Ziyarətnamə: Sə`sə`ə məscidinin əməlləri
“Sə`sə`ə” məscidinin əməlləri
Seyid ibn Tavus “Misbahuz-zair” kitabında [1] yazır ki, bu məsciddə iki rəkət namaz qıldıqdan sonra “Rəcəb ayının günlərinin əməlləri” fəslində qeyd olunan “Əllahummə ya zəl minənis səbiğəti, vəl ələil vəziəti…” duasını oxuyun.
Əllamə Məclisi öz kitabında[2] “Məzar-Şəhid” və “Məzar-Kəbir” kitablarına istinadən, Seyid ibn Tavus isə özünün “İqbal” kitabında qeyd edir ki, bəzi möminlər mübarək rəcəb ayında İmam Zamanı (ə.f) bu məsciddə görmüşlər. Belə ki, o həzrət 2 rəkət namaz qıldıqdan sonra sözügedən duanı oxumuşdur. (Ola bilsin ki, İmam Zaman (ə.f) rəcəb ayı münasibətilə bu duanı bu məsciddə oxumuşdur, nəinki bu duanın bu məscidə məxsus olması baxımından.)
Hər halda, şübhə yoxdur ki, belə bir geniş və dərin mənalı minacatı bu məsciddə oxumaq hər bir zaman üçün münasibdir.
Zeyd və Sə`sə`ənin şəxsiyyəti
“Zeyd” və “Sə`sə`ə” məscidləri Həzrət Əlinin (ə) dostlarından olan iki qardaşa mənsubdur: Zeyd ibn Suhan və Sə`sə`ə ibn Suhan. Əmirəlmöminin Əlinin (ə) ən yaxın səhabələrindən olan Zeyd öz dövrünün böyük və təqvalı şəxsiyyətlərindən olmuşdur. O, Cəməl döyüşündə Həzrət Əlinin (ə) qoşununda şəhid oldu.[3] “Zeyd məscidinin əməlləri”ndə qeyd olunan dua da onun gecə namazında oxuduğu duadır.[4]
Sə`sə`ə də Əmirəlmöminin Əlinin (ə) səhabələrindən və o həzrətin haqqını tanıyan imanlı bir şəxsiyyət olmuşdur. Onun fəsahət və bəlağəti (natiqlik, xətiblik qabiliyyəti) elə bir həddə idi ki, Əmirəlmöminin (ə) ona “mahir natiq” ləqəbi vermiş[5], onun xətiblik məharətini, həmçinin dolanışıq xərclərinin az olmasını və camaata çox yardım etməsini tərifləmişdir. [6]
Sə`sə`ə Əmirəlmöminin Əlinin (ə) cənazəsi dəfn olunduğu gecə o həzrətin övladlarının kənarında olmuşdur (yəni o həzrətin dəfnində iştirak edən şəxslərdən olmuşdur). Dəfndən sonra o, Əmirəlmömininin (ə) pak qəbri kənarında dayanmış, bir ovuc torpaq götürüb başına tökmüş və demişdir: “Atam-anam sənə fəda olsun, ey Əmirəlmöminin! Allahın kəramətləri sənə nuş olsun, ey Əbəl Həsən! Həqiqətən sənin mövludun pak, səbrin qüvvətli və cihadın əzəmətli olmuşdur. Sən arzuladığına çatdın. Mənfəətli ticarət etdin və Rəbbinin görüşünə tələsdin…” Beləcə, Sə`sə`ə o həzrətin sifətlərini sadalayaraq möhkəm ağlamış və başqalarını da ağlatmışdır. [7] Həqiqətdə, o, Əmirəlmömininin (ə) qəbri başında əza məclisi qurmuşdur ki, rövzəxanı Sə`sə`ə və əza iştirakçıları Həsən (ə), Hüseyn (ə), Muhəmməd ibn Hənəfiyyə, Əbəlfəzl Abbas (ə) və o həzrətin başqa övladları və qohum-əqrəbası olmuşdur. Allahın rəhməti və rizvanı olsun ona.
Mənbələr:
[1] Misbahuz-zair, s.109.
[2] Biharul-ənvar, c.97, s.446; Məzar-Kəbir, s.143.
[3] Biharul-ənvar, c.23, s.211.
[4] Öncəki qaynaq, c.97, s.445.
[5] Öncəki qaynaq, c.34, s.308.
[6] Öncəki qaynaq, c.23, s.211.
[7] Öncəki qaynaq, c.42, s.295.
