Ziyarətnamə: Ziyarətin ədəb qaydaları — 1-ci hissə

Print Friendly, PDF & Email

Bunlar həddindən artıq çoxdur. Biz bunlardan bir necəsini 2 məqalədə qeyd edəcəyik:

1) Səfərə çıxmazdan əvvəl qüsl almaq. Təharətli olmaq lazımdır, yəni əgər zəvvarın boynunda vacib qüsl varsa, qüsl etməlidir. Bir gün Əbu Bəsir cənabətli halda İmam Sadiqin (ə) yanına gedir. İmam (ə) ona buyurur: «Məgər bilmirsənmi ki, cənabətli şəxs nəbilərin (övliyaların) evinə daxil olmamalıdır?» Ravi deyir ki, bu sözləri eşidən Əbu Bəsir geri qayıtdı, biz isə o həzrətin evinə daxil olduq.[1]
Nəzərə alsaq ki, Həzrət Rəsulallahı (s) və ya Məsum İmamı (ə) sağlığında və ya vəfat etdikdən sonra ziyarət etmək arasında bir fərq yoxdur, deməli, onların pak hərəmləri ilə evləri arasında da bir fərq yoxdur.
Ziyarət qüslü etmək tövsiyə olunur. Qüsl edərkən (və ya qüsldən sonra) bu duanı oxuyun:

Ziy_14

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi, Əllahumməc`əlhu li nurən və təhurən və hirzən və şifaən min kulli dəin və əfətin və əhətin. Əllahummə təhhir bihi qəlbi, vəşrəh bihi sədri və səhhil bihi əmri.Allahın adı ilə və Allahın köməkliyi ilə. Ey Allahım, onu nur, paklıq və qoruyan, hər dərdə, bəlaya və eybə şəfa qərar ver. Ey Allahım, bu qüsl ilə qəlbimi pak, ürəyimi şad və işimi asan et!ِسْمِ اللهِ وَ بِاللهِ، اَللّٰهُمَّ اجْعَلْهُ لِى نُورًا وَ طَهُورًا وَ حِرْزًا وَ شِفَاءً مِنْ كُلِّ دَاءٍ وَ ءَافَةٍ وَ عَاهَةٍ. اَللّٰهُمَّ طَهِّرْ بِهِ قَلْبِى، وَ اشْرَحْ بِهِ صَدْرِى، وَ سَهِّلْ بِهِ اَمْرِى

