Müstəhəb namaz: Digər vəhşət namazı və ya ləylətul-dəfn namazı

Print Friendly, PDF & Email

Seyid ibn Tavus, həzrət Rəsulullahdan (s) nəql edibdir. O həzrət buyurubdur: “Qəbrin birinci gecəsi ölü üçün ən çətin saatlardır. Odur ki, sədəqə verməklə ölülərinizə rəhm ediniz. Əgər sədəqə verməyə bir şeyiniz yoxdursa, içərinizdən bir nəfər 2 rəkət namaz qılsın. Namazın 1-ci rəkətində 1 dəfə “Fatihətul-kitab”ı (“Həmd” surəsini) və 2 dəfə “İxlas” surəsini oxusun. 2-ci rəkətdə isə 1 dəfə “Fatihətul-kitab” və 10 dəfə “Təkasur” surəsini oxusun. Namazın salamlarını dedikdən sonra isə bu sözləri desin:

Ərəbcəاللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍوَ آلِ مُحَمَّدٍ، وَابْعَثْ ثَوَابَهَا اِلَى قَبْرِ ذلِكَ الْمَيِّتِ، فُلانِ بْنِ فُلان
Tərcüməİlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və onun savabını filankəsin oğlu filankəs olan bu meyitin qəbrinə göndər!
TranskripsiyaƏllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəb`əs səvabəha ila qəbri zalikəl məyyit, fulanibni fulan
* “Fulan ibni fulan” sözünün yerinə meyyitin adını və atasının adını deyin.
Bu namazı qılan kimi, Haqq Taala, xüsusi geyim ilə min mələyi o qəbrə tərəf göndərər və İsrafilin suru çalınana qədər o qəbri genişləndirər. Bu namazı qılan şəxsə isə yer üzündə olan varlıqların sayı qədər, savab əta edər və onun məqamını qırx dərəcə ucaldar.[1]
Şeyx Abbas Qumi deyir: “Şeyx Kəf`əmi, bu namazı eynilə bu qaydada nəql etdikdən sonra buyurur: “Mən, bəzi kitablarda rastlaşmışam ki, müəllif, bu namazın 1-ci rəkətində “Həmd”dən sonra 1 dəfə “Ayətəl-kürsi” və 2 dəfə “İxlas” surəsini oxumağı buyurubdur.”
Əllamə Məclisi “Zadul-məad” adlı kitabında buyurubdur: “Ölüləri unutmayın, çünki onların yaxşı əməllər etməkdən əlləri üzülübdür. İndi onların ümidləri öz övladlarına, qohumlarına və mömin qardaşlaradır. Gözlərini onların ehsanlarına tikibdirlər. Xüsusilə də gecə namazında, vacib namazlardan sonra və müqəddəs məkanlarda onlar üçün dua etməyin intizarını çəkirlər. Ata və ana üçün hamıdan çox dua etmək və yaxşı əməllər yerinə yetirib, savabını onlara hədiyyə etmək lazımdır. Hədislərdə deyilir ki, bəzi övladlar, ata-anası həyatda ikən aqvalideyn olubdurlar, lakin valideynləri dünyadan köçdükdən sonra onlar üçün yaxşı əməllər yerinə yetirdiyi üçün saleh övladlara çevrilibdirlər. Bəzi övladlar isə ata-anası həyatda ikən saleh övlad olubdurlar, lakin valideynləri dünyadan köçdükdən sonra xeyirli əməlləri onlardan əsirgədikləri üçün onlara qarşı aqvalideyn olublar. Ata-ana və başqa qohumlar üçün yerinə yetirilən ən mühüm xeyirli əməllər, onların borclarını ödəmək, həqqüllah (Allahın haqqını) və həqqünnası (camaatın haqqını) onların boynundan götürmək, həcc və s. bu kimi qəza etdikləri ibadətləri isticarə və ya təbərrü yolu ilə onların əvəzindən yerinə yetirməkdir.”
Mötəbər bir hədisdə deyilir ki, həzrət Sadiq (ə) hər gecə öz övladı üçün və hər gündüz, ata-anası üçün 2 rəkət namaz qılardı və namazın 1-ci rəkətində “Qədr” surəsini və 2-ci rəkətində “Kövsər” surəsini oxuyardı. Mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət olunan bir hədisdə deyilir: “Bir çox vaxt ölü, çətinlik və əzab içində olar və Haqq Taala onu asudəliyə çıxardıb, onun məkanını genişləndirər. Sonra o ölüyə deyilər: “Sənin asudəliyə çıxmağının səbəbi budur ki, filan mömin qardaşın sənin üçün namaz qılıbdır.” Ravi o həzrətdən soruşur ki, iki ölünü 2 rəkət namazda şərik edə bilərəm? Həzrət: “Bəli” — deyə cavab verir və əlavə edir ki, sağ adama hədiyyə verdikdə, sevindiyi kimi, ölüyə də dua və istiğfarı hədiyyə etdikdə sevinir və rahatlığa çıxır. Ölünün qəbrinə namaz, oruc, həcc, sədəqə, dua və bu kimi, yaxşı əməllərdən olan hədiyyələr daxil olar və bu əməllərin savabı, həm onu yerinə yetirən şəxsə və həm də ölüyə yazılar.
Həmçinin həzrət Sadiq (ə) buyurubdur: “Müsəlmanlardan hər biri əgər bir ölü üçün saleh əməl yerinə yetirsə, Allah Taala onun bu əməlinin savabını daha da artırar və bu əməlin savabı ölüyə də yetişər.”
Başqa bir hədisdə deyilir ki, ölünün əvəzindən sədəqə verdikdə, Allah Taala, cənab Cəbrayılı yetmiş min mələklə birlikdə o ölünün qəbrinə göndərər. Onlar, əllərində içərisi ilahi nemətlərlə dolu olan tabaq tutaraq, qəbrə daxil olar və qəbir sahibinə deyərlər: “Salam olsun sənə, ey Allahın dostu! Bu, filan möminin sənə göndərdiyi hədiyyədir.” Bu səbəblə də onun qəbri işıqlanar və Haqq Taala, cənnətdə ona min şəhər ehsan edər, min hurini onun zövcəsi edər, ona min geyindirər və onun min hacətini rəva edər.[2]
Mənbə:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 219, hədis 4
[2] Əllamə Məclisi — Zadul-məad, səh 573

Читайте также: