Ziyarətnamə: İmam Hüseyn (ə) ziyarəti və bu ziyarətlə bağlı bəzi göstərişlər — 1-ci hissə
1) Şeyx Məhəmməd ibn Məşhədi «Məzar Kəbir» kitabının bayram ziyarətlərinin müqəddiməsində İmam Sadiqin (ə) səhabəsi Səfvana olan göstərişində belə buyurmuşdur:
“Həzrəti ziyarət etmək istəsən, 3 gün oruc tut. 3-cü gün qüsl al və bütün ailəni başına yığıb bu duanı oxu[1]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əstəvdiukəl yəvmə nəfsi və əhli və mali və vuldi, və kullə mən kanə minni bisəbiliş şahidə minhum vəl ğaib, | İlahi, bu gün özümü, əhli-əyalımı, malımı, övladlarımı və mənimlə yolu bir olan – mənimlə birgə, ya da məndən uzaq olan hər bir şəxsi Sənə tapşırıram! | اللَّهُمَّ إِنِّي أَسْتَوْدِعُكَ الْيَوْمَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي وَ وُلْدِي وَ كُلَّ مَنْ كَانَ مِنِّي بِسَبِيلٍ الشَّاهِدَ مِنْهُمْ وَ الْغَائِبَ |
| Əllahumməhfəzna (bihifzikə) bihifzil imani vəhfəz ələyna, | İlahi, (Öz hifzinlə) imanınızı hifz et və özümüzü qoru! | اللَّهُمَّ احْفَظْنَا [بِحِفْظِكَ] بِحِفْظِ الْإِيمَانِ وَ احْفَظْ عَلَيْنَا |
| Əllahumməc`əlna fi hirzikə və la təslubna ni`mətək, və lə tuğəyyir ma bina min ni`mətin və afiyəh, və zidna min fəzlikə inna iləykə rağibun. | İlahi, bizi Öz pənahında saxla, nemətini bizdən alma, sahib olduğumuz nemət və sağlamlığı dəyişdirmə və Öz fəzlini bizə artır ki, həqiqətən, biz Səni istəyirik! | اللَّهُمَّ اجْعَلْنَا فِي حِرْزِكَ وَ لا تَسْلُبْنَا نِعْمَتَكَ وَ لا تُغَيِّرْ مَا بِنَا مِنْ نِعْمَةٍ وَ عَافِيَةٍ وَ زِدْنَا مِنْ فَضْلِكَ اِنَّا إِلَيْكَ رَاغِبُونَ |
Evdən çıxıb xüşu halında de:
| Ərəbcə | لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ وَ الْحَمْدُ لِلَّهِ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür və həmd Allaha məxsusdur! |
| Transkripsiya | Lə ilahə illəllah, vəllahu əkbəru vəl həmdu lillah. |
Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-beytinə salam və salavat göndərib, yavaş-yavaş və vüqarla hərəkət et.[2] Nəql olunmuşdur ki, Allah Təala İmam Hüseynin (ə) qəbrini ziyarət edənlərin hər bir tər damlasından min mələk yaradar ki, Allaha zikr edər və Qiyamət gününə qədər onun üçün məğfirət dilərlər.
2) İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, İmam Hüseynin (ə) ziyarətinə getdikdə, o həzrəti qəmli, hüznlü, ac-susuz halda ziyarət edin, çünki o həzrət elə bu halda da şəhid olmuşdur. Sonra öz hacətini istədikdən sonra vətəninə qayıt (qəbrin kənarında məskən salma).[3]
3) O həzrətin ziyarət səfərində özünlə toyuq, halva və bu kimi ləzzətli yeməklər götürmə, əksinə yeməyini süd, qatıq və bu kimi yeməklərdən et. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Eşitmişəm ki, bir qrup İmam Hüseynin (ə) ziyarətinə gəldikdə, özləri ilə qızardırılmış keçi əti və halva götürürlər. Əgər onlar ata-babalarının, yaxud dostlarının qəbrini ziyarət etməyə getdikdə, özləri ilə belə yeməklərmi aparırlar?”[4]
Başqa bir mötəbər hədisdə o həzrət Müfəzzəl ibn Ömərə belə buyurmuşdur: “İmam Hüseyni (ə) elə ziyarət edin ki, ziyarət etməməyiniz ondan yaxşı olsun…” Müfəzzəl dedi: “(Ya İmam! Bu sözünüzlə) mənim belimi qırdınız.” İmam buyurdu: “And olsun Allaha! Əgər öz ata-babalarınızın qəbrinin ziyarətinə getdikdə, qəm-qüssəli olursunuz. İmam Hüseynin (ə) ziyarətinə isə getdikdə, özünüzlə bər-bəzəkli süfrələr (yeməklər) götürürsünüz. Halbuki o həzrətin ziyarətinə toz-torpaqlı, qəm-qüssəli getmək lazımdır.”
Şeyx Abbas Qumi deyir: “Necə də yaxşı olar ki, varlılar və tacirlər bu səfərdə İmam Sadiqin (ə) göstərişlərinə əməl etsinlər. Hər zaman Kərbəlaya qədər olan yolda bir şəhərə çatdıqda, onları pişvaz edib, onlara qonaqlıq verən bəzi dost-tanışları (onları evindən yola salan zaman) süfrələrini ləzzətli yeməklərlə doldurmaq istədikdə, buna mane olub desinlər: “Biz Kərbəla müsafirləriyik, özümüzlə ləzzətli yeməklər aparmağımız yaxşı deyildir.”
Şeyx Kuleyni nəql etmişdir ki, İmam Hüseynin (ə) şəhadətindən sonra o həzrətin zövcəsi matəm saxlayıb ağladı, digər qadınları və xidmətçiləri də ağlatdı. Onların göz yaşları quruduqdan sonra onlara yemək üçün “Qətta” adlı bir quşu qızardıb göndərdilər. Məqsəd də bu idi ki, onu yeyib, yenidən İmam Hüseynə (ə) matəm və əza saxlamaq üçün qüvvətlənsinlər. İmam Hüseynin (ə) möhtərəm zövcəsi bunu görən kimi “Bu nədir?” – deyə soruşduqda, dedilər: “Bu, filankəsin sizə hədiyyəsidir. Onu yeməklə İmam Hüseynə (ə) matəm saxlamaq üçün qüvvətiniz olsun.” Xanım dedi: “Biz toy etmirik, bizim belə yeməyə ehtiyacımız yoxdur!” Bundan sonra göstəriş verdi ki, onu evdən götürüb aparsınlar.
4) İmam Hüseynin (ə) ziyarət səfərində müstəhəb əməllərdən biri də təvazökarlıq etmək, zəlil və günahkarlar kimi yol getməkdir. Bəs, bu səfərə maşınla çıxanlar Kərbəlaya çətinliklə və piyada gələnlərə baxıb təkəbbür etməməli, onlara həqarət gözü ilə baxmamalı və bu məsələdə çox diqqətli olmalıdırlar. Alimlər “Əshabi-Kəhf”in əhvalatında yazırlar ki, onlar Dəqyanus adlı padşahın xüsusi adamları və vəzirləri olsalar da, Allah Təala Öz mərhəmətini onlara şamil etdi və onlar Allaha pərəstiş və özlərini islah etmək fikrinə düşdülər. Bununla da məsləhət gördülər ki, camaatdan ayrılıb “Məva” mağarasında ibadətlə məşğul olsunlar. Buna görə atlarına minib şəhərdən çıxdılar. Bir az yol getmişdilər ki, onların arasında olan Təmlixa dedi: “Qardaşlar! Bizim bu yolumuz axirət yoludur, fəqir kimi hərəkət etməli, dünyapərəst, rəis və padşahlıq fikrindən yayınmalıyıq. İndi isə atlarımızdan düşməli və Allahın dərgahına doğru piyada getməliyik. Bəlkə Allah Təala bizə rəhm etsin, işlərimizi asanlaşdırsın.” Beləliklə, onlar hamılıqla atdan düşdülər. Elə həmin gün onlar yeddi fərsəx yolu piyada getdilər və nəhayət, ayaqları parçalanıb qan axdı. Belə isə, onları ziyarət edənlər bilməlidirlər ki, hər kəs bu yolda Allaha xatir təvazökarlıq etsə, məqamı ucalar. Buna görə də İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Allah-Taala İmam Hüseynin (ə) ziyarətinə piyada gedənlərin hər qədəminə min savab yazar, min günahını silər və behiştdə məqamını min dəfə artırar.”[5]
5) O həzrətin ziyarətinə gedən kəs Fərat çayına çatdıqda, qüsl etsin, ayaqqabılarını əlinə götürüb, ayaqyalın və Allahın günahkar bəndəsi kimi yoluna davam etsin.[6] Fərat çayının fəzilətləri haqqında digər məqaləmizdən istifadə edə bilərsiz.