2) Kim istəyirsə ki, Məsum İmam (ə) onu öz ziyarətinə çağırsın və ona ziyarət izni versin, hər kimi incidibsə və hər kimin qəlbinə dəyibsə, ondan halallıq almalıdır, xüsusilə də, İmamın (ə) dostu olan kimsələrdən. Bu mövzuya dair saysız hədislər vardır, o cümlədən, İbrahim Cəmmal (sarban) ilə İmam Kazimin (ə) ən yaxın dostlarından olan Əli ibn Yəqtinin (o, İmamın (ə) icazəsi ilə və məzlumların himayəsi üçün Harun ər-Rəşidin vəziri olmuşdu) hekayətini misal çəkmək olar. Əli ibn Yəqtin onunla görüşmək istəyən İbrahim Cəmmala görüş icazəsi vermədiyi üçün İmam Kazim (ə) də Əli ibn Yəqtinə onunla görüşməsinə icazə verməyib buyurur: «O kişinin qəlbini qırdığın üçün Allah sənin ziyarətini qəbul etmədi.» Bunun üçün Əli ibn Yəqtin İbrahim Cəmmalın yanına gedir və ona qarşı hədsiz təvazökarlıq göstərərək halallıq istəyir. Bundan sonra İmam Kazim (ə) Əli ibn Yəqtinə görüş icazəsi verir və əməllərinin qəbul olunduğu ilə onu müjdələyir.[2]
3) Həqqun-nası (camaatın haqqını), xüms və zəkatı – xüsusilə də, həcc ziyarətində — vermək lazımdır. Çünki insanın malı halal olmayınca, nə o mal ilə yerinə yetirilən əməl düzgündür, nə də ki insan Allaha yaxın ola bilər.
4)  Hər bir imam üçün ayrıca qüsl almaq və hər bir imama aid olan duanı oxumaq.
5) Hərəmdə məxsus ziyarətnaməni oxuyursan və halınız olmadıqda qısaca salam deyin, sonra 2 rəkət namaz qılın və onu qəbir sahibinə hədiyyə edin. Daha sonra istəklərinizi deyin. Rəvayətlərin birində Əbdur-Rəhim Quseyrin belə dediyi nəql olunur: «İmam Sadiqin (ə) yanına gedib dedim: «Sənə qurban olum, özümdən bir dua yazmışam.» İmam Sadiq (ə) buyurdu: «Yazdığını qoy kənara! Bir istədiyin olduğu vaxt Rəsulallaha (ə) üz tut, 2 rəkət namaz qılıb ona hədiyyə et…»[3]
6) Ziyarətdən sonra ziyarət namazı qılınır. Ziyarət namazı ən azı 2 rəkətdir. 1-ci rəkətdə «Həmd» surəsidən sonra «Yasin» surəsini, 2-ci rəkətdə «Həmd» surəsindən sonra «Ər-Rəhman» surəsini oxumaq daha yaxşıdır.[4] Yaxşı olar ki, ziyarət namazı qəbrin baş tərəfində qılınsın.[5] Namazı qılıb qurtardıqdan sonra din və dünya işləriniz üçün dua edin. Başqaları üçün də dua edin ki, bu, dualarınızın müstəcab olmasına səbəb olar. Bu mətləb (yəni ziyarət namazını qəbrin baş tərəfində və ya arxasında dayanıb qılmaq) Əbu Həmzə Sumalinin İmam Hüseynin (ə) ziyarəti barədə olan rəvayətində vurğulanmışdır. Lakin mərhum Şəhid-əvvəl «Durus» kitabında Məsum İmamların (ə) hamısının ziyarəti barədə deyir: «Əgər Həzrət Rəsulallahı (s) ziyarət edirsə, bu 2 rəkət ziyarət namazını qəbrin yerləşdiyi məkanda qılsın. Amma əgər Məsum İmamlardan (ə) birini ziyarət edirsə, bu namazı qəbrin baş tərəfində dayanıb qılsın. Onu ziyarət məkanının məscidində də qılmaq olar».[6]
7) Heç şübhəsiz, sadəcə İmamın (ə) hüzurunda dayanmaq və ya zərihin müqabilində ədəblə əyləşmək ziyarət hesab olunur, necə ki, sadəcə: «Əs-salamun alaykum»[7]
8) Böyük və kiçik hədəsdən (ayaqyoluna getmək) pak olmaq.
9) Zəvvar təmiz, təzə  və ziyarətə layiq paltar (yaxşı olar ki, ağ rəngdə olsun) geyinsin, həmçinin ətirlənsin. Ziyarət zamanı Allahı zikr etsin, Ona.
10) Müqəddəs yerlərə gedərkən addımları qısa, vüqarla, xuşu və xuzu ilə atmaq. Başı aşağı salmaq, o yan-bu yanana diqqət yetirməmək.
11) İmam Hüseynin (ə) ziyarətində başqa bütün ziyarətlər üçün ətirlənmək.
12) Ziyarətgahlara gedərkən dilində «Əllahu Əkbər», «Əlhəmdulillah», «Subhanəllah» və s. kimi zikrləri olmaq. Çoxlu həmd-səna desin, Muhəmmədə (s) və onun Əhlibeytinə (ə) salam söyləsin salavat çevirmək və ağızı ətirli etmək.
13) Ziyarətgahın darvazasında dayanıb daxilolma izni istəmək.  Böyük alim «Şəhid-Əvvəl» (bu ləqəblə tanınır) «Durus» kitabında[8] qeyd edir ki, hərəmin qapısı ağzında dayanın və içəriyə daxil olmaq üçün izacə istəyin (yaxud «izni-duxul»u oxuyun).
Kövrəlməyə, Allahın qüdrət və əzəmətini dərk edib təsəvvür etməyə səy elə və bilməlisən ki, bu məqbərənin, hərəmin sahibi səni eşidir, görür, səni duyur və sənin salamlarını cavabsız qoymur. Bunların hamısına ziyarət edən şəxs daxilolma iznini oxumaqla şəhadət verir. İmamların bizə göstərdiyi lütf və məhəbbətdə fikirləşmək, onlara, onların yaxınlarına qarşı  etdiyimiz pis əməllərə acımaq. Əgər həqiqətən bunları fikirləşsə, ayaqları daha yol gedə bilməz, qəlbinə qorxu düşər və gözləri yaşla dolar. Ədəb qaydasının ən əsası budur.
Burada yaxşı olar ki, biz Səxavinin şeirini və Əllamə Məclisinin «Biharul-ənvar» kitabında  «Uyunul-mucizat» kitabından nəql etdiyi hədisi burada gətirək. Səxavinin şeiri belədir:
Dedilər: «Sabah onların toxunulmaz diyarına çatacağıq.» Karvan əmin-amanlıq mənzilinə daxil olur. Şəhərin rəhbəri sübh çağı onları görcək sevinib şad olacaq. Mən dedim: «Mən günahkaram, bəs, mənim çarəm nədir və hansı üzlə onların görüşünə gedim?» Dedilər: «Onların səciyyəsi onlara ümid bəsləyən şəxsi bağışlamaq deyilmi?» Bu zaman gah onlara ümid etdiyim, gah da onlardan qorxduğum halda, onların olduqları evin qapısına doğru tələsdim və onların hüzuruna getdim!
Amma deyilən hədisdə əhvalat belə olmuşdur: «İbrahim Cəmmal adlı bir şiə Əli ibn Yəqtinin hüzuruna getmək istəyir. İbrahim Cəmmal dəvə otaran, Əli ibn Yəqtin isə Harunər-Rəşidin vəziri olduğundan, İbrahim Cəmmalı Əli ibn Yəqtinin təşkil etdiyi məclisə buraxmırlar. Təsadüfən, elə həmin ildə Əli ibn Yəqtin həccə gedib, Mədinədə imam Musa ibn Cəfəri (ə) görmək istədikdə, İmam (ə) ona görüş icazəsi vermir. İkinci gün, Əli ibn Yəqtin evin qapısı arxasında İmamı görüb deyir: «Ey mənim sərvərim! Günahım nədir ki, məni görüşünüzə buraxmırsınız?» İmam (ə) buyurur: «Səbəbi budur ki, qardaşın İbrahim Cəmmalı məclisinə buraxmadın. Buna görə də İbrahim Cəmmal səni bağışlamayınca, Allah taala sənin həccini qəbul etməyəcəkdir.» Əli ibn Yəqtin deyir ki, mən o həzrətə dedim: «Ey mənim sərvərim! Axı mən indi İbrahimi necə görə bilərəm? Mən Mədinədəyəm, o isə Kufədədir!» İmam buyurdu: «Gecə vaxtı (dostlarından və xidmətçilərindən heç kimi aparmadan) tək-tənha «Bəqi» qəbiristanlığına gedib, orada bir dəvə görəcəksən. Həmin dəvəyə minib, Kufəyə gedərsən.» Əli ibn Yəqtin həmin «Bəqi» qəbiristanlığına gedib, həmin dəvəyə mindi və qısa vaxt ərzində Kufədə İbrahim Cəmmalın evinin qapısı arxasında hazır oldu. Dəvəni yatızdırıb, qapını döydü. İbrahim: «Kimdir?» – dedikdə, Əli ibn Yəqtin dedi: «Mənəm, Əli ibn Yəqtin!» İbrahim Cəmmal dedi: «Sənin burada nə işin vardır?» Əli ibn Yəqtin dedi: «Eşiyə çıx, səninlə mühüm bir işim var!» Nəhayət, Əli ibn Yəqtin, İbrahim Cəmmala and verdi ki, evə girmək üçün ona icazə versin. Əli ibn Yəqtin evə daxil olub dedi: «Ey İbrahim! İmamın buyurduğuna görə, sən məni bağışlamayınca, Allah taala mənim həccimi, əməllərimi qəbul etməyəcək.» İbrahim dedi: «Allah səni bağışlasın!» Bundan sonra Əli ibn Yəqtin üzünü torpağa qoyub, İbrahimə and verdi ki, ayağı ilə onun üzünü tapdalasın. Lakin İbrahim bu işi görməkdən imtina etdikdə, Əli ibn Yəqtin yenə də and verdi. Nəhayət, İbrahim Cəmmal ayağını onun üzünə qoydu və Əli ibn Yəqtinin qürurunu üzünü tapdalamaqla sındırdı. Bu zaman Əli ibn Yəqtin deyirdi: «İlahi! Özün şahid ol!» Əli ibn Yəqtin, İbrahimin evindən çıxıb, dəvəyə mindi və elə həmin gecə də Mədinəyə qayıtdı. Beləliklə, imam Musa ibn Cəfərin (ə) hüzuruna gedib, o həzrətdən görüş icazəsi istədi və Həzrət ona icazə verdi.
Bu rəvayəti mülahizə etdikdə, müsəlman qardaşların bir-birlərinin üzərindəki hüquqları insana aydın olur.

Məqalənin ardı 2-ci hissədə

Mənbələr:
[1] Qurbul-əsnad, s.21; Biharul-ənvar, c.97, s.126, hədis: 2.
[2] Müraciət edin: Biharul-ənvar, c.48, s.85, hədis: 105.
[3] Usuli-kafi, c.3, s.476, hədis: 1.
[4] Biharul-ənvar, c.98, s.186. Hədislərin zahirindən belə başa düşülür ki, bu 2 rəkət namaz hər bir Məsum İmamın (ə) ziyarətində qılınır.
[5] Biharul-ənvar, c.98, s.186.
[6] Biharul-ənvar, c.97, s.134, “Durus” kitabı c.2, s.23-ə istinadən.
[7] Biharul-ənvar, c.97, s.134, “Durus” kitabı, c.2, s.23-ə istinadən.
[8] Biharul-ənvar, c.97, s.134, “Durus” kitabı, c.2, s.22-ə istinadən.

Читайте также: