İslam aylarının əməlləri: Zilhiccə ayının birinci günü — Zilhiccə ayı, 1-ci gün
Zilhiccənin 1-ci günü:
Zilhiccə ayının 1-ci günü mübarək bir gündür və bu gündə bir neçə əməl yerinə yetirilir:
1) Oruc tutmaq: Hədislərin birində İmam Musa Kazim (ə) buyurur ki, kim Zilhiccə ayının 1-ci gününü oruc tutsa, Allah ona böyük savab yazar (80 ayın orucunun savabına malikdir).[1]
2) Xanım Fatimə-Zəhra (s.ə) namazını qılmaq: Mərhum Şeyx Tusi yazır ki, bu gündə Xanım Fatimə-Zəhra (s.ə) namazını qılmaq müstəhəbdir. Bu namaz 4 rəkətdir (iki rəkət-iki rəkət qılınır) və Əmirəlmöminin Əlinin (ə) namazı kimidir: hər rəkətdə 1 dəfə «Həmd» surəsi və 50 dəfə «İxlas» surəsi oxunur. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) zikrini deyin. Daha sonra deyin[2]:
| Ərəbcə | سُبْحَانَ ذِى الْعِزِّ الشَّامِخِ الْمُنِیفِ، سُبْحَانَ ذِى الْجَلَالِ الْبَاذِخِ الْعَظِیمِ، سُبْحَانَ ذِى الْمُلْکِ الْفَاخِرِ الْقَدِیمِ، سُبْحَانَ مَنْ یَرَىٰ اَثَرَ النَّمْلَةِ فِى الصَّفَا، سُبْحَانَ مَنْ یَرَىٰ وَقْعَ الطَّیْرِ فِى الْهَوَآءِ، سُبْحَانَ مَنْ هُوَ هٰکَذَا وَ لَا هٰکَذَا غَیْرُهُ |
| Tərcümə | Uca məqam və izzət sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Şövkət və əzəmət sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Mülkü qədim və iftixar sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Daşların üzərində qarışqanın ayaq izlərini görən Allah pak və bütün eyiblərdən uzaqdır! Quşların havada uçuş xəttini görən Allah pak və bütün eyiblərdən uzaqdır! O Allah pak və bütün eyiblərdən uzaqdır ki, yalnız O, bu xüsusiyyətlərə sahibdir və başqalarında bu xüsusiyyətlər yoxdur! |
| Transkripsiya | Subhanə zil izziş şamixil munif, subhanə zil cəlalil bazi-xil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis səfa, subhanə mən yəra vəq`ət təyri fil həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh. |
3) Zöhrdən yarım saat qabaq 2 rəkət namaz qılın. Hər rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsini, 10 dəfə «Ayətəl-kursi» ayələrini və 10 dəfə «Qədr» surəsini oxuyun[3].
4) Kimin zalımdan qorxusu varsa, belə bir gündə bu duanı oxusun:
| Ərəbcə | حَسْبِي حَسْبِي حَسْبِي مِنْ سُؤَالِي عِلْمُكَ بِحَالِي |
| Tərcümə | Mənim (Səndən) istəyim və Sənin mənim vəziyyətimdən agah olmağın bəs edər, bəs edər, bəs edər! |
| Transkripsiya | Həsbi , həsbi , həsbi min sua-li ilmukə bəhali. |
Bil ki, belə bir gündə həzrət İbrahim Xəlil dünyaya gəlmişdir. İki şeyxin nəql etdiyi hədisə əsasən, belə bir gündə həzrət Əli əleyhissalam həzrət Fatimə salamullahi əleyha ilə evlənmişdir.
Mənbə:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 671
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 671
[3] Seyid ibn Tavus — İqbal, səh 325
[4] Seyid ibn Tavus – İqbal, səh 325
