Ziyarətnamə: Kufə şəhəri və Kufə məscidinin fəzilətləri
Kufə şəhərinin fəziləti:
Baxmayaraq ki, Kufə camaatının böyük əksəriyyəti vəfasız, daşürəkli, qorxaq insanlar olmuşlar və şiələrin yaddaşında Kufə şəhərindən çox acı xatirələr qalmışdır, amma unutmamalıyıq ki, İmamların (ə) ən yaxın və vəfalı dostlarının, böyük şəxsiyyətlərin əksəriyyəti də elə bu şəhərdən olmuşdur. Bu səbəbdən Kufə şəhərinin fəziləti və əzəməti barədə saysız hədislər vardır. O cümlədən:
1) Kufə Allah-Təalanın seçdiyi dörd şəhərdən biridir.[1]
2) Allah-Təalanın “Bələd” surəsində and içdiyi “Turi Sinin”, təfsirçilərin rəyinə görə bu məntəqədir.[2]
3) Bu məntəqə Allahın, Rəsulallahın (s) və Əmirəlmöminin Əlinin (ə) hərəmi hesab olunmuşdur.[3]
4) Bu şəhərdə verilən bir dirhəm sədəqə başqa yerlərdə verilən 100 dirhəm sədəqəyə bərabərdir.[4]
5) Bu şəhərdə qılınan 2 rəkət namaz başqa yerlərdə qılınan 100 rəkət namaza bərabərdir.[5]
6) Bu məntəqə cənnət bağlarından biridir, belə ki, orada Nuhun (ə), İbrahimin (ə) və canişinlərin sərvəri Əmirəlmöminin Əlinin (ə) qəbri yerləşir.[6] (Bu hədisdən belə başa düşülür ki, Kufə bu kimi hədislərdə Nəcəfə də şamil olur.)
Kufə məscidinin fəziləti:
Kufə məscidinin fəziləti, orada namaz qılmaq və ibadət etmək barəsində də saysız hədislər vardır. O cümlədən:
1) Əbu Həmzə Sumali nəql edir ki, günlərin birində İmam Səccad (ə) Mədinədən məhz Kufə məscidini ziyarət etmək üçün Kufəyə tərəf hərəkət etdi. O, Kufəyə çatıb oranın məscidində iki rəkət namaz qıldı, sonra miniyinə süvar olub yenidən Mədinəyə qayıtdı.[7]
2) Hədislərin birində Əmirəlmöminin Əli (ə) buyurur ki, min peyğəmbər və min peyğəmbər canişini Kufə məscidində namaz qılmışdır.[8]
3) Hədislərin birində İmam Sadiq (ə) buyurmuşdur: “Əgər mən Kufə məscidinin yaxınlığında olsaydım, ümid edirəm ki, bir namazımı belə oradan qeyri yerdə qılmazdım.” Sonra o həzrət üzünü bu hədisin ravisinə tutub deyir: “Kufə məscidinin fəzilətindən xəbərdarsanmı?” Ravi: “Xeyr” – deyə cavab verir. Bu vaxt o həzrət buyurur: “Bütün saleh bəndələr və peyğəmbərlər Kufə məscidində namaz qılmışlar. Hətta Rəsulallah (s) meraca getdiyi vaxt Cəbrail o həzrətə buyurdu: “Ey Muhəmməd, heç bilirsənmi indi haradasan?” Rəsulallah: “Xeyr” – deyə buyurdu. Cəbrail ərz etdi: “İndi sən Kufə məscidinin üstündəsən.” Rəsulallah (s) buyurdu: “Onda Rəbbindən icazə al ki, enib orada namaz qılaq.” Cəbrail icazə aldı və Rəbbi də ona icazə verdi. Rəsulallah enib orada 2 rəkət namaz qıldı.” İmam Sadiq (ə) sözünə əlavə etdi: “Burada qılınan vacib namaz 1000 namaza, müstəhəb namaz isə 500 namaza bərabərdir. Onun dörd bir tərəfində cənnət bağlarından biri yerləşir. Orada namaz qılmadan və zikr demədən sadəcə əyləşmək belə ibadətdir.”[9]
4) İmam Sadiq (ə) buyurub: “Əmirəlmöminin Əli (ə) “Məscidul-əqsa”da ibadət etməyin savabını qazanmaq məqsədilə səfərə hazırlaşan və xudahafizləşmək üçün Kufə məscidində o həzrətin hüzuruna gələn bir kişiyə belə buyurdu: “Yol tədarükünü sat və gəl bu məsciddə namaz qıl. Burada qılınan vacib namaz bir qəbul olunmuş həccə, müstəhəb namaz isə bir qəbul olunmuş umrəyə bərabərdir… Bu məsciddə hər bir kədərli və dərdlinin etdiyi dua, dilədiyi diləyi Allah həyata keçirir və onun çətinliyini həll edir”.[10]
5) Əmirəlmöminin Əlinin (ə) buyurduğu hədisə istinadən Kufə məscidi Həzrət Adəmin (ə), Həzrət Nuhun (ə), Həzrət İdrisin (ə) evi, Həzrət İbrahimin (ə) və Həzrət Xızırın (ə) namaz məkanı olmuşdur. Bu məscid Allahın secdiyi dörd məsciddən biridir və Qiyamət günü orada namaz qılanlara şəfaət edəcəkdir; özü də geri qaytarılmayan bir şəfaət. Kufə məscidi Həzrət Məhdinin (ə.f) də namaz məkanıdır. Yer üzündə elə bir mömin tapılmaz ki, bu məsciddə namaz qılmağa can atmasın.[11]
6) Kufə məscidi dörd məkandan biridir ki, müsafir orada seçim edə bilər: namazını tam və ya qəsr qıla bilər. İmam Sadiq (ə) buyurmuşdur: “Allahın xizinəsində olan elmlərdən biri də dörd məkanda namazı tam qılmaqdır: Allahın hərəmində (Məscidul-həram), Rəsulallahın (s) hərəmində, Əmirəlmöminin Əlinin (ə) hərəmində, Hüseyn ibn Əlinin (ə) hərəmində”.[12]
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 392 , hədis 20
Şeyx Səduq — Xisal, c 1, səh 225, hədis 58
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 392 , hədis 20
Şeyx Səduq — Xisal, c 1, səh 225, hədis 58
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 400, hədis 51
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 29, hədis 8
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 399, hədis 42
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 27, hədis 2
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 399, hədis 42
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 27, hədis 2
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 405, hədis 61,
Seyid ibn Tavus — Fərəhətul-ğura, səh 69
[7] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 27, hədis 1
[8] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 28, hədis 5
[9] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 28, hədis 6
[10] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 8, səh 32, hədis 18
[11] Şeyx Səduq — Əmali, səh 227, hədis 8
[12] Şeyx Muhəmmədhəsən Nəcəfi — Cəvahirul-kəlam, c 14, səh 337
