrət buyudu: “Bəlkə də 70000 qəbul olunmuş həcc ziyarətinin savabı yazılar.” Ravi yenə də təəccüblə soruşur: “70000 qəbul olunmuş həcc ziyarətinin savabı?!” İmam (ə) buyurur: “O qədər həcc ziyarəti yerinə yetirənlər vardır ki, ziyarətləri qəbula yetməmişdir. O həzrəti ziyarət edən və onun kənarında bir gecə gecələyən şəxs, sanki Allah Taalanı ərşdə ziyarət etmişdir.” Ravi yenə də öz təəccübünü gizlədə bilməyib, deyir: “Allah Taalanı ərşdə ziyarət etmişdir?!” İmam (ə) buyurur: “Bəli, doğrudur. Qiyamət günündə 4 nəfər qədim ümmətlərin və 4 nəfər də indiki ümmətin içərisindən seçilmiş bəndələrə Allahın ərşində yer veriləcəkdir. Əvvəlki ümmətlərdən həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə) və həzrət İsa (ə) olacaqdır. İndiki ümmətdən isə həzrət Məhəmməd (s), Əli (ə), Həsən (ə) və Hüseyndirlər (ə). Onlar ərşdən aşağıya ip uzadarlar və burada bizimlə birlikdə məsum imamların qəbrini ziyarət edənlər əyləşərlər. Həqiqətən də övladım Əlini (ə) ziyarət edənlərin məqamı hamıdan üstündür və onlara daha çox nemət əta olunar.”
3) Həzrət imam Rza (ə) buyurubdur: “Bir vaxt gələcək ki, Xorasanda yerləşən günbəzli bina mələklərin get-gəl etdiyi bir məkana çevriləcək. Belə ki, İsrafil suru çalanadək dəstə-dəstə mələklər yerə enib, dəstə-dəstə mələklər isə göyə qalxacaqlar.” İmamın hüzurunda olanlar o həzrətdən soruşdular: “Yəbnə Rəsulullah, o hansı günbəzli binadır?” İmam (ə) buyurdu: “O bina, Tus vilayətində yerləşir və cənnət bağlarından biridir. Orada məni ziyarət edən şəxs, sanki həzrət Rəsulullahi (s) ziyarət etmişdir. [6] Bu ziyarətə görə Allah Taala ona 1000 qəbul olunmuş həcc və 1000 qəbul olunmuş ümrə ziyarətinin savabını yazar və Qiyamət günündə mən və ata-babalarım onun şəfaətçisi olarlar.”
4) Müxtəlif sənədlərlə İbn Əbi Nəsirdən belə nəql olunur:
“İmam Rzanın (ə) yazdığı məktubu özüm oxudum. O, məktubunda yazmışdı ki, mənim şiələrimə çatdırın: “Məni ziyarət etmək 1000 həcc ziyarətinə bərabərdir.” Mən, bu hədisi imam Məhəmməd Təqiyə (ə) çatdırdım. O həzrət buyurdu: “Bəli, doğrudur. O həzrəti ziyarət edib, onun məqamını dərk edən şəxsə min-min həcc ziyarətinin savabı yazılar.”
5) İki mötəbər sənədlə nəql olunur ki, həzrət imam Rza (ə) buyurubdur: “Hər kim mənim uzaqda (və qəriblikdə) yerləşən qəbrimi ziyarət etsə, mən, 3 yerdə onun görüşünə gələrəm: Qiyamət günündə yaxşı əməl sahiblərinin nameyi-əməlini sağ əllərinə və günahkarların nameyi-əməlini sol əllərinə verildiyi vaxt onun yanına gəlib, onu bu günün giriftarçılığından xilas edərəm. Həmçinin sirat körpüsündən keçdiyi vaxt və əməlləri tərəzidə çəkildiyi vaxt, mən, onun yanına gələcəyəm.” [7]
6) İmam Rza (ə) başqa bir hədisdə belə buyurmuşdur: “Tezliklə mənə zəhər içirdib, zülmkarlıqla öldürəcəklər. Məni Harun ər-Rəşidin kənarında dəfn edəcəklər və Allah Taala mənim dəfn olunduğum məkanı şiələrimin və dostlarımın ziyarətgahına çevirəcəkdir. Hər kim məni bu qürbət diyarda ziyarət etsə, Qiyamət günündə onun ziyarətinə gəlmək mənə vacib olar. And olsun Məhəmmədi (s) peyğəmbərliyə seçməklə onu əziz tutub, onu bütün məxluqatların içərisindən seçən Allaha ki, siz şiələrdən hər kim mənim qəbrimin kənarında 2 rəkət namaz qılsa, Qiyamət günündə Allah Taala onun günahlarını bağışlayar. And olsun Məhəmməddən (s) sonra bizi imam seçib, o həzrətin vəsiləri qərar verən Allaha ki, Qiyamət günündə Allahın yanında ən əziz insanlar məni ziyarət edənlər olacaqlar. Qiyamət günündə məni ziyarət edən hər bir möminin üzərinə bir damla yağış düşər ki, Allah Taala, bu səbəblə də cəhənnəm odunu onun cisminə haram edər.
