TAM Namazın təqibatları
Hədislərdən əldə olunur ki, namazın təqibatı (namazın kamilləşməsinə və onun qəbul olunmasına səbəb olmaqdan əlavə) ruzinin artmasına səbəb olur.[1] Mömin namazdan sonra Allahın zikri ilə məşğul olduğu müddət ərzində sanki namaz qılmaqdadır və namazın savabını qazanır.[2] Vacib namazdan sonra dua etmək müstəhəb namazdan sonra dua etməkdən daha üstündür.[3]
Mərhum Əllamə Məclisi buyurmuşdur: “Namazın təqibatı, namazdan sonra fasilə etmədən oxunan Quran, zikr və duadır”. Yaxşı olar ki, dəstəmazlı, üzü qibləyə və oturan vəziyyətdə — təşəhüddə əyləşdiyin vəziyyətdə — namazın təqibatı ilə məşhul olasan və bu əsnada danışmayasan, xüsusilə də məğrib namazının təqibatında. Bəzi alimlər demişlər ki, namazın bütün şərtlərinə və qaydalarına onun təqibatında da riayət olunsun. Lakin belə başa düşülür ki, namazdan sonra hər hansı bir halda, hətta yol gedə-gedə Quran oxumaq, zikr və dua ilə məşğul olmağın namazın təqibatı savabı vardır.[4]
Məsum İmamlardan (ə) namazın təqibatında oxunan dünya və axirət işləri üçün saysıs dualar nəql olunmuşdur. Qeyd etdiyimiz kimi, namazın təqibatı onun kamilləşməsinə və nöqsanlarının aradan qalxmasına, həmçinin günahların bağışlanmasına, məqamın artmasına və istəklərin həyata keşməsinə səbəb olur. Burada təqibatların bir qismini nəzərinizə çatdırırıq.
Təqibat 2 qismdir:
1) Müştərək təqibat;
2) Məxsus təqibat.
Müştərək təqibatlar gündə qılınan beş namazın hamısına aiddir. Müştərək təqibatlar çox olduğu üçün biz onları 3 məqaləyə bölmüşük: 1-ci hissə, 2-ci hissə, 3-cü hissə.
Məxsus təqibatlar yalnız bir namaza məxsusdur. Məsələn, sübh namazının nafiləsi, yalnız sübh namazına məxsusdur.
Məxsus təqibatlar bunlardır:
1) Sübh namazının təqibatı
2) Zöhr namazının təqibatı
3) Əsr namazının təqibatı
4) Şam (məğrib) namazının təqibatı
5) Xiftən (işa) namazının təqibatı
Mənbələr:
[1] Şeyx Səduq — Xisal, c 2, səh 504, hədis 2,
Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 321, hədis 6
[2] Şeyx Abbas Qumi — Məfatihul-cinan, Namazın təqibatı fəsli
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 82, səh 324, hədis 17
[4] Əllamə Məclisi — Biharul-ənvar, c.82, səh 314-317 (xülasəsi)
