“Zatur-riqa” istixarəsinin namazı.
Şeyx Abbas Qumi deyir ki, istixarə sözünün mənası, “xeyir istəmək” deməkdir. Odur ki, hər bir işi görmək istədikdə, o işin xeyrini Allahdan istə. Hədislərdə buyurulubdur ki, gecə namazının axırıncı səcdəsində də Allahdan hər işin xeyrini istəyərək, 101 dəfə bu sözü demək olar: “Əstəxirullahə birəhmətih.” Sübh nafiləsinin axırıncı səcdəsində və günorta namazının nafilələrinin hər bir rəkətində Allahdan xeyir diləmək də müstəhəbdir.
Bu namaz[1] aşağıdakı qaydada qılınır:
Bir işi yerinə yetirmək istədiyin vaxt niyyət edib, altı kağız parçası götür və onlardan 3-nə bu sözləri yaz:
| Ərəbcə | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، خِيَرَةٌ مِنَ اللهِ الْعَزيزِ الْحَكيمِ، لِفُلان بْنِ فُلانة اِفْعَلْ |
| Tərcümə | Bağışlayan və mehriban Allahın adı ilə başlayıram. İzzətli və qüdrətli Allahdan filankəsin oğlu filankəs üçün xeyir diləyirəm |
| Transkripsiya | Bismillahir rəhmanir rəhim, xiyərətun minəllahil əzizil hə-kim, li fulanibni fulan, if`əl |
O birisi 3 kağızda isə “İf`əl” sözünün yerinə “La təf`əl” sözünü yaz. Sonra bu kağızları səccadənin altına qoy və 2 rəkət namaz qıl. Namazı qılıb, qurtardıqdan sonra səcdəyə get və 100 dəfə bu sözləri de:
| Ərəbcə | اَسْتَخيرُ اللهَ بِرَحْمَتِهِ، خِيَرَةً في عَافِيَةٍ |
| Tərcümə | Allahdan Öz rəhməti vasitəsilə afiyət və sağlamlıqla birgə xeyir diləyirəm! |
| Transkripsiya | Əstəxirullahə birəhmətihi xiyərətən fi afiyəh |
Daha sonra səcdədən qalxıb, yerində əyləş və bu duanı oxu:
| Ərəbcə | اللَّهُمَّ خِرْلي وَاخْتَرْلي في جَميعِ اُمُوري، في يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ |
| Tərcümə | İlahi, mənə xeyir yetir və bütün işlərimdə mənə xeyir qismət et ki, Öz tərəfindən asanlıq və sağlamlıqla sona yetsin! |
| Transkripsiya | Əllahummə xir li vəxtər li fi cəmii umuri, fi yusrin minkə və afiyəh |
Bu duadan sonra əlinlə kağızları qarışdır və bir-bir səccadənin altından çıxart. Əgər ardıcıl olaraq üç “İf`əl” yazılan kağız çıxsa, o işi yerinə yetir. Amma əgər ardıcıl olaraq üç “La təf`əl” yazılan kağız çıxsa, o işi yerinə yetirmə. Amma əgər birinci “İf`əl” yazılan kağız və ikinci “La təf`əl” yazılan kağız çıxsa, kağızları yenidən qarışdır və onlardan beşini götür. Əgər üç “İf`əl” və iki “La təf`əl” yazılıbdırsa, o işi yerinə yetir, amma əgər əksinə olsa, o işi yerinə yetirmə.[2]
Mənbələr:
[1] “Riqa” ərəb sözü olub “kağız vərəqlər” deməkdir.
Bu istixarədə kağız vərəqlər üzərində yazıdan
istifadə edildiyi üçün “zatur-riqa istixarəsi” adlanmışdır.
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 230, hədis 5