6) Əgər yol əsnasında yorulub əldən düşən və xəstələnən bir zəvvarı görmüş olsa, onu yardım edib məqsədə çatdırsın. Məbada, bu işdə səhlənkarlığa yol verilsin. Şeyx Kuleyni mötəbər sənədlə Əbu Harundan belə nəql etmişdir: “Bir gün İmam Sadiq (ə) yanındakılara buyurdu: “Sizə nə olub ki, bizim haqqımıza riayət etməkdə səhlənkarlıq edirsiniz?” Xorasan əhlindən bir nəfər ayağa qalxıb dedi: “Sizin əmrlərinizi yüngül saymaqdan Allaha pənah aparırıq!” İmam buyurdu: “Sən özün bizi xar edən və əmrlərimizi yüngül sayan şəxslərdən birisən!” O dedi: “Mən sizi xar etməkdən Allaha pənah aparıram?” İmam buyurdu: “Vay olsun sənə! Eşitmədinmi ki, biz Cöhfənin yaxınlığında olarkən filankəs səndən “Yorulmuşam, məni də bir neçə addım atına mindir!” – deyə xahiş etdikdə, Allaha and olsun ki, sən başını qaldırıb, ona cavab vermədin, ona etina etmədin. Hər kəs bir mömini xar etsə, Allaha hörmətsizlik etmiş olar.”[7]
Şeyx Abbas Qumi deyir: “Biz “Ziyarətin ədəb qaydaları” bölümündə doqquzuncu ədəb qaydasında bu məsələ ilə bağlı Əli ibn Yəqtindən bir rəvayət qeyd etdik ki, orada gözəl öyüd-nəsihətlər deyilmişdir. Maraqlananlar həmin rəvayətə müraciət etsinlər. Burada isə qeyd edilən ədəb qaydası yalnız İmam Hüseynin (ə) zəvvarlarına məxsus deyildir, lakin bu məsələ o həzrətin ziyarət səfərində başqalarından artıq baş verdiyindən onu burada qeyd etməyi lazım gördük.”
7) Məhəmməd ibn Müslüm deyir ki, İmam Məhəmməd Baqirə (ə) dedim: “Baban Hüseyn ibn Əlinin (ə) ziyarətinə gedən şəxsin sanki həccdə olması doğrudurmu?” İmam (ə) buyurdu: “Bəli!” Dedim: “Belə isə həccdə vacib olanlar o həzrətin ziyarətində bizə də vacib olar.” İmam (ə) buyurdu: “Sənə lazım olan budur ki, səninlə yoldaş olanlarla mehriban davranasan, xeyir sözləri müstəsna etməklə az danışasan, Allahı çox yad edəsən, təmiz libaslar geyinəsən, hərəmə daxil olmazdan öncə qüsl edəsən, diqqətlə və son təvazökar olub, çox namaz qılasan, Məhəmməd (s) və Əhli-beytinə salavat deyəsən, sənə layiq olmayan şeylərdən qorunasan, gözünü haramlardan yumasan, yoxsul olan mömin qardaşına yardım edəsən. Əgər yol xərci qurtaran bir kəsi görsən, onun əlindən tutasan, öz xərcini onunla bərabər böləsən, təqiyyə etməlisən ki, bu, dini qüvvətləndirir, Allahın qadağan etdiklərindən çəkinəsən (təqvalı olasan), kin-küdurətdən, and içməkdən, mübahisədən, dava-dalaşdan uzaqlaşasan. Əgər bu göstərişlərə əməl etsən, sənə bir həcc və ümrənin savabı verilər, günahların bağışlanar, Allah səndən razı olar, Öz mərhəmətinə şamil edər.”[8]
8) Əbu Həmzə Somali İmam Hüseynin (ə) ziyarəti ilə əlaqədar İmam Sadiqdən (ə) belə nəql etmişdir: “Neynəvaya çatdıqda, yükünü orada qoy, özünə yağ sürt, sürmə çək və orada olduğun vaxta qədər ət yemə!”
9) Fərat çayında qüsl etməyin savabı ilə bağlı nəql olunan rəvayətlər olduqca çoxdur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Fərat çayında qüsl edib, İmam Hüseynin (ə) qəbrini ziyarət edən şəxs böyük günahlar sahibi olsa belə, anadan doğulduğu gün kimi, günahlardan pak olar.” O həzrətdən soruşuldu: “Ola bilsin ki, biz İmam Hüseynin (ə) ziyarətinə getdiyimiz halda, havanın soyuqluğu, yaxud digər səbəblər üzündən (Fərat çayından) qüsl etməyimiz çətin olsun!” Həzrət buyurdu: “Hər kəs Fərat çayında qüsl etdikdən sonra İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün saysız-hesabsız fəzilət və savab yazılar.” Bəşir Dəhhan İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Hüseyn ibn Əlini (ə) ziyarət etmək istəyən kəs dəstəmaz alıb, Fəratda qüsl etdikdən sonra bir qədəm belə götürüncə, Allah Təala onun üçün bir həcc və ümrənin savabını yazar.” Bəzi rəvayətlərdə deyilir ki, Fərat çayının İmam Hüseynin (ə) qəbri ilə üzbəüz olan tərəfində qüsl etmək daha yaxşıdır. Həmçinin, bir sıra rəvayətlərdən başa düşülür ki, Fərat çayına çatdıqda, 100 dəfə “Əllahu Əkbər”, 100 dəfə “Lə ilahə illəllah” və 100 dəfə Peyğəmbər və onun Əhli-beytinə salavat deyilsin.
10) İmam Sadiqin (ə) Yusif Kənnasiyə buyurduğu kimi, müqəddəs hərəmə şərq tərəfdəki qapıdan daxil olmaq yaxşıdır.
11) İbn Qavlaveyhin «Kamiluz-ziyarat» kitabında nəql etdiyi rəvayətə əsasən İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə belə buyurdu: “Ey Müfəzzəl, elə ki, İmam Hüseynin (ə) qəbrinin kənarına yetişdin Rəvzənin (zərih olan otağa deyilir) qapısının kandarında dayan və bu sözləri oxu, hər kəlməyə görə ilahi rəhmətdən sənə bir pay qismət olacaq:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya varisə Adəmə sifvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah, əssəlamu ələykə ya varisə Əliyyin vəsiyyi rəsulillah, əssəlamu ələykə ya varisəl Həsənir rəziyy, əssəlamu ələykə ya varisə Fatimətə bintə rəsulillah, əssəlamu ələykə əyyuhəş şəhidus siddiq, əssəlamu ələykə əyyuhəl vəsiyyul barrut təqiyy, əssəlamu ələl ərvahilləti həllət bifinaikə və ənaxət birəhlik, əssəlamu əla məlaikətillahil muhdiqinə bik, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əbədtəllahə muxlisən hətta ətakəl yəqin, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Muhəmmədin varisi! Salam olsun sənə, ey Rəsulullahın canişini Əlinin varisi! Salam olsun sənə, ey bəyənilmiş Həsənin varisi! Salam olsun sənə, ey Rəsulullahın qızı Fatimənin varisi! Salam olsun sənə, ey şəhid və düzdanışan! Salam olsun sənə, ey xeyirxah və təqvalı vəsi! Salam olsun sənin türbənə enib kənarında yaşayan (dəfn olunan) ruhlara! Salam olsun sənin ətrafına toplaşmış ilahi mələklərə! Şəhadət verirəm ki, həqiqətən, sən əbədiyyətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin və Allaha ixlasla ibadət etdin. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ وَصِيِّ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الرَّضِيِّ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ فَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الشَّهِيدُ الصِّدِّيقُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَارُّ التَّقِيُّ السَّلامُ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ وَ أَنَاخَتْ بِرَحْلِكَ السَّلامُ عَلَى مَلائِكَةِ اللَّهِ الْمُحْدِقِينَ بِكَ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra qəbrə tərəf get. Götürdüyün hər addıma Allah yolunda qanına qəltan olub əl-ayaq vuran şəxsin savabı verilir. Qəbrə yaxınlaşdıqda əlini qəbrə sürt və belə de:
| Ərəbcə | السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ وَ سَمَائِهِ |
| Tərcümə | Salam olsun sənə, ey Allahın yer üzü və səmasındakı höccəti! |
| Transkripsiya | Əssəlamu ələykə ya huccətəllahi fi ərzihi və səmaih. |
