Ziyarətnamə: İmam Zamanın (ə.f) ziyarəti və onun qaydası
İmam Zamanın (ə.f) ziyarəti
İmam Zamanı (ə.f) ziyarət etməyin qaydasını bəyan etməzdən öncə 2 mətləbi nəzərinizə çatdırmağı lazımlı hesab etdik:
1) “Müqəddəs sərdabə” haradadır?
Mərhum Mühəddis Qummi “Məfatihul-cinan”da yazır: İmam Zamanın (ə.f) pak sərdabəsi adlanan yer İmam Həsən Əskərinin (ə) evində yerləşən sərdabədir. İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) qəbirləri üstündə gümbəz və hərəm tikilməmişdən öncə bu sərdabəyə giriş yolu o pak qəbirlərin arxa tərəfində yerləşirdi, yəni Nərciz-Xatunun (s.ə) qəbri yaxınlığında. Hal-hazırda isə həmin rəvaqda (hərəmin daxilində qəbirlərin yerləşdiyi otaqda) yerləşir. Bu giriş yolu ilə pillələrlə aşağı endikdən və bir dalandan keçdikdən sonra İmam Zamanın (ə.f) qeybə çəkildiyi sərdabəyə çatırsan. Bu sərdabənin içərisi ayna ilə bəzədilmiş və pəncərəsi qiblə tərəfdən Əskəriyəynin (ə) (yəni İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə)) səhninə açılır.
2) “Bəqi İmamlarının (ə) ziyarəti” fəslində qeyd etdiyimiz Süleyman ibn İsanın öz atasından və onun da İmam Sadiqdən (ə) nəql etdiyi hədisdən əldə olunur ki, harada olmaqdan asılı olmayaraq dövrün İmamını (ə) ziyarət etmək (indiki dövrün imamı Həzrət Məhdidir (ə.f)) mümkündür. Bu hədisdən həmçinin əldə olunur ki, cümə günü digər günlərdən daha fəzilətli bir gündür.[1] Beləliklə, İmam Zamanın (ə.f) aşiqləri və şiələri mümkün olduğu təqdirdə hər sübh qeyd olunacaq bəzi ziyarətlər və dualar vasitəsilə o həzrəti yad etsinlər, onun salamatlığı və zühuru üçün dua etsinlər. Hər gün mümkün olmadığı təqdirdə isə ən azı həftədə bir dəfə cümə günü o həzrəti münasib bir məkanda ziyarət etsinlər. Bəzi dualarda vurğulandığı kimi, qəlbi onun yadı ilə abad saxlasınlar.[2]
İmam Zamanı (ə.f) ziyarət etməyin qaydası
Bütün ziyarətlərdə olduğu kimi, habelə bütün alimlərin rəyinə əsasən hər bir imamın hərəminə daxil olmamışdan qabaq «Ziyarətlərə daxil olmaq izni» məqaləsinin 1-ci bəndində olan «İzni-duxul»u oxumaq lazımdır və icazəsiz içəriyə daxil olmaq bəyənilmir. İndi isə bu mütəhhər sərdabanın ziyarətinin şərhinə başlayırıq. Bu mütəhhər sərdabənin “İzni-duxul”u və «Əssəlamu ələykə ya xəlifətəllah» cümləsi ilə başlanaraq, sonunda içəriyə daxil olmaq üçün izin istənilir. Seyid ibn Tavus qeyd etdiyimiz məqaləsinin 1-ci bəndinə oxşar «İzni-duxul»u öz kitabında qeyd etmişdir. Əllamə Məclisi isə “Əllahummə innə hazihi buq`ətun təhhərtəha və əqvətun şərrəftəha…” cümlələri ilə başlanan başqa bir “İzni-duxul”u qədim nüsxələrdən nəql etmiş və biz də bunu «Ziyarətlərə daxil olmaq izni» olan məqaləmizin 2-ci bəndində qeyd etmişik. Xülasə, “İzni-duxul”u oxuyub, icazə aldıqdan sonra mütəhhər sərdabanın içərisinə daxil ol və İmam Zamanı (ə.f), özünün göstəriş verdiyi kimi, ziyarət et. Bu göstəriş «İmam Zamanın (ə.f) ziyarəti» məqaləsində qeyd olunubdur.
Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 96, səh 287, hədis 4
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 103
