Müstəhəb namaz: Məsuma (ə) hədiyyə namazı
Məsumlara (ə) hədiyyə namazı (namazın savabını hədiyyə etmək nəzərdə tutulur), məsum imamlardan (ə) rəvayət olunubdur və aşağıdakı qaydadadır: Hədiyyə namazı cümə günündən başlayaraq 2 həftə ərzində hər gün ardıcıl olaraq məsumlardan biri üçün qılınır.
1) Cümə günü 8 rəkət (2 rəkət-2 rəkət) namaz qıl. Onun 4 rəkətinin savabını Həzrət Rəsulallaha (s) və 4 rəkətinin savabını Xanım Fatimə-Zəhraya (s.ə) hədiyyə et.
2) Şənbə günü 4 rəkət namaz qıl və onun savabını Əmirəl-möminin Əliyə (ə) hədiyyə et.
3) Bazar günü 4 rəkət namaz qılıb onun savabını İmam Həsənə (ə), bazar ertəsi günü 4 rəkət namaz qılıb onun savabını İmam Hüseynə (ə), çərşənbə axşamı 4 dörd rəkət namaz qılıb onun savabını İmam Zeynul-abidinə (ə), çərşənbə günü 4 rəkət namaz qılıb onun savabını İmam Baqirə (ə), cümə axşamı günü 4 rəkət namaz qılıb onun savabını İmam Sadiqə (ə) hədiyyə et.
4) Cümə günü yenə 8 rəkət (2 rəkət-2 rəkət) namaz qılıb onun 4 rəkətinin savabını Həzrət Peyğəmbərə (s) və 4 rəkətinin savabını Xanım Fatimə-Zəhraya (s.ə) hədiyyə et.
5) Şənbə günü 4 rəkət namaz qılıb onun savabını İmam Kazimə (ə), bazar günü 4 rəkət namaz qılıb onun savabını İmam Rzaya (ə), bazar ertəsi günü 4 rəkət namaz qılıb onun savabını İmam Cavada (ə), çərşənbə axşamı günü 4 rəkət namaz qılıb onun savabını İmam Hadiyə (ə), çərşənbə günü 4 rəkət namaz qılıb onun savabını İmam Həsən Əskəriyyə (ə), cümə axşamı günü 4 rəkət namaz qılıb onun savabını İmam Zamana (ə.f) hədiyyə et.
Bu namazların hər 2 rəkətindən sonra bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntəs səlam və minkəs səlam və iləykə yəudus səlam, həyyina rəbbəna minkə bis səlam, | İlahi, salam Sənsən, salam (sağlamlıq) Sənin tərəfindəndir və Sənə doğru da qayıdacaq. Ey bizim Rəbbimiz, Öz tərəfindən bizə salam (sağlamlıq) göndər! | اللَّهُمَّ اَنْتَ السَّلامُ، وَ مِنْكَ السَّلامُ وَ اِلَيْكَ يَعُودُ السَّلامُ، حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلامِ |
| Əllahummə innə hazihir rəkəati hədiyyətun minna ila vəliyyik (fulan), | İlahi, bu neçə rəkət namaz bizim tərəfimizdən filan nümayəndənə (və ya dostuna) hədiyyədir! | اللَّهُمَّ اِنَّ هاذِهِ الرَّكَعَاتِ هَدِيَّةٌ مِنَّا اِلَى وَلِيِّكَ، فُلان |
| fəsəlli əla Muhəmmədin və alihi və bəlliğhu iyyaha, və ə`tini əfzələ əməli və rəcai fik, və fi rəsulikə sələvatukə ələyhi və alihi və fihi | Elə isə Məhəmməd və onun Əhli-beytinə salam yetir, bunları ona çatdır, məni Özün və Rəsulunla (Allahın salamı olsun ona və Əhli-beytinə) bağlı ən yaxşı arzu və ümidimə yetir! | فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ بَلِّغْهُ اِيَّاهَا، وَاَعْطِني اَفْضَلَ اَمَلي وَ رَجَائي فيكَ، وَ في رَسُولِكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فيهِ |
*“Fulan”sözünün yerinə hədiyyə göndərdiyin imamın adını de.
Sonra istədiyin duanı et.[1]
Mənbə:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 322
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 217
