İslam aylarının əməlləri: Rum ayları. Neysan suyunun (yağını) yığılma tarixi, xətmi və faydaları
Biz bu mövzuda Əllamə Məclisinin «Zadul-məad» kitabında qeyd olunanlarla kifayətlənirik. Seyid Əli ibn Tavus belə nəql edir ki, günlərin bir günü bir qrup səhabə bir yerə toplaşmışdılar ki, Peyğəmbəri-Əkrəm (s) içəri daxil olaraq onlara salam verdi və onlardan da cavabını aldı. Sonra belə buyurdu: «Mən sizə Cəbrailin mənə öyrətdiyi dərmanı öyrətmək istəyirəm. Bu dərmanla daha həkimlərin dərmanına ehtiyac qalmır.» İmam Əli (ə), Salman və başqaları bu dərmanın nə olduğunu soruşdular. Həzrət Əmirəl-möminin Əli (ə)-a xitab edərək belə buyurdu: «Rum ayı olan Neysan ayında yağışın suyundan götürürsən və ona «Həmd» surəsini, «Ayətəl-kürsi» ayələrini, «Fələq», «Nas» və «Kafirun» surələrinin hər birini 70 dəfə oxuyursan. (Başqa rəvayətdə 70 dəfə Əllahu əkbər, 70 dəfə Lə ilahə illəllah və 70 dəfə Muhəmməd və ali Muhəmmədə salavat gəlmişdir). Sonra onu 7 gün səhər (dan yeri söküləndə) ardıcıl içirsən. Məni peyğəmbərliyə seçən Allahın haqqına and içirəm ki, Cəbrail mənə belə dedi: «Allah bunu içən hər insanda bütün dərdləri götürər. Ona sağlamlıq bağışlayar. Bədənində, sümüklərində olan hər bir dərdi, hətta Lövhi-Məhfuzda yazılmış olsa belə məhv edər. Məni bura göndərən Allaha and olsun ki, əgər övladı olmasa, o sudan övladlı olmaq niyyəti ilə içsə, Allah ona övlad verər. Sonsuz qadın bu niyyətlə içsə, övlad sahibi olar. Əgər ər-arvad oğlan ya qız övladı istəsələr və bu niyyətlə içsələr, Allah onların istəklərini verər. Necə ki, Allah Təala ayədə belə buyurur: «Allah hər kimə istəsə oğlan, ya qız verər, ya da hər ikisindən onlara bəxş edər və hər kimi də istəsə, sonsuz edər.»
Sonra Həzrət buyurdu: «Hər kəsin başağrısı olsa, bu sudan içsə onun dərdi aradan gedər və əgər gözlərində dərd olsa, gözlərini bu su ilə yusa, inşaallah, Allahın izni ilə şəfa tapar. Bu sudan içdikdə isə dişlərinin dibini bərkidir, ağzının iyini aparır, diş kötüyünün suyunu və bəlğəmi azaldır. Yemək və içməklə dişə qurd düşmənin qabağını alır. Qarında qaz yığımının qarşısını alır. Bel və qarın ağrısını aparır. Daha heç vaxt soyuqdəymədən və diş ağrısından əziyyət çəkməz. Mədə ağrısı və mədə qurdundan azad olar. Hicamət etməyə daha ehtiyacı olmaz. Babasıl, qoturluq, dəlilik, suçiçəyi, xora, bədəndə ağ-ağ ləkələrin yaranması, burundan qanaxma, istifrağ, lal-kar olma, iflic, gözə sugəlmə kimi xəstəliklərə düçar olmaz. Onun orucunu yeyəcək və namazını tərk edəcək xəstəliklərə düçar olmaz. Cinlərin, şeytanın vəsvəsələrindən azad olar.
Həzrət Rəsul (s) belə buyurmuşdur: «Cəbrail dedi: «Hər kim bu sudan içsə və bütün dünyada olan xəstəliklərə mübtəla olsa, şəfa tapar.» Daha sonra Cəbrail belə buyurdu: «Sənə haqqına göndərən Allaha and olsun hər kim bu ayələri bu suya oxusa və ondan içsə, Allah Təala onun qəlbini nur, işıq, öz məhəbbəti ilə doldurar, onun qəlbinə daxil olar, hikməti dilinə cari edər, ürəyini idrak və elmlə doldurar. Ona heç kəsə verilməyən kəramətləri verər. Ona min dəfə məğfirət və min rəhmət göndərər. Onun qəlbindən xəyanət, qeybət, həsəd, təkəbbürlük, paxıllıq, hərislik qəzəb kimi pis sifətləri uzaq edər. İnsanlarla düşmənçilikdən, onların pis rəftarlarından amanda olar. Bütün xəstəliklərdən şəfa tapmağa səbəb olar.»
