İslam aylarının əməlləri: Zilqədə ayı — Zilqədə ayının əlamətdar günləri

Print Friendly, PDF & Email

Zilqədə ayı
Zilqədə ayı «haram aylar»dan birincisidir. Bu ayda müharibə etmək, hətta İslam düşmələrinə qarşı haramdır. Əlbəttə, əgər müsəlmanlara qarşı müharibə qaldırsalar və müdafiə olunmaq lazım gələrsə, bu, istisna hal daşıyır. (Digər «haram aylar» Zilhiccə, Məhərrəm və Rəcəb aylarıdır.)
Bu 4 ayda atəşkəs etmək insanların dincəlmələrinə, həcc ziyarətini yerinə yetirmək və ibadətlə məşğul olmalarına, iqtisadi çətinlikləri həll etmələrinə, müharibənin amillərinə yenidən nəzər saləb ona son qoymaq üçün çıxış yolları axtarmağa, müharibənin yerdə qoyduğu ürəkyaxıcı nəticələri aradan qaldırmağa zəmin yaratmaqdan ötrüdür.
Bu ayda Allah evini ziyarət etmək istəyənlər dünyanın müxtəlif yerlərindən Məkkəyə tərəf yola düşürlər. Bəzi dəstələr ilk öncə Mədinə şəhərinə gəlib Həzrət Peyğəmbərin (s) və İmamların (ə) qəbrini ziyarət edirlər, bu şəhərdə İslamın tarixi abidələrini görürlər. (Çox təəssüflər olsun ki, nadan vəhhabilər bu dəyərli tarixi abidələrin əksəriyyətini məhv etmişlər.) Bəzi dəstələr isə Məkkə şəhərinə gəlib «təməttu umrə»ni yerinə yetirib böyük siyasi ibadət olan həcc ziyarətini gözləyirlər. Kəbəni təvaf etmək, əzəmətli camaat namazında iştirak etməklə mənəviyyatlarını qidalandırırlar. (Allah bu ziyarəti bütün arzulayanlara qismət etsin.) Həcc ziyarətinə növbəti dəfə və dəfələr nail olmaq isə xatirələri yeniləyir.
Seyid ibn Tavus bu ayın fəziləti barədə deyir: «Bu ay çətinliyə düşənlərin dua etmələri üçün yaxşı zamandır. Zülm və sitəmin aradan qalxması, zalımın məhv olması üçün dua etmək təsirlidir.»[1]
Həmçinin yazır: «Bu ay «duaların qəbul olunması ayı» adlanmışdır. Odur ki, onu qənimət hesab edin və hacət orucu tutun.»[2]

Zilqədə ayının təqvimi:
1 Zilqədə: Bir rəvayətə görə hicri-qəməri 173-cü il Zilqədə ayının 1-i Xanım Fatimə Məsumə (s.ə) dünyaya gəlmişdir.[3]
11 Zilqədə: İmam Əli ibn Musa ər-Rzanın (ə) səadətli doğum günüdür (hicri-qəməri 148-ci il).[4]
23 Zilqədə: Bəzi rəvayətlərə görə İmam Əli ibn Musa ər-Rzanın (ə) vəfat günüdür (hicri-qəməri 203-cü il). Bu gündə o həzrəti ziyarət etmək yaxşıdır. (Baxmayaraq ki, məşhur rəvayətə görə İmam Rzanın (ə) vəfat günü səfər ayının axırıncı günüdür.)[5]
25 Zilqədə: İmam Rzanın (ə) buyurduğu bir hədisə istinadən, bu gün «Dəhvul-ərz» günüdür. Yəni bu gün ilk torpaq sahəsi suyun altından üzə çıxmışdır, belə ki, yer üzü o vaxtlar tamamilə su ilə örtülübmüş. Bəzi hədislərə istinadən, suyun altından üzə çıxan və tədricən genişlənən ilk torpaq sahəsi Məkkə torpaqları, xüsusilə də Kəbə evinin yerləşdiyi yer olmuşdur. Buna görə də Məkkə «Ummul-qura», yəni «abadlıqların anası» adını almışdır.[6]
Zilqədə ayının axırıncı günü: İmam Məhəmməd Təqinin (ə) vəfat günüdür (hicri-qəməri 22-ci il). Mötəsim Abbasi onu Bağdadda zəhərləyib öldürtdü. O həzrətin cəmi iyirmi beş yaşı var idi. Onun pak cənazəsini Bağdad yaxınlığında yerləşən Kazimeyn şəhərinə gətirib babası İmam Musa Kazimin (ə) kənarında dəfn etdilər. Bu şəhərin Kazimeyn adlanmasının da səbəbi elə budur (əvvəllər vu şəhər «Qureyş qəbirləri» adlanarmış).[7]
Hədislərin birində o həzrət buyurub: «Mən Məmunun ölümündən otuz ay sonra rahatlığa çıxacağam.»[8]
O həzrət bu hədisdə Məmunun ölümündən iki il yarım sonra şəhid ediləcəyinə işarə etmişdir. Həmçinin, o, Bəni-Abbas hökuməti tərəfindən nə qədər təzyiq altında olduğunu çatdırmaq istəmişdir.

Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 306
[2] Seyid ibn Tavus — İqbal, səh 307
[3] Furuği əz kovsər, (Xanım Fatimə Məsumənin (s.ə) həyatı), səh 32
[4] Şeyx Abbas Qumi — Muntəhəl-amal, İmam Rzanın (ə) həyatı,
Əllamə Məclisi — Biharul-ənvar, c 49, səh 9, hədis 16 və səh 10, hədis 17
[5] Şeyx Abbas Qumi — Muntəhəl-amal, İmam Rzanın (ə) həyatı
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 11, səh 217, hədis 29
[7] Şeyx Abbas Qumi — Muntəhəl-amal, İmam Məhəmməd Təqinin (ə) həyatı
[8] Əllamə Məclisi — Biharul-ənvar, c 50, səh 64,
Əli ibn İsa İrbili — Kəşful-ğummə, c 2, səh 363

Читайте также: