Müstəhəb namaz: Hacət namazı 7
Bu hacət namazını bir çox alimlər, o cümlədən Şeyx Mufid, Şeyx Tusi və Seyid ibn Tavus İmam Sadiqdən (ə) nəql edibdirlər. Seyid ibn Tavusun nəql etdiyi hədisə əsasən bu namazın qaydası aşağıdakı kimidir:
Allahdan mühüm bir hacətin olduğu vaxt çərşənbə, cümə axşamı və cümə günləri olmaq şərtilə 3 gün ardıcıl oruc tut. Cümə günü yetişdikdə qüsl ver və əyninə təmiz paltar geyin. Evinin damına çıx və orada 2 rəkət namaz qıl. Namazdan sonra əllərini göyə açıb, bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni hələltu bisahətikə limə`rifəti bivəhdaniyyətikə və səmədaniyyətik, və ənnəhu la qadirən əla qəzai hacəti ğəyruk, və qəd əlimtə ya rəbbi ənnəhu kulləma təzahərət ni`mətukə ələyyəştəddət faqəti iləyk, və qəd tərəqəni həmmu *kəza və kəza | İlahi, Sənin dərgahına gəlmişəm, çünki mən Sənin yeganəliyin, ehtiyacsızlığın və hacətlərimi Səndən başqasının rəva etməyə qadir olmadığınla tanışam! Ey Rəbbim, yaxşı bilirəm ki, Sənin nemətini nə qədər çox görürəmsə, Sənə ehtiyacım bir o qədər də artır! İndi də filan və filan hadisələr mənə üz gətirib! | اللَّهُمَّ اِنّي حَلَلْتُ بِسَاحَتِكَ لِمَعْرِفَتي بِوَحْدَانِيَّتِكَ وَ صَمَدَانِيَّتِكَ وَ اَنَّهُ لا قَادِراً عَلَى قَضَاءِ حَاجَتي غَيْرُكَ، وَ قَدْ عَلِمْتُ يَا رَبِّ اَنَّهُ كُلَّمَا تَظَاهَرَتْ نِعْمَتُكَ عَلَيَّ اشْتَدَّتْ فَاقَتي اِلَيْكَ، وَ قَدْ طَرَقَني هَمُ كَذَا وَ كَذَا |
*“Kəza və kəza” sözlərinin yerinə öz hacətlərini de və davam et:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Və əntə bikəşfihi alimun ğəyru muəlləm, vasiun ğəyru mutəkəllif, fəəs`əlukə bismikəlləzi vəzə`təhu ələl cibali fənusifət, və vəzə`təhu ələs səmavati fənşəqqət, və ələn nucumi fəntəsərət, və ələl ərzi fəsutihət, əs`əlukə bil həqqilləzi cəəltəhu ində Muhəmmədin səlləllahu ələyh və alih, və ində Əliyyin vəl Həsəni vəl Husəyn, və Əliyyin və Muhəmmədin və Cə`fərin və Musa, və Əliyyin və Muhəmmədin və Əliyyin və Həsən, vəl Huccəti ələyhimus səlam, ən tusəlliyə əla Muhəmmədin və əhli bəytih, və ən təqziyə li hacəti və tuyəssirə li əsirəha, və təkfini muhimməha, fəin fəəltə fələkəl həmd, və in ləm təf`əl fələkəl həmdu ğəyru cairin fi hukmik, və la muttəhəmin fi qəzaik, və la haifin fi ədlik | Sən müəllimsiz onu aradan qaldırmaq yolunu bilir və zəhmətsiz onu aradan qaldırmağa qadirsən. Səndən dağlara qoyduqda onları dağıdan, səmalara qoyduqda onları bir-birindən ayıran, ulduzlara qoyduqda onları tökən və yerə qoyduqda onu genişləndirən adların vasitəsilə istəyirəm; Səndən Muhəmməd, Əli, Həsən, Hüseyn, Əli, Muhəmməd, Cəfər, Musa, Əli, Muhəmməd, Əli, Həsən və Höccət (həzrət Mehdi) (salam olsun onlara) yanında qoyduqlarının xatirinə istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən, hacətimi rəva edəsən, onun çətinliyini aradan qaldırasan və mühüm hissəsində mənə kifayət edəsən! Əgər hacətimi rəva etsən, onda həmd olsun Sənə! Əgər rəva etməsən də, yenə həmd olsun Sənə! Sənin hökmündə zülm və ədalətində cəfa ola bilməz! | وَ اَنْتَ بِكَشْفِهِ عَالِمٌ غَيْرُ مُعَلَّمٍ، وَاسِعٌ غَيْرُ مُتَكَلِّفٍ، فَاَسْئَلُكَ بِاسْمِكَ الَّذي وَضَعْتَهُ عَلَي الْجِبَالِ فَنُسِفَتْ، وَ وَضَعْتَهُ عَلَي السَّمَاوَاتِ فَانْشَقَّتْ، وَ عَلي النُّجُومِ فَانْتَثَرَتْ، وَ عَلَي الاَرْضِ فَسُطِحَتْ، اَسْئَلُكَ بِالْحَقِّ الَّذي جَعَلْتَهُ عِنْدَ مُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَ، آلِهِ وَ عِنْدَ عَلِيٍّ وَ الْحَسَنِ وَالْحُسَيْنِ، وَ عَلِيٍّ وَ مُحَمَّدٍ، وَ جَعْفَرٍ وَ مُوسَى، وَ عَلِيٍّ وَ مُحَمَّدٍ، وَ عَلِيٍّ وَالْحَسَنِ، وَ الْحُجَّةِ عَلَيْهِمُ السَّلامُ، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ، وَ اَنْ تَقْضِيَ لي حَاجَتي وَ تُيَسِّرَلي عَسيرَهَا، وَ تَكْفِيَني مُهِمَّهَا فَاِنْ فَعَلْتَ فَلَكَ الْحَمْدُ، وَ اِنْ لَمْ تَفْعَلْ فَلَكَ الْحَمْدُ غَيْرُ جَائِرٍ في حُكْمِكَ، وَلا مُتَّهَمٍ في قَضَائِكَ، وَلاحَائِفٍ في عَدْلِكَ |
Üzünü yerə qoyub belə deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə Yunusəbə Mətta əbduk, dəakə fi bətnil huti və huvə əbdukə fəstəcəbtə ləh, və ənə əbdukə əd`ukə fəstəcib li | İlahi! Bəndən Yunus ibn Mətta balığın qarnında Səni çağırdı. O, Sənin bəndən idi və ona cavab verdin. Mən də Sənin bəndənəm və Səni çağırıram. Elə isə mənə cavab ver! | اللَّهُمَّ اِنَّ يُونُسَ بْنَ مَتَّى عَبْدُكَ، دَعَاكَ في بَطْنِ الْحُوتِ وَ هُوَ عَبْدُكَ فَاسْتَجَبْتَ لَهُ، وَ اَنَا عَبْدُكَ اَدْعُوكَ فَاسْتَجِبْ لي |
İmam Sadiq (ə) buyurubdur: “Mənim Allahdan bir hacətim olanda bu duanı oxuyub, öz hacətimi Ondan diləmişəm və hacətim də rəva olubdur.”[1]
Şeyx Abbas Qumi deyir Seyid ibn Tavus “Cəmalul-usbu” adlı kitabında öz oxucularına belə bir məzmunda tövsiyə edibdir: “Dünya hökmdarlarından müəyyən bir ehtiyacını istədikdə, onun qarşısında kiçildiyin kimi, Allah Taaladan da hacətini istədiyin vaxt onun qarşısında elə (ya ondan da artıq) kiçil. Dünya hökmdarlarından bir ehtiyacını istədiyin vaxt hər bir yolla onların razılığını əldə etməyə səy göstərdiyin kimi, Allahdan da bir hacətini istədikdə, Onun razılığını əldə etməyə səy göstər. Elə olmasın ki, dünya hökmdarına Allahdan daha çox kiçiləsən. Bu halda, sən, həlak olanların sırasında və istehza edənlərdənsən. Necə ola bilər ki, bəndənin razılığını əldə etmək, Allahın razılığını əldə etməkdən sənin üçün daha mühüm olsun?! Əgər sən, Allahın məxluqu sayılan dünya hökmdarlarının məqamını Allahın məqamından uca tutursansa, deməli, sən, Allahı istehza edib, Onun əzəmət və cəlalətini alçatmısan və Ondan üz döndərmisən. Odur ki, heç vaxt namaz qılıb, oruc tutmaqla sənin hacətin rəva olmaz. Heç vaxt Allahı imtahandan keçirtmək məqsədilə müəyyən bir hacətinin rəva olması üçün namaz qılıb, oruc tutma. Çünki insan, həmişə bədgüman olduğu bir fərdi imtahandan keçirir. Allah Taala, Onun barəsində bədgüman olanları məzəmmət edərək, buyurur: “Yəzunnunə billahi zənnəs səv`i ələyhim dairətus səv.” İnsan, Allahın rəhmətinə və Onun verdiyi vədələrə qarşı tam əmin olmalıdır. Allahdan bir hacət istədikdə, onun rəva olmasına Hatəmdən bir at pişkeş alacağından, daha çox ümidvar ol! Çünki bilirsən ki, əgər Hatəmdən bir at istəsən, o, bir yolla bu atı tapıb, sənə bağışlayacaqdır. Bil ki, Hatəm üçün bir at, dəyərsiz və kiçik bir şey olduğu kimi, sənin istəyin Allahın dərgahında ondan da kiçikdir. Odur ki, Allaha olan etimadını hər şeydən üstün tutmalısan.
Həmçinin, tövsiyə olunur ki, hacət namazını və ya orucunu ilk növbədə ən mühüm dini hacətlər üçün yerinə yetirəsiniz və bilin ki, dini hacətlər içərisində ən mühüm hacət, himayəti və hidayəti altında olduğun imam Zamanın (ə.f) hacətləridir. Odur ki, ilk növbədə o həzrətin hacətlərinin rəva olması üçün, sonra öz hacətinin rəva olması üçün hacət namazı qılıb, oruc tutmaq lazımdır.
Məsələn, zalım bir şəxs səni öldürməyə cəhd göstərir və sən də onun şərrindən xilas olmaq üçün hacət orucu tutursan. Lakin bilməlisən ki, sənin üçün ondan da mühüm, dini bir hacət sayılan Haqq Taalanın səndən razılığı və Onun əfvinə şamil olmaqdır. Həmçinin, sənin üçün ən mühümü budur ki, O, sənə nəzər salsın və sənin əməlini qəbul etsin. Çünki sən, əgər öldürülsən, dünyadan əlin üzüləcəkdir, bir halda ki, əsas imanın kamil olmasıdır. Bundan əlavə əgər o zalım şəxs, səni öldürməyə nail ola bilməsə də, əvvəl-axır bu dünyadan köçəcəksən, amma əgər Allahın razılığını və əfvini əldə edə bilməsən, həm bu dünyada və həm də axirətdə həlak olanlar sırasında olacaqsan. Həmçinin, gümanından keçməyən çətinliklərə düçar olacaqsan.
İmam Zamanın (ə.f) hacətlərini öz hacətlərindən ona görə irəli tutmalısan ki, dünya və onun əhli o həzrətin vücudunun sayəsində yaşayır. Mümkündürmü ki, insanın vücüdu başqa bir nəfərin vücudunun sayəsində amanda qalsın, lakin şəxs, öz hacətlərin onun hacətlərindən irəli tutsun?! Hətta demək olar ki, İmam Zamanın (ə.f) hacətlərini öz hacətlərimizdən müqəddəm tutmaq, bizə vacibdir. Bunu da bilin ki, o həzrətin bizim namaz və orucumuza heç bir ehtiyacı yoxdur, lakin bununla biz, öz itaətkarlığımızı göstərir və dini bir vəzifəmizi yerinə yetirmiş oluruq. Hər bir duamızı məsumlara (ə) salavat göndərərək, başladığımız kimi, onların hacətlərini də özümüzdən müqəddəm tutmalıyıq.
Mənbə: [1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 330,
Şeyx Səduq — Fəqih, c 1, səh 557, hədis 1543,
Şeyx Mufid — Muqənnə`ə, səh 220,
Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 324 (cüzi fərqlə).