12) Əbu Səid Mədaini belə deyir: “Bir gün İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “İmam Hüseynin (ə) qəbrinin ziyarətinə gedimmi?” Həzrət buyurdu: “Bəli, get, İmam Hüseyn (ə) – Peyğəmbəri-Əkrəm (s)-in övladı gözəllərin ən gözəli, pakların ən pakizəsi və yaxşıların ən yaxşısıdır. O həzrəti ziyarət etmək istədikdə, onun başı üstə 1000 dəfə Əmirəlmöminin Əlinin (ə) təsbihatını, ayaq tərəfində isə 1000 dəfə xanım Fatimə Zəhra (s)-ın təsbihatını de. Sonra 2 rəkət namaz qıl və bu namazda «Yasin» və «Ər-Rəhman» surələrini söylə. Əgər belə etmiş olsan, çoxlu savab qazanarsan.”[9] Dedim: “Sənə qurban olum! Əmirəlmöminin Əli (ə) və xanım Fatimə Zəhra (s)-ın təsbihatını mənə öyrədin.” Həzrət buyurdu: “Bəli, ey Əbu Səid! Əlinin (ə) təsbihatı belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanəlləzi lə tənfədu xəzainuh, subhanəlləzi lə təbidu məalimuh, subhanəlləzi lə yəfna ma indəh, subhanəlləzi lə yuşriku əhədən fi hukmih, subhanəlləzi ləzmihlalə lifəxrih, subhanəlləzi lənqitaə limuddətih, subhanəlləzi lə ilahə ğəyruh. | Xəzinələri azalmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Nişanələri tükənməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Yanındakılar (sahib olduqları) fani olmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Hökmündə kimsəni Özünə şərik etməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Fəxr və izzəti aradan getməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Müddəti bitməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Ondan başqa heç bir tanrı olmayan Allah bütün eyiblərdən pak və uzaqdır! | سُبْحَانَ الَّذِي لا تَنْفَدُ خَزَائِنُهُ سُبْحَانَ الَّذِي لا تَبِيدُ مَعَالِمُهُ سُبْحَانَ الَّذِي لا يَفْنَى مَا عِنْدَهُ سُبْحَانَ الَّذِي لا يُشْرِكُ أَحَدا فِي حُكْمِهِ سُبْحَانَ الَّذِي لا اضْمِحْلالَ لِفَخْرِهِ سُبْحَانَ الَّذِي لا انْقِطَاعَ لِمُدَّتِهِ سُبْحَانَ الَّذِي لا إِلَهَ غَيْرُهُ |
Fatimə Zəhranın (s) təsbihatı belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Subhanə zil cəlalil bazixil əzim, subhanə zil izziş şamixil munif, subhanə zil mulkil faxiril qədim, subhanə zil bəhcəti vəl cəmal, subhanə mən tərədda bin nuri vəl vəqar, subhanə mən yəra əsərən nəmli fis səfa və vəq`ət təyri fil həva. | Calal sahibi və böyük Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət və uca məqam sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Əzəli və şərəfli mülkün sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Yaxşılıq və gözəlliklə bürünən Allah bütün eyiblərdən pak və uzaqdır. Nur və vüqarla bəzənən Allah bütün eyiblərdən pak və uzaqdır. Saf daş üzərində qarışqanın ayaq izini görən Allah bütün eyiblərdən pak və uzaqdır. Havada quşun uçuş izini görən Allah bütün eyiblərdən pak və uzaqdır! | سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ ذِي الْبَهْجَةِ وَ الْجَمَالِ سُبْحَانَ مَنْ تَرَدَّى بِالنُّورِ وَ الْوَقَارِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلِ فِي الصَّفَا وَ وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ |
Mənbələr:
[1] Şeyx Məhəmməd ibn Məşhədi — Məzar-Kəbir, səh 417
[2] Şeyx Məhəmməd ibn Məşhədi — Məzar-Kəbir, səh 417
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 140, hədis 2,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 48, səh 131, hədis 3
Mərhum Əllamə Məclisi deyir: “Ola bilsin ki, hədisdəki
“qəbrin kənarında məskən salma” qadağası təqiyyəyə görədir.
Çünki o dövrlərdə o həzrətin qəbrini ziyarət edənlər
hakimiyyət tərəfindən təzyiqlərə məruz qalırdılar.
Yaxud da bu ifadədə “qəbrin kənarında çox dayanmayın”
mənası nəzərdə tutulmuşdur (yəni başqa zəvvarların da ziyarətinə
maneəçilik yaratmayın). (Biharul-ənvar, c 98, səh 115)
[4] Şeyx Səduq — Səvabul-əmal, səh 89
[5] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 49, səh 134, hədis 8
[6] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 49, səh 133, hədis 4
[7] Şeyx Kuleyni — Usuli-kafi, c 8, səh 102, hədis 73
[8] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 48, səh 130, hədis 1
[9] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 213, hədis 10