Şeyx Abbas Qumi deyir: «Bu məşhur hədislərin axırı Abdullah ibn Ömərə gedib çıxır. Bu səbəbdən də sənədi zəifdir. Mən Şeyx Şəhidin öz dəstixətti ilə İmam Sadiq (ə)-dan yazılmış bu xüsusiyyətləri malik bir hədis gördüm. Orada zikrlər isə bu tərtiblə rəvayət olunmuşdur; Neysan suyuna «Həmd» surəsini, «Ayətül-kürsü» ayələrini, «Kafirun», «Əla», «Fələq», «Nas» və «İxlas» surələrinin hər birini 70 dəfə oxusun. Sonra 70 dəfə La ilahə illəllah, 70 dəfə Allahu Əkbər, 70 dəfə Salavat və 70 dəfə Təsbihati ərbəəni oxusun.»[1] Əllamə Məclisi davamında yazır: Neysan suyuna dua və zikrləri dəstə halında oxuduqda yaxşı olar ki, hər bir fərd həmin surə və zikrlərin hamısını 70 dəfə oxusun (yəni bu surə və zikrləri öz aralarında bölüb hər biri hər hansı bir surəni 70 dəfə oxuya bilər, lakin yaxşı olar ki, onların hər biri bu surə və zikrlərin hamısını 70 dəfə oxusun).[2]
Onu xüsusiyyətlərindən birində belə yazırlar ki, əgər bir şəxs zindanda məhbus ola və bu sudan içə, tezliklə azad olar. Onun fiziki formasına heç vaxt soyuq qələbə çalmaz. Deyilən bütün xüsusiyyətlər bu rəvayətdə də deyilmişdir. Bütün yağış suları bərəkətlidir. Çox faydalıdır. İstər Neysanda yağsın, istərsə də başqa aylarda. Əmirəl-möminindən mötəbər bir sənədli rəvayətdə deyilir ki, səmanın suyu sizin bədənlərinizi təmizləyən və dərdləri aradan aparandır. Necə ki, Allah Təala buyurur: «Allah sizi pak eləmək, şeytanın vəsvəsəsindən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırır.» (Ənfal surəsi, 11). Hər kim istəsə Neysan suyunun təsiri daha da çox və güclü olsun, qeyd olunan surə və zikrlərini cəm halında oxusunlar. Rum ayı olan Neysan, Novruz bayramından 23 gün keçəndən sonra başlanır və otuz gün davam edir.
İmam Sadiq (ə)-dan nəql olunur ki, əgər imkan olsa, Həziran ayının yeddisi həcamət (kürəkdən qanalma) edin. Əgər mümkün olmasa on dördündə edin. Həziran ayının əvvəli təxminən Novruz bayramından səksən dörd gün keçmişdir və o da otuz gün davam edir. Həziran ayı nəhs bir aydır. Mötəbər bir hədisdə deyilir ki, İmam Sadiq (ə)-ın hüzurunda Həziran ayının adı çəkildi, həzrət belə buyurdu: «Bu ayda Hz. Musa Bəni-İsraili nifrin elədi. Bir gecə-gündəz ərzində onlardan üç yüz min nəfər öldü. Başqa bir mötəbər sənədli rəvayətdə deyilir ki, Allah Təala Həziran ayında insanların əcəllərini daha da tezləşdirir, yəni bu ayda ölənlərin sayı daha çoxdur.
Rum ayları günəş təqvimi əsasında olan aylardır. Rum ayları ilə ilin əvvəli payız fəslinə düşür və ayların adı aşağıdakı kimidir:
— Eylul, 1-ci təşrin, 2-ci təşrin (payız ayları);
— 1-ci kanun, 2-ci kanun, şubat (qış ayları);
— Azər, neysan, əyar (yaz ayları);
— Hərizan, təmuz, ab (yay ayları).[3]
Bəzi hədislərdə bu ayların hər biri və onun günləri üçün müəyyən məqamlar bəyan olunmuşdur.[4]
Bu ayların dördünü otuz gün tuturlar, onlar; son təşrin, neysan, həziran və eylul. Şəbatdan başqa qalan yeddisini otuz bir gün tuturlar. Şəbat ayını isə üç il ardıcıl iyirmi səkkiz gün, dördüncüsünü isə Kəbisə ili deyilir, iyimi doqquz gün tuturlar. Hər il 365 və dörddə bir günə bərabərdir. Bunlar təfsilatı ilə «Biharul-ənvar» kitabında nəql olunmuşdur. Biz də hədislərdə adların çəkildiyindən burada onlar haqqında qısa məlumat verdik.
Mənbə:
[1] Əllamə Məclisi – Zadul-məad, səh 534
[2] Əllamə Məclisi – Zadul-məad, səh 534-535
[3] Bu on iki ayı şair belə nəzmə çəkmişdir:
دو تشرين و دو كانون و ﭘس آﻧﮕﻪ شباط و آذر و نيسان، ايار است
حريزان و تموز و آب و ايلول ﻧﮕﻪ دارش كه از من يادﮔار است
(Ferhəng-e Muin)
Əllamə Məclisi rum təqviminin 1-ci ayının «birinci təşrin»
olduğunu hesab etmiş və «eylul»un ilin axırıncı ayı olduğunu qeyd etmişdir.
Əllamə Məclisi — Zadul-məad, səh 535).
Bu, «Ferhəng-e Muin»dən stat gətirdiyimiz şeirlə uyğun gəlir.
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 56, səh 142-143
