Ziyarətnamə: Bürasa (Bərasa) məscidinin fəzilətləri
Bürasa məscidi, müqəddəs məscidlərdən biri olub, Bağdadla Kazimeyn şəhərləri arasında yerləşir. Bu məscid, zəvvarların yolu üstündə yerləşməsinə baxmayaraq, əksər hallarda onlar bu məscidin fəzilətindən məhrum qalırlar. Bu məscidin fəziləti və müqəddəsliyi barəsində bir çox hədislər nəql olunubdur. 6-cı əsrin tarixçilərindən olan Yaqut Həməvi “Möcəmül-buldan” adlı kitabında deyir: “Bürasa — Bağdad ətrafında Kərəx qibləsi tərəfdə və Məhvəl darvazasının cənubunda yerləşən bir məhəllənin adıdır. Oranın came bir məscidi var idi və şiələr o məsciddə namaz qılardılar. Abbasi xəlifəsi Razi Billahın xəlifəliyi dövründən öncə şiələr, bu məscidə toplaşıb, bəzi səhabələrə lənət yağdırarmışlar. Razi Billahın göstərişi ilə dövlət məmurları qəfil o məscidə tökülüb, orada olanları həbs edirlər və məscidi də yerlə yeksan edirlər. Şiələr bu xəbəri Bağdadın əmiri Həkəm Makaniyə çatdırırlar. Həkəm göstəriş verir ki, o məscidi yenidən bərpa etsinlər və onun ərazisini və şəri hökmünü təyin edir və məscidin giriş qapısında Razi Billahın adını həkk etdirir. Hicri-qəməri tarixi ilə 450-ci ilədək bu məscid abad və müsəlmanların daim namaz qıldığı bir məkan idi, lakin o zamanlardan indiyədək ona etina olunmur. Deyilənə görə, Bağdad şəhəri salınmamışdan qabaq İmam Əli (ə) Nəhrəvana “Xəvaric”lə müharibəyə getdiyi vaxt Bürasa kəndindən keçmiş və əvvəldə dediyimiz məsciddə namaz qılmış və bu kəndin hamamında yuyunmuşdur. Abid şəxs olan Əbu Şüəyb Bürasinin əsli bu kənddəndir. O, bu kəndin ilk sakinidir[1] və burada yaşayandan tikdiyi evində daim Allaha ibadət etməklə məşğul idi. Günlərin birində qəsirlərdə boya-başa çatan və o dövrün ən böyük zədəganlarından birinin qızı, onun qamışdan tikdiyi evin kənarından keçdikdə gözü Əbu Şüəybə sataşır və onun bu sadə yaşayışından xoşu gəlir. Belə ki, Əbu Şüəybin məhəbbəti onu tora salır. O, zahid və abid bəndənin yanına gəlib, deyir: “Mən sənin xadimən olmaq istəyirəm.” Əbu Şüəyb ona deyir: “Səni bir şərtlə qəbul edərəm ki, bu xarici görkəmini dəyişəsən.” O qız da onunla razılaşır və mal-dövlətindən əl çəkib, əyninə sadə bir geyim geyinir. Əbu Şüəyb də onunla evlənir. O qız Əbu Şüəybin qamışdan tikilmiş evinə daxil olduqda yerə bir tikə həsir sərildiyini görür. Əbu Şüəyb yerin rütubətindən qorunmaq üçün onu altına sərirdi. O qız Əbu Şüəybə deyir: “Əgər sən, bu həsiri altından götürməsən, mən sənin yanında qalmaram. Çünki özün mənə demişdin ki, yer, insana xitab edib, deyir: “Yəbnə Adəmə, təc`əlu bəyni və bəynəkə hicabən, və əntə ğədən fi bətni.” Yəni, ey Adəm övladı, mənimlə özün arasında hicab qərar verirsən, halbuki, sabah mənim bətnimə daxil olacaqsan. Odur ki, Əbu Şüəyb o həsiri ayağının altından götürür. O qız bir neçə il onunla birgə yaşayır və hər ikisi dünyadan köçənədək birlikdə ən gözəl bir şəkildə ibadətlə məşğul olurlar.
Şeyx Abbas Qumi deyir: “Bəndə, “Hədiyyətüz-zairin” adlı kitabımda bu müqəddəs məscidin fəziləti barədə olan bir sıra hədisləri nəql etmişəm və bildirmişəm ki, əgər bu hədislərdən məlum olan fəzilətlərin hər biri, müəyyən bir məscid üçün bəyan edilsə, yeri vardır ki, insan, bu məsciddə namaz qılmaq və dua oxumaq fəzilətinə nail olmaq üçün uzaq şəhərlərdən səfərə çıxsın və mənzillər ötsün. Bu fəzilətlər aşağıdakılardan ibarətdir:
1) Allah Taalanın qəza və qədəridir ki, İslam peyğəmbərinin (s) vəsisi öz qoşunu ilə bu məntəqədə mənzil salmışdırlar.
2) Bu məscid, həzrət Məryəmin evi olubdur.
3) Bu məntəqə həzrət İsanın (ə) vətənidir.
4) Orada həzrət Məryəm üçün yaranan su bulağı olub.
5) Həzrət Əmiril-möminin Əli (ə) öz möcüzəsi ilə o bulağı yenidən zahir edib.
6) Orada ağ rəngli mütəbərrik bir daş olubdur ki, həzrət Məryəm həzrət İsanı (ə) onun üzərinə qoymuşdur.
7) Həzrət Əmiril-möminin Əli (ə) öz mözüzəsi ilə o daşın yerini tapıb, onu çıxartmış və qiblə istiqamətində qoymuşdur.
8) Həzrət Əli (ə) və onun iki övladı imam Həsən (ə) və imam Hüseyn (ə) o məsciddə namaz qılmışdırlar.
9) O məntəqənin müqəddəsliyi və şərafətinə görə, həzrət Əli (ə) 4 gün orada qalıbdır.
10) Bir neçə peyğəmbər, xüsusilə də Xəlilür-rəhman həzrət İbrahim (ə) o məkanda namaz qılıbdırlar.
11) Orada peyğəmbərlərdən birinin qəbri yerləşir və çox güman ki, o qəbir, həzrət Yuşənin (ə) qəbridir. Çünki, mərhum Şeyx Tusi kitablarının birində həzrət Yuşəin (ə) qəbri barəsində belə qeyd edib: “O peyğəmbərin qəbri, Kazimeyn şəhərindən kənarda Bürasa məscidinin əvvəlki qapısının ağzındadır.
12) Orada həzrət Əliyə (ə) xatir günəş geri dönmüşdür.
13) Burada İsa peyğəmbərdən (ə) əvvəlki peyğəmbərlər, o cümlədən İbrahim Xəlilullah (ə) namaz qılmışdır.[2]
Mənbələr:
[1] Yaqut Həməvi — Mucəmul-buldan, c 1, səh 363
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 26, bölüm 3
