Müstəhəb namaz: İstiğasə namazı və ya kömək diləmə namazı
Şeyx Abbas Qumi öz Məfatihul-cinan kitabında qeyd edir: “Məkarim” adlı kitabda nəql olunur ki, “İstiğasə” namazını qılmaq üçün gecə yatmaq istədiyin vaxt təmiz bir qabı pak su ilə doldur və üzərinə təmiz bir parça çəkib, yatağının kənarına qoy. Gecə namazını qılmaq üçün gecənin axırında oyandığın vaxt o sudan üç qurtum iç və suyun qalanı ilə dəstəmaz al. Daha sonra üzü qibləyə dayanıb, azan və iqamə de və 2 rəkət namaz qıl. Namazda “Həmd” və istədiyin bir Quran surəsini oxu və sonra rükuya get. Rükuda 25 dəfə “Ya ğiyasəl mustəğisin” zikrini de. Rükudan qalxıb, ayaq üstə dayandığın halda yenə də 25 dəfə bu zikri de. Həmçinin 1-ci səcdədə və səcdədən qalxıb, yerində əyləşdiyin halda, habelə, 2-ci səcdədə və 2-ci səcdədən qalxıb yerində əyləşdiyin halda, 25 dəfə bu zikri de. 2-ci rəkəti də bu qayda ilə qıl. Beləliklə də bu 2 rəkət namazda bu zikri 300 dəfə deyirsən. Namazın təşəhhüd və salamlarını dedikdən sonra başını göyə qaldır və 30 dəfə “Minəl əbdiz zəlil iləl məvləl Cəlil” sözlərini de. Sonra öz hacətini istə. İnşaallah, tezliklə hacətin rəva olar.