7) Mötəbər sənədli hədislərin birində nəql olunur ki, Məhəmməd ibn Süleyman İmam Məhəmməd Təqidən (ə) soruşur: “Bir nəfər vacib həcc ziyarətini yerinə yetirdikdən sonra həzrət Rəsulullahi (s) ziyarət etmək üçün Mədinəyə getmişdir. Sonra Nəcəfə gedərək, atan Əmiril-möminin Əlinin (ə) məqamını dərk etdiyi bir halda onu ziyarət edibdir. Onun etiqadı vardır ki, o həzrət Allahın öz bəndələrinə olan höccətidir və o, Allah dərgahının qapısıdır, yalnız bu qapıdan Allaha yetişmək olar. Xülasə, o, həzrət Əmiril-mömini (ə) ziyarət etdikdən sonra Kərbəlaya gedərək həzrət imam Hüseyni (ə) ziyarət etmiş və oradan da Bağdada gedərək imam Museyi Kazimi (ə) ziyarət etmişdir. Bu ziyarət səfərindən geri döndükdən sonra Allah Taala ona o qədər ruzi nəsib etmişdir ki, bu sərvətlə o, bir daha həcc ziyarətinə gedə bilər. Sizin nəzərinizcə o, vacib həcc ziyarətini yerinə yetirdiyi bir halda yenidən Məkkəyə geri dönüb, həcc ziyarəti yerinə yetirsin, yoxsa atan imam Rzanın (ə) ziyarətinə getsin?” O həzrət buyurmuşdur: “Atamın qəbrinin ziyarətinə getsə, daha yaxşıdır. Bu ziyarətə Rəcəb ayında getsin, çünki bu mövsümdə xəlifənin casusları həm bizim, , həm də sizin əməllərinizi güdürlər.”
8) Şeyx Səduq “Mən la yəhzuruhul fəqih” adlı kitabında həzrət İmam Məhəmməd Təqidən (ə) bu hədisi nəql edir ki, o həzrət buyurub: “Tus dağının iki silsiləsi arasındakı ərazidə bir tikə yer, cənnət torpağındandır. O torpağa daxil olan hər bir şəxs, Qiyamət günündə cəhənnəm odundan amanda qalar.”
9) Həmçinin şeyx Səduq həmin kitabda İmam Cavaddan (ə)bu hədisi nəql edərək buyurub: “Hər kim mənim atamın haqqını dərk edərək, onun Tus məntəqəsində yerləşən qəbrini ziyarət etsə, mən, Qiyamət günündə bu şəxsin cəhənnəm odundan amanda qalmasına Allah Taala tərəfindən zaminəm.” [8]
10) Şeyx Səduq “Uyunu əxbarir Rza” adlı kitabında rəvayət edir ki, salehli bir kişi həzrət Rəsulullahı (s) yuxusunda görüb, ona ərz edir: “Ey Rəsulullah (s), sizin hansı övladınızı ziyarət etməyi mənə tövsiyə edirsiniz?” O həzrət buyurdu: “Övladlarımın bəzisi zəhərlənmiş və bəzisi də qətlə yetirilmiş halda, mənim görüşümə gəldilər.” Mən yenə də soruşdum: “Onların ziyarətgahları müxtəlif məntəqələrdə yerləşdiyi üçün siz, onlardan hansını ziyarət etməyi mənə tövsiyə edirsiniz?” O həzrət buyurdu: “Sənə ən yaxın olanı ziyarət et!” Yəni sənin yaşadığın məkana yaxın olan imamın ziyarətinə get. O imam qəriblikdə dəfn edilmişdir.” Mən o həzrətə ərz etdim: “Ey Rəsulullah, İmam Rzanı nəzərdə tutmusunuz?” O həzrət buyurdu: “Salləllahu ələyh” de! “Salləllahu ələyh” de! “Salləllahu ələyh” de!” O həzrət bu sözü 3 dəfə təkrar etdi.
Şeyx Abbas Qumi deyir: “Vəsail” və “Müstədrək” adlı kitabların bir neçə fəslində İmam Rzanın (ə) və başqa imamların (ə) qəbirlərini ziyarət etməyin fəziləti barəsində geniş söhbət açılmışdır. Həmçinin bu kitablarda nəql olunubdur ki, İmam Rzanın (ə) ziyarətini İmam Hüseynin (ə) ziyarətinə, habelə, müstəhəb həcc və ümrə ziyarətinə müqəddəm tutmaq müstəhəbdir. İmam Rza (ə) ziyarətinin çoxlu hədisləri vardır, özünüz müstəqil şəkildə kitablara müraciət edə bilərsiz.

Mənbələr:
[1] Seyid ibn Tavus — Fərəhətul-ğura, səh 105
[2] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 135, hədis 4,
Əllamə Məclisi —  Biharul-ənvar, c 49, səh 123, hədis 4
[3] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 136, hədis 1,
Əllamə Məclisi — Biharul-ənvar, c 49, səh 125, hədis 1
[4] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 255, hədis 4,
Əllamə Məclisi — Biharul-ənvar, c 49, səh 284, hədis 3
[5] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 257, hədis 14,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 33, hədis 11
[6] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 255, hədis 5,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 31, hədis 2
[7] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 101, səh 304, hədis 4,
Fəqih, c 2, səh 584, hədis 3189
[8] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 256, hədis 7,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, s 37, hədis 26

Читайте также: