Ziyarətnamə: Nəcəf torpağı və Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) ziyarətinin fəziləti

Print Friendly, PDF & Email

Nəcəf torpağının fəziləti:
1) Bir sıra hədislərə istinadən Nəcəf, əməlisaleh və pak insanların diyarıdır. Belə ki, yetmiş min nəfər bu diyardan sorğu-sualsız Cənnətə daxil olacaqdır. Bu səbəbdən Həzrət Əli (ə) o məntəqənin torpaqlarını kəndlilərdən aldı, çünki həmin yetmiş min nəfərin onun mülkündən Cənnətə daxil olmasını istəyirdi.[1]
2) Deyləmi «İrşadul-qulub» kitabında yazır: «Əhlibeytdən (ə) nəql olunan səhih hədisdə qeyd edilir ki, Nəcəf torpağında qəbir əzabı və nəkir-munkirin sorğu-sualı götürülmüşdür.[2]
Həmçinin yazır: «Əmirəlmöminin Əli (ə) Kufəyə (belə ki, Nəcəf Kufəyə daxil idi) baxıb dedi: «Sənin zahirin və mənzərən nə qədər gözəl, daxilin və dərinliyin nə qədər pak- pakizədir. Ey Allahım, mənim qəbrimi bu məkanda qərar ver.»[3]
3) Deyləmi həmçinin yazır: «Əmirəlmöminin Əli (ə) tənha qalmaq, təkliyə çəkilmək istədikdə istədikdə Kufədən Nəcəfə tərəf hərəkət edərdi. Bir gün o, Nəcəfdə olduğu vaxt görür ki, dəvəyə süvar olmuş bir kişi gəlir. O, dəvənin belində bir cənazə gətirirdi. Ondan: «Haradan gəlirsən?» – deyə soruşur. Kişi: «Yəməndən» – deyə cavab verir. Həzrət Əli (ə) soruşur: «Bu kimin cənazəsidir?» Kişi deyir: «Atamın cənazəsidir. Burada dəfn etmək üçün gətirmişəm.» Həzrət Əli (ə) soruşur: «Nə üçün Yəməndə dəfn etmədiniz?» Kişi deyir: «Çünki özü belə vəsiyyət etmiş və demişdi: «Bu yerdə bir kişi dəfn olunacaqdır ki, iki böyük qəbilə — «Rəbi`ə» və «Muzər» qəbilələrinin adamlarının sayı qədər insan onun şəfaətindən bəhrələnəcəkdir.» Həzrət Əli (ə): «O kişini tanıyırsanmı?» – deyə soruşur. Kişi: «Xeyr» – deyə cavab verir. Həzrət Əli (ə) üç dəfə deyir: «And olsun Allaha, o kişi mənəm. Onu dəfn et.»[4]
4) Yenə də Deyləmi yazır ki, İmam Sadiq (ə) buyurdu: «Dünyanın şərqində və qərbində ölən hər bir möminin ruhu «Vadiyus-səlam»da[5] məhşur olar».[6]
5) «Usuli-kafi»də qeyd edilir ki, Həbbə əl-Ərəni adlı bir şəxs belə nəql edir: «Mən Əmirəlmöminin Əli (ə) ilə birlikdə Kufədən çıxıb şəhər ətrafına getdik. «Vadius-səlam» qəbristanlığına çatdıqda o həzrət dayandı və sanki kimlərəsə müraciət edirdi. Mən də onunla birlikdə dayandım. Ayaq üstə dayanmaqdan yorulub əyləşdim. Nəhayət, əyləşməkdən də yoruldum və ayağa qalxdım. O qədər ayaq üstə dayandım ki, yoruldum və bir daha əyləşdim. Əyləşməkdən yorulduqda ayağa qalxıb dedim: «Ey Əmirəlmöminin, sizin bu qədər ayaq üstə dayanmağınız məni nigaran etdi. Bir qədər dincəlin.» Bunu deyib əbamı yerə sərdim ki, o həzrət əbanın üstündə əyləşsin. O buyurdu: «Ey Həbbə, bu gördüyün mənim möminlərlə söhbətimdir.» Mən soruşdum: «Doğrudanmı belədir?» O həzrət buyurdu: «Əgər pərdələr kənara çəkilsəydi görərdin ki, onlar dövrə vurub əyləşmiş və bir-biriləri ilə söhbət edirlər.» Soruşdum: «Onların cismlərini, yoxsa ruhlarını nəzərdə tutursunuz?» Buyurdu: «Onların ruhlarını nəzərdə tuturam. Dünyanın hər hansı bir yerində vəfat edən hər bir möminə belə deyilir: «Vadius-səlama qovuş, həqiqətən ora cənnətin günbəzlərindən biridir.»[7]

Əmirəlmöminin Əlinin (ə) qəbrini ziyarət etməyin fəziləti:
1) Şeyx Tusi «Əmali» kitabında səhih sənədlə Muhəmməd ibn Müslimdən İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: «Allah sayca mələklərdən çox bir məxluq yaratmamışdır. Hər gün onlardan yetmiş mini nazil olub «Beytul-məmur»u, sonra Kəbə evini ziyarət edir, daha sonra Rəsulallahın (s) qəbrinin ziyarətinə gedir, ona salam deyirlər. Sonra Əmirəlmöminin Əlinin (ə) qəbrinin ziyarətinə gedir, ona salam deyirlər. Sonra Hüseynin (ə) qəbrinin ziyarətinə gedir, ona salam deyirlər və bundan sonra göyə qalxırlar. Beləcə, Qiyamətədək hər gün mələklərdən bir dəstəsi (onların ziyarəti üçün) nazil olur».
Həmçinin İmam Sadiq (ə) buyurub: «Hər kim Əmirəlmöminini (ə) «arifən bi-həqqihi» (yəni onun haqqını tanıyaraq) və təkəbbürlük etmədən ziyarət edərsə, Allah ona şəhidlərin savabını yazar və günahları bağışlanar. O, Qiyamətdə əmin-amanlıq içində ayağa qaldırılar, haqq-hesabı yüngül tutular, mələklər onun pişvazına gələrlər. Bu şəxs ziyarətdən geri qayıdarkən, mələklər onu evinə qədər müşayiət edərlər. Əgər xəstələnərsə, onun görüşünə gedərlər. Əgər ölərsə, onun dəfnində iştirak edər və bağışlanmasını Allahdan istəyərlər.»[8] (Unutmayın ki, bu mükafatlar o həzrətin haqqını tanıyan və onun yolunu gedən şəxslərə verilir.)
2) «Kamiluz-ziyarat» kitabında yazılır ki, Əbu Vəhb Bəsri belə nəql edir: «Mədinəyə daxil oldum və İmam Sadiqin (ə) görüşünə getdim. O həzrətə ərz etdim: «Sənə qurban olum, sizin görüşünüzə gəldim, amma Əmirəlmöminin Əlinin (ə) qəbrini ziyarət etmədim.» İmam Sadiq (ə) buyurdu: «Yaxşı iş görmədin. Əgər bizim şiələrdən olmasaydın, üzünə baxmazdım, çünki mələklərin, peyğəmbərlərin və möminlərin ziyarət etdikləri bir kəsi ziyarət etmədən bura gəlmisən.»[9]
3) Başqa bir hədisdə İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə belə buyurur: «Əmirəlmömininin zəvvarı dua edərkən və Allahdan bir istək diləyərkən göyün qapıları onun üzünə açılır. Odur ki, xeyirdən qafil olmayın.»[10]
4) Hədislərin birində nəql olunur ki, İmam Həsən Müctəba (ə) Rəsulallahdan (s): «Sizi ziyarət edənin mükafatı nədir?» – deyə soruşduqda Rəsulallah (s) cavabında buyurdu: «Oğlum, hər kim sağlığımda və ya vəfat etdikdən sonra məni, yaxud sağlığında və ya vəfat etdikdən sonra atanı ziyarət edərsə, Qiyamətdə bu şəxsi ziyarət etmək mənə vacib olur…»[11]
5) Xələf ibn Həmmad nəql edir ki, İmam Sadiq (ə) buyurdu: «Kufədən kənarda (Nəcəfdə) bir qəbir vardır ki, ora pənah aparan hər bir xəstə şəfa tapar».[12]
6) Həssan ibn Mehran nəql edir ki, İmam Sadiq (ə) buyurdu: «Ey Həssan, sizin məntəqədə yerləşən şəhidlərin qəbrinin ziyarətinə gedirsinizmi?» Soruşdum: «Hansı şəhidlərin?» Buyurdu: «Əli (ə) və Hüseynin (ə).» Dedim: «Bəli, tez-tez onların ziyarətinə gedirik.» Buyurdu: «Onlar həmin şəhidlərdir ki, Allah yanında onlara ruzi verilir. Odur ki, onları ziyarət edin, onlara pənah aparın və hacətlərinizi onlara söyləyin (Allah hacətlərinizi rəva edər)».[13]
7) Əllamə Məclisi «Biharul-ənvar» kitabında «İrşadul-qulub» kitabına istinadən yazır ki, Abdullah ibn Hazim nəql edir: «Bir gün Harun ər-Rəşidlə (ov üçün) Kufədən çıxıb Ğəriyyin (Nəcəf) tərəfə yollandıq. Orada ceyranlar gördük və ov qırğılarını, itlərini onların dalınca saldıq. Bir saata qədər onları təqib etdilər, ta ki ceyranlar bir təpəyə pənah apardılar və orada sakit dayandılar. İtlər və qırğılar da artıq onları təqib etmədilər və geri qayıtdılar. Bu səhnəni görən Harun təəccübləndi. Sonra ceyranlar o təpədən aşağı endilər, bu vaxt ov itləri və qırğıları yenidən onları təqib etməyə başladılar. Amma ceyranlar yenidən o təpəyə sığındılar, itlər və qırğılar da onları təqib etməkdən vaz keçdilər. Bu hadisə üçüncü dəfə təkrar olduqda Harun ər-Rəşid göstəriş verdi ki, bir nəfəri Kufəyə yollasınlar və yaşca hamıdan böyük olan bir kufəlini onun yanına gətirsinlər. Bəni Əsəd tayfasından olan qoca bir kişini onun yanına gətirdilər. Harun ondan soruşdu: «Bu təpənin hekayəti nədir?» Qoca kişi cavab verdi: «Atam öz babalarından nəql edirdi ki, bu təpə Əli ibn Əbu Talibin (ə) qəbridir. Allah oranı hər şey üçün əmin-amanlıq yeri qərar vermişdir.»[14]
8) Seyid Əbdül Kərim ibn Tavus «Fərhətul-qəra» kitabında o həzrətdən belə nəql etmişdir: «Hər kəs Əmirəlmöminin Əlinin (ə) ziyarətinə piyada getsə, Allah taala onun hər qədəminə bir həcc və bir ümrənin savabını verər; əgər ziyarətdən piyada qayıtsa, hər qədəminə 2 həcc və 2 ümrənin savabını yazar!» Yenə də o həzrətin İbn Maridə belə buyurduğunu nəql etmişdir: «Ey Maridin oğlu! Hər kim cəddim Əmirəlmöminin Əlinin (ə) haqqını tanıdığı halda, ziyarət etsə, Allah taala ona hər arddımının sayı qədər bir qəbul olunmuş həccin və bəyənilmiş ümrənin savabını verər. Ey Maridin oğlu! Allaha and olsun, cəhənnəm atəşi həzrət Əmirəlmöminin Əlinin (ə) ziyarətində toz-torpağa bulaşan qədəmləri yandırmaz, ziyarətə istər piyada, istərsə də miniklə getmiş olsun. Ey Maridin oğlu! Bu hədisi qızıl su ilə yaz.» Yenə də İmam Sadiqdən (ə) nəql etmişdir ki, o həzrət buyurdu: «Biz deyirik ki, Kufənin arxa tərəfində bir qəbir vardır ki, yalnız dərdi-qəmi olanlar ora pənah aparar və bununla da, Allah taala onlara şəfa verər!»
Şeyx Abbas Qumi deyir: «Mötəbər rəvayətlərdən məlum olur ki, Allah taala Əmirəlmöminin Əlinin (ə), pak və məsum övladlarının qəbirlərini yer əhlinin amanı, dərdli-qəmli insanların sığınacaq yeri qərar vermişdir. Dərdi-qəmi olan hər bir kəs onlara pənah aparsa, şəfa tapar, qəm-qüssəsi aradan gedər və amanda qalar. Seyid Əbdül Kərim ibn Tavus, Muhəmməd ibn Əli Şeybanidən belə nəql etmişdir: «Mən, atam və əmim Hüseyn, 260-cı hicri qəməri ilində gecə vaxtı gizli şəkildə Əmirəlmöminin Əlinin (ə) ziyarətinə getdik. Mən kiçik bir uşaq idim. O həzrətin qəbrinə yaxınlaşdıqda, qəbrin ətrafına qara daşların qoyulduğunu gördük. Qəbrin üstündə heç bir şey tikilməmişdi. Biz qəbrə yaxınlaşdıq; kimi Quran oxuyur, kimisi namaz qılır, kimisi də ziyarət edirdi. Bu zaman gördük ki, bizə tərəf bir şir gəlir. Biz qorxumuzdan oradan bir az uzaqlaşdıq. Şir qəbrə yaxınlaşıb, ayaqlarını qəbrə sürtməyə başladı. Bizlərdən biri şirə tərəf yaxınlaşdı, lakin şir ona hücum etmədi. Bununla da bizim qorxu və vəhşətimiz aradan getdi. Hamılıqla şirə yaxınlaşıb, ayağının yaralandığını gördük. Şir yaralı ayağını o həzrətin qəbrinə sürtürdü. Bu, bir saat davam etdi, sonra şir çıxıb getdi. Biz yenidən ziyarət və ibadətlə məşğul olmağa başladıq.
Şeyx Mufid belə nəql etmişdir: «Bir gün Harunər-Rəşid ov məqsədilə Kufədən çıxıb, «Qürəyyin» və «Səviyyə» məntəqələrinə tərəf yola düşdü. Orada ceyran sürüsünə rast gəlib, ov itlərini onların ardınca buraxdı. Ceyran sürüsü qaçıb, bir təpənin arxasına sığındılar. İtlər də həmin yerə getdilər, lakin ceyranlara heç bir zərər yetirmədən geri qayıtdılar. Harunər-Rəşid bu hadisədən təəccübləndi. Ceyran sürüsü yenidən təpənin arxasından çıxıb yollarına davam etdilər. İtlər onlara hücum çəkdikdə, yenidən ceyranlar həmin təpənin arxasına qayıdıb sığındılar və itlər də geri qayıtdılar. Bu hadisə üç dəfə təkrar olundu. Harun heyrət içərisində donub qalmışdı. Qulamlarından birinə əmr etdi ki, ceyranların sığındığı yerdən bir məlumat əldə etsin. Qulam gedib, Bəni-Əsəd qəbiləsindən bir qoca kişini tutub gətirdi. Harun ondan soruşdu: «Bu təpənin hikməti nədir?» Qoca kişi dedi: «Əgər mənə əziyyət verməyəcəksənsə, onu deyim!» Harun dedi: «Allaha and içirəm ki, sənə heç bir zərər yetirməyəcəm, tam əmin-amanlıqda olacaqsan, indi isə nə bilirsən de!» Qoca dedi: «Atam öz ata-babalarından mənə xəbər vermişlər ki, həzrət Əmirəlmöminin Əlinin (ə) qəbri bu təpədədir. Allah-Taala oranı əmin-amanlıq yeri qərar vermişdir, hər kim ora pənah aparsa, əmin-amanlıqda olar.»
Şeyx Abbas Qumi deyir: «Ərəblərdə belə atalar sözü vardır: «Əhma min muciril-cərad!» Yəni, filankəsin öz pənahında olan kəsi himayə etməsi çəyirtkələrə pənah verənin himayəsindən çoxdur!» Hadisə belə olmuşdur: Günlərin birində «Teyy» qəbiləsindən Mudlic ibn Süveyd adlı bədəvi ərəblərdən bir kişi öz xeyməsində oturmuşdu. «Teyy» tayfasından bir qrup camaatın əllərində qab-qaşıq olduğu halda, ona tərəf gəldiyini görüb soruşdu: «Nə olub?» Onlar dedilər: «Sənin xeymənin ətrafında çoxlu çəyirtkə vardır, gəlmişik ki, onları tutaq.» Mudlic bunu eşitcək, ayağa qalxıb atına mindi, nizəsini əlinə götürüb dedi: «Allaha and olsun! Hər kim bu çəyirtkələrə bir zərər yetirsə, mən onu öldürəcəyəm. Bu çəyirtkələr mənə pənah gətirdikləri halda, siz onları tutmaq istəyirsiniz? Belə bir iş heç vaxt baş tutmaz!» Mudlic bu sözlərilə çəyirtkələrdən himayə edirdi. Nəhayət, günorta çağı çəyirtkələr uçub getdilər. Bu zaman Mudlic dedi: «Artıq çəyirtkələr mənim pənahımdan çıxıb getdilər, indi nə bilirsiniz, onu da görün!»
«Qamus» kitabının müəllifi yazır: «Muzər» tayfası hər il (bəzilərinin dediyinə görə, Əksəm ibn Seyfinin cəddi olan) «Zul-əvad» adlı əziz və hörmətli bir şəxsin illik xərcini verirdilər. O, qocaldığı zaman bir taxtın üstündə əyləşdirib, gündəlik xərcini yığmaq üçün tayfalar arasında gəzdirirdilər. Onu o qədər əzizləyirdilər ki, xar və zəlil olan hər kəs onun taxtına yaxınlaşsaydı, onu da əziz tutar, ac adam ona yaxınlaşsaydı, aclıqdan canını qurtarardı. Əgər bir ərəb kişinin taxtına bu qədər izzət və hörmətlə yanaşırdılarsa, Allah taalanın öz vəlisi Əmirəlmöminin Əlinin (ə) qəbrini dərdli-qəmli, kimsəsiz və fəqir şəxslərin sığınacaq yeri qərar verməsi təəccüblüdürmü? Belə isə, harada olsan, özünü ona çatdır, hacətini ondan istə ki, o, sənin fəryadına çatar, səni dünya və axirətin həlakından xilas edər!»
Onun böyüklüyünə pənah apar ki, onu qiyamət günü günahkarların qurtuluşunda böyük şəxsiyyət görəcəksən. O, arzu edənləri arzularına çatdıran, dualarını qəbul edən və sirlərini eşidəndir.
«Darus-səlam» kitabında Şeyx Deyləmidən nəql olunur ki, Nəcəfi Əşrəfin saleh camaatından biri yuxuda Əmirəlmömininin (ələyhis-salam hərəmində və onun ətrafında olan hər bir qəbirdən) həzrətin hərəminin günbəzinə bir ip çəkilməsini görür və sonra həmin şəxs aşağıdakı şeiri oxuyur:
Öldükdən sonra məni Şəbbər (Həsən) və Şübeyrin (Hüseynin) atası Heydərin (ə) kənarında dəfn edin. Mən onun kənarında olsam, cəhənnəm odu, Nəkir və Münkərdən qorxmaram. Çünki qarovul zamanı öz qarovul məntəqəsində bir dəvənin ayaq qandalının itməsi qarovulçu üçün ar sayılır.

Əmirəlmöminin Əlini (ə) ziyarət etməyin qaydası:
Hədis və dua qaynaqlarında Əmirəlmöminin Əlinin (ə) hərəmini (mübarək qəbrini) ziyarət edərkən oxunan bir çox ziyarətnamələr qeyd olunmuşdur. Onlardan bir qismi «mütləq ziyarət» (yəni xüsusi bir vaxtda deyil, hər vaxt oxuna bilən ziyarətnamə), bir qismi isə «məxsus ziyarət»dir (yəni xüsusi vaxtda oxunan ziyarətnamə). Biz burada «Kamiluz-ziyarat», «Usuli-kafi» və s. bu kimi mötəbər kitablarda qeyd olunan ziyarətnamələri qələmə almışıq.
Lakin ilk öncə əziz zəvvarın diqqətini mühüm bir məqama çəkmək istərdik. Əlbəttə, «Ziyarətlər» hissəsinin «Müqəddimə»sində də bu məqamı vurğulamışdıq və əvvəlki fəsildə (Həzrət Rəsulallahın (s) ziyarəti fəsli) qeyd edilən hədislərdən də anlaşılır ki, mübarək hərəmlərin ziyarətində önəmli olan hərəmdə hazır olmaq və hərəm sahibi ilə mənəvi rabitə yaratmaqdır. Zəvvarın hansısa bir ziyarət oxuması şərt deyil. Əmirəlmöminin Əlinin (ə) qəbrinin (həmçinin başqa İmamların (ə) qəbrinin) ziyarəti üçün qeyd edilən fəzilətlər elə hərəmə getmək və hərəm sahibi ilə mənəvi rabitə yaratmaqla əldə edilir. Odur ki, əgər əziz zəvvarın ziyarət oxumağa vaxtı olmazsa, yaxud ziyarət oxumaq üçün mənəvi halı olmazsa, sadəcə hərəmə getməsi və ya bir kəlmə «əs-Sələ͂mu ʻələykə yə͂ Əmi͠rəl mu`mini͠n» deməsi kifayətdir. Əgər imkan olarsa, müqəddəs zərihə yaxınlaşıb onu öpsün, imkan olmadığı təqdirdə geri qayıtsın. Yaxud o müqəddəs hərəmdə bir neçə dəqiqə və ya saat dayansın, o müqəddəs insanların cəlaləti, əzəməti və üstünlükləri, özünün isə nöqsanları və çirkin xüsusiyyətləri barədə düşünsün. Günahlarından tövbə etsin, gələcək səadəti üçün yol yükünü möhkəm bağlasın. Qəbir və qiyamət azuqəsi olsun deyə, bu ziyarətdə əldə etdiklərini necə qoruyub saxlayacağı barədə düşünsün. İmamla (ə) yaratdığı bu mənəvi rabitəni qoruyub saxlamaq barədə düşünsün. Həmçinin əziz zəvvar iki və daha çox rəkət namaz qıla, savabını İmama (ə) hədiyyə edə bilər.
«Kamiluz-ziyarat» kitabında qeyd edilir ki, İmam Sadiq (ə) buyurdu: «Kufənin kənarında bir qəbir vardır ki, dərdi olan hər bir kimsə o qəbrin yanına gedib 4 rəkət (iki rəkət-iki rəkət) namaz qılarsa, Allah onun hacətini həyata keçirib şad geri qaytarar».[15]
İmam Sadiqin (ə) dostlarından olan Əban ibn Təğlib nəql edir: «İmam Sadiqlə (ə) birlikdə idim. Kufənin kənarından keçirdik ki, İmam (ə) miniyindən düşdü və iki rəkət namaz qıldı. Sonra bir qədər irəliləyib orada da iki rəkət namaz qıldı. Daha sonra miniyinə mindi və hərəkət etdi. Bir qədər getmişdi ki, yenidən minikdən düşdü və iki rəkət namaz qıldı. Bu vaxt dedi: «Bura Əmirəlmömininin (ə) qəbrinin yeridir.» Mən soruşdum: «Bəs namaz qıldığınız o iki yer hansı yerdir?» Buyurdu: «(Kufə və Şam yolunda) Hüseynin (ə) mübarək başının qoyulduğu yer və Həzrət Qaimin (ə.f) minbərinin yeri».[16]
Bir sözlə, əgər zəvvarda mənəvi hal yaranarsa və müxtəsər ziyarətlə kifayətlənməyib ziyarətnamə oxumaq istəyərsə, burada qeyd etdiyimiz «mütləq ziyarət»lərdən birini oxuya bilər.
Əmirəlmöminin Əli (ə) Kufəyə (belə ki, Nəcəf Kufəyə daxil idi) baxıb dedi: «Sənin zahirin və mənzərən nə qədər gözəl, daxilin və dərinliyin nə qədər pak- pakizədir. Ey Allahım, mənim qəbrimi bu məkanda qərar ver.»[17]

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 231, hədis 21
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 232-233,
Şeyx Mufid — İrşadul-qulub, c 2, səh 439-440-a istinadən
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 232-233,
Şeyx Mufid — İrşadul-qulub, c 2, səh 439-440
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 232-233,
Şeyx Mufid — İrşadul-qulub, c 2, səh 439-440
[5] Nəcəfdə yerləşir
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 232-233,
Şeyx Mufid — İrşadul-qulub, c 2, səh 439-440
[7] Şeyx Kulyeni — Usuli-kafi, c 3, səh 243, hədis 1
[8] Şeyx Tusi – Əmali, səh 214, hədis 22
[9] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 10, hədis 1
[10] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 10, hədis 2
[11] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 10, hədis 3
[12] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 261, hədis 13,
Şeyx Tusi — Təhzib, c 6, səh 34, hədis 14
[13] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 261, hədis 12
[14] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 252, hədis 47
[15] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 69, səh167, hədis 4
[16] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 9, səh 34, hədis 5
[17] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 9, səh 34, hədis 5

Читайте также: