TAM Namazların müştərək təqibatları — 2
1) Hz. Fatimənin (s.ə.) təsbihi və İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbihin savabı.
Bu təsbihin savabı barəsində saysız-hesabsız hədislər mövcuddur. Həzrət Sadiq (ə) buyurubdur: “Biz, övladlarımızı namaza vadar etdiyimiz kimi, Hz. Fatimənin (s.ə.) təsbihinə də vadar edirik. Odur ki, bu təsbihi tərk etmə, çünki davamlı olaraq bu təsbihi edən şəxs, bədbəxt və bədaqibət olmaz.” Başqa mötəbər bir hədisdə deyilir ki, Allah taalanın Qurani-Kərimdə buyurduğu “Zikri kəsir”, Hz. Fatimənin (s.ə.) təsbihidir. Odur ki, namazdan sonra bu zikri deyən şəxs, Allah taalanı çoxlu zikir etmiş və “Vəzkurullahə zikrən kəsira” ayəsinə uyğun əməl etmişdir. Həmçinin imam Muhəmməd Baqirdən (ə) rəvayət olunan mötəbər bir hədisdə deyilir ki, şübhəsiz ki, Hz. Fatimə (s.ə.)-nın təsbihini deyib, sonra bağışlanmaq diləyən şəxsi Allah taala bağışlayar. Bu təsbih dildə (yəni, dildə deyildikdə) yüzdür (yəni, yüz zikirdən ibarətdir), lakin əməl ilə ölçüldükdə, mindir. Bu təsbih, şeytanı uzaqlaşdırır və Allahın razılığına səbəb olur.” Həzrət Sadiqdən (ə) rəvayət olunan mötəbər bir hədisdə isə deyilir ki, hər kim namaz vəziyyətindən çıxmamış Hz. Fatimənin (s.ə.) təsbihini desə, günahları bağışlanar və cənnət bu şəxsə vacib olar. Başqa bir mötəbər hədisdə də imam Sadiq (ə) buyurubdur ki, mən, hər namazdan sonra Hz. Fatimənin (ə) təsbihini deməyi, gün ərzində min rükət namaz qılmaqdan üstün bilirəm. Həzrət imam Muhəmməd Baqir (ə) buyurubdur: “Allah taala, Hz. Fatimənin (ə) təsbihindən üstün bir zikir və təmcid ilə ibadət edilməmişdir. Çünki əgər bu təsbihdən üstün bir ibadət mövcud olsaydı, Hz. Rəsulillah (s) onu Hz. Fatiməyə öyrədərdi.”
Xülasə, bu barədə mövcud olan hədislərin sayı həddən artıq çox olduğu üçün onların hamısını burada qeyd etmək bu kitabın həcmindən xaricdir.
Bu təsbihin qaydası barəsində isə hədislərimizdə ixtilaflar vardır. Lakin əksər hədislərdə deyilir ki, bu təsbih, otuz dörd dəfə “Allahu əkbər”, otuz üç dəfə “Əlhəmdu lillah” və otuz üç dəfə Subhanəllah”dan ibarətdir. Bəzi hədislərdə də deyilibdir ki, “Subhanəllah”ı “Əlhəmdu lillah”dan qabaq demək lazımdır. Odur ki, alimlər, bu iki məzmunlu hədisləri ortaq məxrəcə gətirib, belə tövsiyə edirlər ki, namazlardan sonra bu təsbih, birinci qaydada və yatmağa gedərkən isə ikinci qaydada deyilsin. Birinci qayda, müsəlmanlar arasında məşhur olduğu üçün üstün tutulur. Müstəhəbdir ki, bu təsbihi dedikdən sonra bir dəfə də “La ilahə illəllah” zikri deyilsin. Həzrət Sadiq (ə) buyurubdur ki, hər kim vacib namazlardan sonra həzrət Fatimənin (s.ə.) təsbihini deyib, bir dəfə də “La ilahə illəllah” zikrini desə, Allah taala bu şəxsin günahlarını bağışlayar. Yaxşı olar ki, bu təsbihi, ümumiyyətlə bütün zikirləri, həzrət İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehdə çevirəsiniz. Həmçinin müstəhəbdir ki, İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi həmişə üstünüzdə gəzdirəsiniz, çünki bu türbət, insanı bəlalardan qoruyur və hədsiz savablara bais olur.
Rəvayət olunur ki, həzrət Fatimə (s.ə.), əvvəlcə əyrilmiş yuna düyünlər vuraraq, onları çevirə-çevirə bu zikirləri deyərmiş. Həzrət Həmzə ibn Əbdül Müttəlib (r) şəhid olduqdan sonra isə həzrət Fatimə (s.ə.) bu əzəmətli şəhidin qəbrinin torpağından götürüb, təsbeh muncuqları hazırladı və onları çevirə-çevirə bu zikirləri dedi. Camaat da bu xanıma baxıb, özləri üçün bu torpaqdan təsbeh düzəltdilər. Həzrət seyyidüş-şühəda Hüseyn ibn Əli (ə) şəhid olduqdan sonra isə camaat, bu məzlum imamın türbətindən təsbeh hazırlayıb, onunla zikir dedilər. İmam Zamandan (ə.c) rəvayət olunur ki, hər kim İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi əlində tutsa və zikir deməyi unutsa, yenə də bu şəxsə zikir deməyin savabı yazılar. Həzrət Sadiq (ə) buyurubdur ki, İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin özü, Adəm övladı zikir deməsə də, zikir deyir. Həmçinin o həzrət (ə) buyurubdur ki, bu türbətdən hazırlanmış təsbeh ilə deyilən bir zikir və ya bir istiğfar, başqa təsbehlərlə deyilən yetmiş zikrin mislidir və hər kim əgər bu təsbihi zikir deməyərək, çevirsə, təsbehin hər bir dənəsi müqabilində bu şəxsə yeddi zikrin savabı yazılar. Başqa bir hədisdə isə deyilir ki, hər kim zikir deyərək, İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi çevirsə, təsbehin hər bir dənəsi ilə deyilən zikrə qırx savab yazılar. Hədislərimizdə deyilir ki, cənnət huriləri yer üzünə enən mələklərdən xahiş edirlər ki, onlar üçün İmam Hüseynin (ə) türbətini və ya bu türbətdən hazırlanmış təsbeh gətirsinlər. İmam Musa Kazimdən (ə) rəvayət olunan başqa bir mötəbər hədisdə deyilir ki, mömin, mütləq bu beş şeyə malik olmalıdır: Misvak, darağ, üzərində namaz qılmaq üçün səccadə, otuz dörd dənəsi olan təsbeh və əqiq üzük. Hədislərimizdən belə aydın olur ki, həm xam torpaqdan və həm də bişmiş torpaqdan hazırlanmış təsbehdən istifadə etmək bəyənilir, əlbəttə, xam torpaqdan hazırlanmış təsbihə daha üstünlük verilir.
Hz. Sadiq (ə) buyurubdur: “Hər kim, İmam Hüseynin (ə) qəbrinin torpağından hazırlanmış təsbeh ilə bir zikir desə, Allah taala bu şəxsə dörd yüz savab yazar və onun dörd yüz günahını silib, dörd yüz hacətini müstəcab edər və məqamını dörd yüz dəfə artırar.”
Müstəhəbdir ki, təbehin ipi, asimanın rəngi kimi göy rəngdə olsun. Bəzi hədislərdə deyilir ki, qadınlar üçün müstəhəbdir ki, barmaqları ilə zikir çəksinlər. Lakin İmam Hüseynin (ə) türbətindən hazırlanmaş təsbeh ilə zikir deməyin fəziləti barəsində mövcud olan hədislər, daha mötəbər hədislərdir və bu hədislərin sayı təvatür həddindən də keçmişdir.
2) Vacib namazlarda salamları dedikdən sonra, əlləri, üç dəfə üzün qarşılığında yuxarı qaldırmaq və sonra əlləri dizin üstünə qoymaq və ya dizə yaxınlaşdırmaqdır. Hər dəfə əlini qaldıranda bir dəfə “Allahu əkbər” zikrini də demək lazımdır. Belə ki, Əli ibn İbrahim, Seyid ibn Tavus və İbn Babəveyh mötəbər sənədlərlə Hz. Sadiqdən (ə) bu hədisi rəvayət edirlər:
“Müfəzzəl ibn Ömər Hz. Sadiqdən (ə) soruşur: “Nə üçün namaz qılan şəxs, salamlardan sonra üç dəfə təkbir deməli və əllərini yuxarı qaldırmalıdır?” O həzrət belə cavab verir: “Çünki Allahın elçisi (s.) Məkkəni fəth etdikdən sonra, Həcərül-əsvədin kənarında səhabələri ilə birlikdə zöhr namazını qıldı və namazın salamlarından sonra üç dəfə təkbir dedi və əllərini yuxarı qaldırdı. Bundan sonra o həzrət bu duanı oxudu:
Allahdan başqa heç bir tanrı yoxdur. O birdir, birdir və birdir, Öz vədinə vəfa edən, bəndəsinə kömək edən, qoşununu qüvvətləndirən və (haqq ilə müxalif olan) dəstələri təkliyi ilə məhv edəndir. Elə isə mülk və hakimiyyət, tərif və həmd yalnız Ona məxsusdur! Dirildib öldürən və öldürüb dirildəndir. O, hər bir şeyə qadirdir.
Peyğəmbər (s) bu duanı oxuduqdan sonra üzünü səhabələrinə tutub dedi: “Vacib namazlardan sonra bu təkbirləri deməyi və bu duanı oxumağı unutmayın! Çünki hər kim namazın salamlarından sonra dediyim bu əməlləri yerinə yetirsə, İslam dininin və qoşununun güclənməsində Allah taalanın nemətinin şükrünü yerinə yetirər.”
Başqa mötəbər bir hədisdə deyilir ki, həzrət Sadiq (ə) namazını qılıb, qurtardıqdan sonra əllərini yuxarı qaldırar və dua edərdi. Həzrət İmam Baqir (ə) buyurubdur: “Allah taala, əllərini göyə qaldırıb, ona əl açan bəndənin əlini boş geri qaytarmağa xəcalət çəkər. Odur ki, dua etdikdən sonra əllərinizi başınıza və üzünüzə çəkin.”
3) Şeyx Kuleyni, mötəbər sənədlə həzrət Baqirdən (ə) bu hədisi nəql etmişdir: “Hər kim vacib namazını qılıb qurtardıqdan sonra qiblədən dönməmiş bu duanı oxusa, Allah taala onun bütün günahlarını, hətta dəniz köpüklərinin sayı qədər olsa belə bağışlayar:
O Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur. O, diri və əbədi, calal və kəramət sahibidir. Mən tövbə edib Ona tərəf qayıdıram.
Başqa bir hədisdə isə deyilmişdir ki, hər kim bu istiğfar duasını hər gün oxusa, Allah taala onun qırx kəbirə (böyük) günahını bağışlayar.
4) Şeyx Kuleyni, mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi nəql etmişdir: “Hər namazdan sonra bu duanı oxuyun:
Özümü və Rəbbimin mənə nəsib etdiklərini yeganə, ehtiyacsız, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allaha tapşırıram. Özümü və Rəbbimin mənə nəsib etdiklərini yaratdıqlarının şərindən, (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər varlığın şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və paxıllıq etdiyi zaman paxılın şərindən sübhün Rəbbinə tapşırıram! Özümü və Rəbbimin mənə nəsib etdiklərini gizlincə vəsvəsə edən, (Allahın adı çəkiləndə qorxusundan) qaçıb-gizlənən, istər cinlərdən olsun, istərsə də insanlardan, insanların ürəklərinə vəsvəsə salan şeytanın şərindən insanların Rəbbi, insanların hökmdarı və (mütləq) hakimi və insanların (həqiqi) məbuduna tapşırıram!
5) Şeyx Kuleyni, mötəbər sənədlə Əli ibn Məhziyardan rəvayət edir ki, Muhəmməd ibn İbrahim həzrət İmam Əli Nəqiyə (ə) bu məzmunda bir məktub yazdı: “Ey mənim ağam, əgər məsləhətdirsə, namazdan sonra oxunan bir duanı mənə öyrədin və bu dua vasitəsilə Allah taala, dünya və axirət xeyrini mənə əta etsin.” O həzrət məktubun cavabında yazdı: “Namazdan sonra bu duanı oxu:
Dünya və axirətin, eləcə də, bütün dərdlərin şərindən əlçatmaz böyük zatın və izzətinə, heç bir şeylə qarşısıalınmaz qüdrətinə pənah aparıram!
Bəzi hədislərdə isə bu duanın davamında “La həvlə və la quvvətə illa billahil əliyyil əzim.” cümləsi də qeyd olunmuşdur.
6. Şeyx Kuleyni və İbn Babəveyh, həm mötəbər və həm də qeyri-mötəbər sənədlərlə həzrət İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqdən (ə) bu hədisi nəql etmişdirlər: “Vacib namazlardan sonra oxunan ən kiçik dua, bu duadır:
İlahi, Səndən Öz elminin əhatə etdiyi hər bir xeyri diləyir və elminin əhatə etdiyi hər bir şərdən Sənə pənah aparıram! İlahi, Səndən bütün işlərimdə afiyət və sağlamlıq diləyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram!
İbn Babəveyhin nəql etdiyi hədisdə isə bu dua “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əllahummə inni əs`əlukə…” cümləsi ilə başlanır.
7) Müstəhəbdir ki, namazı qılıb qurtaran kimi, bu duanı oxuyasınız:
İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənə cəhənnəm odundan pənah ver, məni cənnətə apar və huri ilə evləndir!
Həzrət Əmirilmöminin Əlidən (ə) nəql olunan mötəbər bir hədisdə deyilir ki, bəndə, Allah taaladan huriləri, cənnəti istəməmiş və cəhənnəm odundan Allaha pənah aparmamış, namazdan qalxmasın.
8) Həzrət Sadiq (ə) buyurubdur: “Allah taala, bu Quran ayələrinə yer üzünə nazil olmağı əmr etdikdə, onlar, Allahın ərşindən yapışıb, dedilər: “İlahi, bizi xətakar və günahkarların yanına göndərirsən?” Allah taala onlara vəhy etdi: “Yer üzünə enin, and olsun izzəti-cəlalıma ki, sizi yalnız, Ali-Muhəmməd və onun şiələri isərisində, hər gün yetmiş dəfə Öz gizli rəhmət nəzərimi saldığım bəndələr oxuya biləcəkdir. Bu bəndəyə hər dəfə rəhmət nəzərimi saldıqda, onun yetmiş hacətini rəva edərəm və günahı çox olsa da, yenə də onu (öz dərgahıma) qəbul edərəm.”
Bu məzmunda olan başqa bir hədisdə isə deyilir ki, Allah taala buyurubdur: “Hər kim, namazdan sonra bu ayələri oxusa, Mən, onun günahlarını nəzərə almayıb, ona həzireyi-qüdsdə məskunlaşdıraram. Yaxud hər gün yetmiş dəfə öz xas rəhmət nəzərimlə ona nəzər salaram və yaxud hər gün onun yetmiş hacətini rəva edərəm və bu hacətlərin ən kiçiyi, günahlarının bağışlanmasıdır və yaxud da onu şeytanın və hər bir düşmənin şərrindən amanda saxlaram, qoymaram ki, onlar, bu bəndənin cənnətə daxil olmasına mane olsunlar və (onlara qalib gəlmək üçün) ona kömək edərəm. Bu ayələr aşağıdakılardan ibarətdir:
“Fatihə” surəsi, “Ayətəl-kürsi” (“Hum fiha xalidun” cümləsinə qədər) və “Şəhadət” ayəsi və “Mülk” ayəsi.
“Şəhadət” ayəsi bu ayədir:
Allah Özündən başqa heç bir tanrı olmadığına şəhadət verir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verirlər. Şübhəsiz, Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.
“Mülk” ayəsi isə belədir:
(Ey Peyğəmbər!) De: “Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir Sənin əlindədir. Doğrudan da, Sən hər bir şeyə qadirsən. Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). İstədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən.”
Həzrət Musa ibn Cəfərdən (ə) nəql olunan mötəbər bir hədisdə deyilir ki, vacib namazlardan sonra “Ayətəl-kürsi”ni oxuyan şəxsə, sancan zəhərli heyvanlar zərər yetirə bilməz. Başqa bir hədisdə isə Musa ibn Cəfər (ə) buyurubdur: “Allahın elçisi (s) buyurdu ki, ey Əli, vacib namazlardan sonra “Ayətəl-kürsi”ni oxumağı unutma! Şübhəsiz ki, peyğəmbərlər, siddiqlər (yəni, sözü ilə əməli eyni olan şəxs) və şəhidlər, bu ayələri davamlı olaraq oxuyarlar.”
Peyğəmbər (s) buyurubdur: “Vacib namazlardan sonra “Ayətəl-kürsi”ni oxuyan şəxsin cənnətə daxil olması üçün ölümdən başqa bütün maniələr qaldırılar.”
Başqa bir hədisdə isə o həzrət buyurubdur: “Hər kim, “Ayətəl-kürsi”ni vacib namazlardan sonra oxusa, namazı qəbula yetər. Bu şəxs Allahın amanında olar və Allah taala onu bəlalardan və günahlardan qoruyar.”
9) Şeyx Kuleyni, İbn Babəveyh və başqaları mötəbər sənədlərlə həzrət İmam Muhəmməd Baqirdən (ə) bu hədisi rəvayət edirlər: “Şeybə Həzəli, Hz. Rəsulillahın (s) hüzuruna gəlib dedi: “Ey Allahın elçisi, mən artıq qocalmışam və (müstəhəb) namaz, oruc, həcc və cihad kimi, əvvəllər yerinə yetirdiyim ibadətləri indi yerinə yetirməyə taqətim qalmayıbdır. Mənə asan bir dua təlim edin ki, Allah taala bu dua ilə mənə öz nemətlərini əta etsin.” Hz. Rəsulillah (s) buyurdu: “Dediklərini bir daha təkrar et!” Şeybə Həzəli dediyi bu sözləri üç dəfə təkrar etdi. Sonra Hz. Rəsulillah (s) buyurdu: “Sənin ətrafında olan ağac və daş-torpağın hamısı sənə ürəkləri yandığı üçün ağladılar. Sübh namazından sonra on dəfə bu sözləri de:
Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Allah taala bu duanın bərəkəti sayəsində səni, kor, dəli olmaqdan, xora və xəstəliklərinə düçar olmaqdan, ruh düşgünlüyündən qoruyar.” Şeybə dedi: “Ya Rəsulillah, bunlar, mənə dünyada çatan xeyirlərdir. Axirət üçün xeyirli olan kəlamları da mənə təlim edin.” O Həzrət buyurdu: “Hər namazdan sonra bu duanı oxu:
İlahi, Özün məni doğru yola yönəlt, Öz fəzlinlə mənim üçün ehsanını artır, Öz rəhmətini genişləndir və bərəkətlərini mənə nazil et!
Hz. Rəsulillah (s) daha sonra belə buyurdu ki, əgər ölüm səni haqlayana qədər bilə-bilə bu duanı tərk etməyib, hər namazdan sonra onu oxusan, məhşər səhrasına daxil olduğun vaxt cənnətin səkkiz qapısı sənin üzünə açılar və sən, istədiyin qapıdan içəriyə daxil ola bilərsən.
Bu axırıncı dua, başqa mötəbər sənədli hədislərdə də nəql olunubdur.
10) Namazdan sonra “Təsbihati ərbəə”ni oxumaqdır. Şeyx Tusi, İbn Babəveyh və Himyəri mötəbər sənədlərlə Hz. Sadiqdən (ə) bu hədisi nəql edibdirlər: “Günlərin birində Allahın elçisi (s) öz səhabələrinə buyurdu: “Malik olduğunuz geyimləri və qab-qacaqları bir yerə toplasanız, göylərə çatar?” Onlar “Xeyir, ey Allahın elçisi” -deyə cavab verdilər. O Həzrət buyurdu: “İstəyirsiniz sizə elə bir şeyi təlim edim ki, kökü yerdə olsun və budaqları isə səmaya çatsın?” Səhabələr “Bəli, ey Rəsulillah” -deyə cavab verdilər. Həzrət Rəsulillah (s) buyurdu: “Namazdan sonra otuz dəfə “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.” zikirlərini oxuyun. Bu zikirlərin kökü yerdədir, budaqları isə səmaya çatır. Bu zikirlər, uçulmuş evin altında qalmaq, suda boğulmaq, yanmaq, quyuya düşmək, yırtıcı heyvanların yemi olmaq, pis ölümlərə düçar olmaq kimi bəlaları və habelə, bu zikirlər deyilən gün, səmadan yerə nazil olan hər bir bəlanı insandan uzaqlaşdırar. Allah taalanın Quranda buyurduğu “Baqiyatus salihat”, bu zikirlərdir.”
Həzrət Sadiqdən (ə) rəvayət olunan başqa mötəbər sənədli bir hədisdə deyilir: “Hər kim vacib namazlardan sonra yerindən qalxmamış qırx dəfə bu zikirləri desə, Allahdan istədiyi hər bir hacəti rəva olar.”
Başqa mötəbər bir hədisdə də həzrət İmam Cəfər Sadiq (ə) buyurubdur: “Hər kim vacib namazlardan sonra otuz dəfə “Subhanəllah” zikrini desə, cismindəki bütün günahlar yerə tökülər.”
Həmçinin o həzrət buyurubdur: “Allah taalanın Qurani-məciddə buyurduğu “Zikrun kəsir”, hər vacib namazdan sonra otuz dəfə “Subhanəllah” deməkdir.”
Qütbi Ravəndi rəvayət edir ki, Həzrət Əmirilmöminin Əli (ə), Bərra ibn Azibə buyurdu: “İstəyirsən sənə elə bir əməli təlim edim ki, əgər onu yerinə yetirsən Allahın həqiqi dostlarından olarsan?” O, “Bəli” -deyə cavab verdi. O həzrət buyurdu: “Hər namazdan sonra “Təsbihati ərbəə”nin hər birini on dəfə de. Bu zikirləri desən, dünyada ikən min bəla –onlardan biri də mürtəd olmaqdır– səndən uzaqlaşar. Axirətin üçün də min məqam artırılar və bu məqamlardan biri Hz. Rəsulillahla (s) qonşu olmaqdır.”
11) Şeyx Kuleyni, mötəbər sənədlə Hz. Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: “Hər kim vacib namazdan sonra üç dəfə
Ey istədiyini yerinə yetirən və Ondan başqa heç kim istədiyini yerinə yetirə bilməz.
sözlərini desə, istədiyi hər bir hacəti rəva olar.”
12) Şeyx Bərqi mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət etmişdir: “Hər kim namazını qıldıqdan sonra, dizlərini hərəkət etdirməmiş on dəfə bu “Təhlil”i desə, Haqq taala onun qırx minlərlə günahını silər və ona qırx minlərlə savab yazar. Bu “Təhlil”i demək, on iki dəfə Quranı xətm etməyə bərabərdir. Mən özüm bu “təhlil”i min dəfə oxuyuram, sizin üçünsə on dəfə kifayət edər:
Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun şəriki yoxdur. O, bir, yeganə, tək və ehtiyacsız məbuddur. Özünə heç kimi həyat yoldaşı və övlad götürməmişdir.
Bu “Təhlil”in fəziləti barəsində çoxlu hədislər mövcuddur. Xüsusilə də sübh və şam namazlarından sonra və Günəş doğan və batan vaxtı bu “Təhlil”i deməyin böyük fəziləti vardır.
13) Şeyx Kuleyni, İbn Babəveyh və başqaları mötəbər sənədlərlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: “Cəbrayıl, həzrət Yusif (ə) zindanda olduğu vaxt onun hüzuruna gəlib, hər namazdan sonra bu duanı oxumağı tövsiyə etdi:
İlahi, işlərimdə genişlik və çıxış yolu qərar ver, mənə güman etdiyim və güman etmədiyim yerdən ruzi ver!
14) “Bələdül-əmin” kitabında həzrət Rəsulillahdan (s) bu hədis rəvayət olunubdur: “Əgər istəyirsinizsə Allah taala, Qiyamət günündə sizin yaramaz əməllərinizi özünüzə bildirməsin və günahlar dəftərinizi açmasın, hər namazdan sonra bu duanı oxuyun:
İlahi, həqiqətən, Sənin məğfirətinə öz əməlimdən daha çox ümidvaram! Həqiqətən, Sənin rəhmətin mənim günahımdan daha genişdir. İlahi, əgər mənim günahım Sənin dərgahında böyükdürsə, Sənin əfv və güzəştin mənim günahımdan da böyükdür. İlahi, əgər mən Sənin rəhmətinə şamil olmağa layiq deyiləmsə, Öz rəhmətini mənə şamil etmək və məni əhatə etməyin Sənə layiqdir. Çünki rəhmətin hər şeyi əhatə etmişdir. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
15) ŞeyxKəf`əmi rəvayət edir ki, bir kişi həzrət Rəsulillahın (s) yanına gəlib, xəstəlik və yoxsulluqdan ona şikayətləndi. O həzrət bu kişiyə belə buyurdu: “Hər vacib namazdan sonra bu duanı oxu:
Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
Başqa bir hədisdə isə o həzrət buyurubdur: “Mənə üz verən hər bir çətinlikdə, Cəbrayıl mənim yanıma gələr və bu duanı oxumağı mənə tövsiyə edərdi.” Bir çox başqa mötəbər hədislərdə də buyurulubdur ki, vəsvəsələrə düçar olduqda, borca düşdükdə, qəmli olduqda və tez-tez xəstələndikdə bu duanı oxuyun. Bəzi hədislərdə bu duanın əvvəlində “La həvlə və la quvvətə illa billah.” cümləsi də artırılmışdır..
16) Şeyx Müfid “Müqnəə” adlı kitabında hər namazdan sonra oxunan bu duanı nəql etmişdir:
İlahi, bizi elm və biliklə bəhrələndir, səbirlə zinətləndir, bizə sağlamlıqla gözəllik ver və təqva ilə kəramət bağışla! Həqiqətən, mənim rəhbərim kitabı (Qurani-Kərimi) nazil edən Allahdır və O, saleh bəndələri sevir.
17) İbn Babəveyh, Şeyx Tusi və başqaları mötəbər sənədlərlə həzrət Əmirilmöminin Əlidən (ə) bu hədisi rəvayət ediblər: “Hər kim günahlardan, qızılın artıqlardan təmizləndiyi kimi, pak olub dünyasını dəyişmək istəsə, habelə, Qiyamətdə başqalarına borclu olmayıb onlara görə, sorğu-suala çəkilməmək istəyirsə, gündəlik vacib namazlardan sonra “İxlas” surəsini 12 dəfə oxusun. Daha sonra əllərini səmaya tərəf açıb, (aşağıdakı) bu duanı oxusun. Bu dua, yaranışın sirlərindən biridir. Allahın elçisi (s) bu duanı mənə öyrətmiş və buyurmuşdur ki, Həsən və Hüseynə (ə) də bu duanı təlim edim. Dua belədir:
İlahi, pak, pakizə, mübarək olan gizli adını and verib Səndən istəyirəm, böyük adına və əzəli hakimiyyətini and verib Səndən istəyirəm! Ey əvəzsiz əta edən, ey əsirləri azad edən, ey məxluqatı cəhənnəm odundan xilas edən, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni cəhənnəm odundan xilas et, dünyadan sağlam imanla apar, əmin-amanlıqla behiştə daxil et, duamın başlanğıcını doğruluq, ortasını nicat, axırını isə ləyaqət qərar ver! Çünki Sən qeyb aləminin sirlərini bilənsən.
Başqa mötəbər sənədlərdə dua belədir:
Ey məxluqatı cəhənnəm odundan xilas edən, Səndən Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirməyi, məni də cəhənnəm odundan xilas etməyi, dünyadan sağlam imanla aparmağı, əmin-amanlıqla behiştə daxil etməyi, duamın başlanğıcını doğruluq, ortasını nicat, axırını isə ləyaqət qərar verməyini istəyirəm! Çünki Sən qeyb aləminin sirlərini bilənsən.
Şeyx Kuleyni mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi nəql edibdir: “Allaha və Qiyamət gününə imanı olan hər bir şəxs, vacib namazlardan sonra “İxlas” surəsini oxumağı tərk etməməlidir. Həqiqətən də Allah taala, bu əməli yerinə yetirən şəxsə dünya və axirət xeyirlərini əta edər, onun, ata-anasının və bacı-qardaşlarının günahlarını bağışlayar.”
Başqa bir hədisdə deyilir ki, hər kim vacib namazlardan sonra on dəfə “İxlas” surəsini oxusa, Allah taala, huri ilə onun nikahını kəsər. Seyid ibn Tavus həzrət Rəsulillahdan (s) bu hədisi nəql edibdir: “Hər kim namazdan sonra “İxlas” surəsini oxusa, asimandan onun başına ilahi rəhmət yağar. Bu şəxs firavanlığa çıxar və Allah, öz rəhmət nəzərini onun üzərinə salar, onun günahlarını bağışlayıb, bütün hacətlərini rəva edər. Bu şəxs, həmişə Allahın amanında olar.”
18) Şeyx Kuleyni və başqaları mötəbər sənədlə məsum imamlardan (ə) bu hədisi rəvayət edibdirlər: “Hər kim namazdan sonra sağ əli ilə saqqalını tutub, sol əlini səmaya tərəf açıb, üç dəfə
Ey calal və kəramət sahibi, mənə rəhm et və məni cəhənnəm odundan nicat ver!
və 3 dəfə də
Mənə ağrılı əzabdan aman (pənah) ver!
sözlərini desə və sonra sağ əlini də saqqalından götürüb, səmaya tərəf açıb, üç dəfə
Ey əziz, ey kərim, ey rəhman, ey bağışlayan, ey mehriban!
sözlərini desə və daha sonra əllərini döndərərək, əllərinin üstünü səmaya tərəf tutub, üç dəfə
Mənə ağrılı əzabdan aman (pənah) ver!
sözlərini desə və sonunda
Allahın salamı olsun Muhəmməd və onun Əhlibeytinə, eləcə də, mələklər və ruha!
salavatını desə, Allah taala onun bütün günahlarını bağışlayar və ondan razı qalar. Bu şəxsin əcəli yetişənə qədər cin və insanlardan savayı bütün məxluqlar onun üçün bağışlanmaq diləyərlər.”
19) Şeyx Mufid “Məcalis” adlı kitabında Muhəmməd ibn Hənəfiyyənin dilindən rəvayət edir ki, günlərin birində atam həzrət Əmirilmöminin Əli (ə), Kəbənin ətrafını təvaf etdiyi halda, bir kişinin Kəbənin pərdəsindən tutaraq, (aşağıdakı) bu duanı oxuduğunu görür. Həzrət Əmirilmöminin Əli (ə) o kişiyə deyir: “Sən, həmişə bu duanı oxuyursan?” O kişi deyir: “Bəli. Siz mənim etdiyim duanı eşitdinizmi?” Həzrət Əmirilmöminin (ə): “Bəli, eşitdim” -deyə cavab verir. Daha sonra o həzrət buyurur: “Bu duanı hər namazdan sonra oxu! And olsun Allaha ki, mömin bir şəxs, əgər bu duanı hər namazdan sonra oxusa, şübhəsiz ki, Allah taala onun bütün günahlarını, hətta göydəki ulduzların və ya yağış damlalarının, yaxud da yer üzündəki qum və torpaq dənəciklərinin sayı qədər olsa belə, bağışlayar.” Həzrət Əmirilmöminin Əli (ə) daha sonra bu sözləri əlavə edir: “Mən bu duanı bilirəm və Allah taala Vasiul-ətaya (bəxşişi geniş) və kərimdir.” O kişi deyir: “Düz deyirsən, ey Əmirilmöminin, hər alimdən üstün bir alim də vardır!” Bu kişi, həzrət Xızır (ə) imiş.
Kəfəmi də bu duanı “Bələdul-əmin” adlı kitabında nəql etmişdir. Bu dua belədir:
Ey nəyisə eşitmək digər bir şeyi eşitməsinə mane olmayan, ey çoxlu sayda hacət istəyənlərin hacəti onu səhv və xətaya uğratmayan və onların arzusunun çoxluğundan yorulmayan! İlahi, əfv və bağışlamağının ləzzətini, lütf və mərhəmətinin şirinliyini mənə dadızdır!
20) Deyləmi, “Əlamud-din” adlı kitabında İbn Abbasdan rəvayət edir ki, həzrət Rəsulillah (s) buyurdu: “Hər kim, şam namazından sonra bu ayələri oxusa, gün ərzində əldən verdiyi savabları qazanar və namazı da qəbul olar. Amma əgər hər vacib və müstəhəb namazlardan sonra oxusa, göydəki ulduzların, yağış damlalarının, ağacların yarpaqlarının və yer üzündəki torpaq zərrəciklərinin sayı qədər ona savab yazılar. Vəfat etdikdən sonra da qəbirdə ona hər savabın müqabilində on savab əta edilər. Bu ayələr, aşağıdakı ayələrdir:
Gecələdiyiniz zaman Allah bütün eyiblərdən pak və uzaqdır. Sübhə çıxdığınız zaman Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd-səna göylərdə, yerdə, axşam və günortaya çıxdığınız zaman Allaha məxsusdur. O, ölüdən diri, diridən də ölü çıxarır, torpağı öldükdən sonra dirildir və siz də (qəbirdən) belə çıxarılacaqsınız. Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
21) Seyid ibn Tavus mötəbər sənədlə Cəmil ibn Dərracdan bu hədisi rəvayət edir: “Bir kişi həzrət İmam Cəfər Sadiqin (ə) yanına gəlib, dedi: “Ey mənim mövlam, mən, artıq yaşa dolmuşam. Mənim bütün qohumlarım dünyadan köçübdürlər və heç bir munisim qalmayıbdır. Qorxuram ki, (bu tənhalıqda) ölüm məni də haqlasın.” Həzrət Sadiq (ə) buyurdu: “Mömin və salehli qardaşlar ilə ünsiyyət yaratmaq, qohumlarla ünsiyyət yaratmaqdan da üstün tutulur. Lakin əgər özün, ya qohumların və ya dostların üçün uzun ömür arzulayırsansa, hər namazdan sonra bu duanı oxu:
İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! İlahi, Sənin düzdanışan və təsdiqlənmiş Rəsulun (Sənin salamın olsun ona və Əhlibeytinə) Sənin belə buyurduğunu demişdir: “Mən mömin bəndəmin ruhunu bədənindən çıxartmaqda tərəddüd etdiyim kimi, yerinə yetirdiyim heç bir işdə tərəddüd etməmişəm. O, ölümü xoşlamadığı kimi, mən də onun narahat olmasını xoşlamıram. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və Öz nümayəndənin zühuru, afiyəti və köməyinə tələs, mənim və dostlarımın narahatçılığını aradan qaldır!
Əgər istəsən dostlarının adlarını bir-bir belə deməklə çəkə bilərsən: “Və fi fulanin, və fi fulanin…” fulan sözünün yerinə dostunun adını de.
Ravi deyir: “Mən daima bu duanı oxudum. O qədər ömrüm artdı ki, artıq yaşamaqdan beşmişdim.” Əlbəttə ki, bu dua çox mötəbərdir və bütün dua kitablarında gəlmişdir.
